NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

Kondisioner: dostdurmu, düşməndirmi?

img

Yay aylarının əvəzedilməz sərinləndirici vasitəsi olan kondisioner, sadə dillə ifadə etsək, havadan od-alov yağan bu günlərdə imdadımıza yetişən mükəmməl vasitədir. Kondisioner hər nə qədər bizi isti havalardan mühafizə etsə də, bununla bərabər həm də səhhətimizdə ciddi problemlər yarada bilir. Həmin problemlərlə bağlı Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ həkim-pulmonoloqu Bəyim Abbasova ilə həmsöhbət olduq. Bəyim xanım bildirdi ki, kondisionerlər müəyyən hallarda insanların sağlamlığına mənfi təsir göstərə bilir. Belə ki çox vaxt kondisioner filtrləri vaxtaşırı təmizlənilmədiyi və ya dəyişdirilmədiyi hallarda toz gənələrinin toplanma və çoxalma mənbəyinə çevrilir. Bu da allergiya, rinit və hətta bronxial-astma kimi xəstəlik hallarının yaranmasına səbəb ola bilər. Başqa bir problem isə toz hissəciklərindən ibarət kondensatın yığılmasından qaynaqlanır. Filtrlərin üzərinə yığılan toz nəmlənir və zamanla kifə çevrilir. Bu havada nəfəs almaq çox təhlükəlidir.

Müsahibimin sözlərinə görə, həddən artıq isti havadan sərin otağa daxil olunan zaman temperatur fərqi yaranır və bu kəskin vazospazma səbəb olur. Həmçinin üzərinizdəki nəm paltarlar əyninizdə daha da soyuyaraq, soyuqlamanıza gətirib çıxarır. Belə halda həddindən artıq hipotermiya, xroniki tənəffüs xəstəliklərinin kəskinləşməsi riskini artırır və müəyyən hallarda iltihabi ağciyər xəstəliklərinin yaranmasına səbəb ola bilir. Yeri gəlmişkən, kondisionerli otağı tərk edib isti havaya keçmək daha təhlükəsizdir.

Bəyim xanım onu da diqqətimizə çatdırdı ki, havanın soyumasının başqa bir yan təsiri onun qurumasıdır və bu, tənəffüs yollarının selikli qişalarının qoruyucu funksiyasını zəiflədir, xroniki bronxopulmonar xəstəliklərin (sinusit, bronxial- astma) inkişafına səbəb ola və ya ağırlaşdıra bilər. Eyni zamanda kondisioner havası dərinin qurumasına, təravətinin azalmasına səbəb olur. Bu səbəbdən dəri üçün nəmləndirici kremlərdən istifadə etmək məsləhətdir. Ən nəhayət, soyuqdəymə halının baş verməməsi üçün birbaşa soyuq havaya məruz qalmamaq kifayətdir. Otağın optimal temperaturu 23-26 dərəcə olmalıdır.

Müsahibim isti havalarda sərinləmək üçün təsirli, sağlam, həmçinin rahat yollara baş vurmağı daha məqsədəuyğun hesab edir və deyir: “Belə sərinləmə yollarını praktik və effektiv şəkildə qruplaşdıra bilərik. Su içmək (bədəni içdən sərinlədir, susuzluğun qarşısını alır), soyuq kompres, yaş dəsmal qoymaq (boyun, alın, biləklər və ayaqlara qoymaqla bədəni tez sərinlədir), duş qəbul etmək (xüsusilə ilıq su ilə), buz qablarından (bəzən qoltuqaltı və ya diz arxası kimi nahiyələrə qoyula bilər (qısa müddətlik) istifadə etmək, ayaqları soyuq suya salmaq (qan dövranını tənzimləyir və orqanizmi sərinlədir) effektiv sərinləmə yollarıdır. Həmçinin pəncərələri səhər tezdən və axşamüstü açmaq, pərdələri örtmək, yaxud jalüzlərdən istifadə etmək, nəmli parça və ventilyator kombinasiyası (məsələn, ventilyatorun qarşısına yaş tül asmaq havanı daha sərin hiss etdirir) və sair sərinləməyə yardım edən vasitələrdir”.

Bəyim xanım yay aylarında açıqrəngli, geniş və pambıq parçadan hazırlanmış geyimlərə üstünlük verilməsini, bədən istiliyini tənzimlənmək üçün ayaqyalın gəzməyi və ya nazik ayaqqabı geyinməyi, günəşdən qoruyucu papaq və eynək istifadə etməyi, sulu meyvələr, sərin içiklər qəbul edərək ağır və yağlı yeməklərdən çəkinməyi məsləhət görür.

Sonda belə qənaətə gəlmək olar ki, kondisionerlərdən düzgün istifadə etməklə həm isti hava ilə mübarizə apara, həm də sağlamlığımızı mühafizə edə bilərik.

                       Türkanə ƏSƏDOVA

DAHA ƏTRAFLI