Naxçıvanda daha bir mühüm konfrans
23:23 13.05.2025
0
0
0
NAXÇIVAN :
14 May 2025, Çərşənbə
İnsan həyatının xilasında, sağlamlığımızın qorunmasında bilavasitə rolu olan müqəddəs sənət sahibləri sırasında tibb bacıları xüsusi hörmətə layiqdir. Hər birimizdə nə vaxtsa, mütləq onlara müraciət etmək zərurəti yaranır. Bu peşə sahibləri gecə-gündüz demədən insanların sağlamlığının keşiyində dayanır, bunun üçün əlindən gələni edirlər. Qəlbində mərhəmət, sevgi daşıyan bu insanların əsas amalı kimlərəsə yenidən həyat bəxş etməkdir.
Hər il may ayının 12-nin “Beynəlxalq tibb bacısı günü” kimi qeyd olunması belə insanların həyatımızdakı yeri və rolunun təcəssümüdür.
Vətənimizdə ilk tibb bacısı general Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya olmuşdur. Muxtar respublikamızda da bu peşəni şərəf və ləyaqətlə yerinə yetirən qadınlarımız çoxdur. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzində tibb bacısı kimi fəaliyyət göstərən Zülfiyyə Abbasovadır. O 1988-ci ildən tibb bacısı kimi fəaliyyət göstərir. 37 ildir ki, ömrünü, gününü insanlara xidmət etməyə sərf edən, yorulmaq bilmədən hər kəsin qəlbində inam, ümid işığı şölələndirən Zülfiyə xanım öz halal zəhməti, sənətinə olan məhəbbəti ilə hər kəsin sevimlisinə çevrilib. Hələ uşaqlıq illərindən bu sənətə marağı olan müsahibim sənətinə olan maraq və sevgisini bu cür ifadə edir: “Bir dəfə anam xəstələndiyindən onu xəstəxanaya aparmalı olduq. Həkim anamı müayinə etdikdən sonra evə təyinat verdi. Tibb bacısı bu təyinatı yerinə yetirdikcə o gündən məndə bu peşəyə xüsusi maraq, həvəs yarandı və mən özümə söz verdim ki, tibb bacısı olacağam. Zənnimcə, insan həyatından, insan sağlamlığından dəyərli heç nə yoxdur”.
Müsahibim deyir ki, tibb sahəsi səbir, məsuliyyət tələb edən bir sahədir. Biz bunu COVID dönəmində daha dəqiqliklə gördük və şahid olduq. Təsəvvür edin ki, kəskin tənəffüs çatışmazlığı, nəfəs darlığı və nəhayət, boğulan insana anında köməklik göstərmək xüsusi məsuliyyət tələb edir. Saniyələrin dəqiqələrlə yarışdığı bu zamanlarda hər şeyi yerli yerində etmək, xəstəyə cəld müdaxilə etmək, nəzarətdə saxlamaq bizim üçün çox mühüm idi.
Tibb bacılarının üzərinə düşən vəzifələrə aydınlıq gətirən Zülfiyyə Abbasova diqqətimizə çatdırır ki, həkimdən sonra ikinci əsas məsuliyyət tibb bacılarının üzərinə düşür. Belə ki, hər bir tibb bacısı ilkin tibbi yardım qaydalarını bilməli, xəstəyə verilən təyinatı vaxtında yerinə yetirməlidir. Venadaxili kateterin qoyulması, oksigenin ölçülməsi, arterial təzyiqin ölçülməsi, ehtiyac olarsa, xəstəyə oksigenin verilməsini bilməlidir.
Həyata hər zaman nikbin baxan, hər dəfə eyni həvəslə palatalara daxil olub gülərüzlə xəstələrin hal-əhvalından xəbər alan Zülfiyyə xanım üçün insan həyatı, insan sağlamlığı hər şeydən üstündür. Peşəsinin vurğunu olan və işini çox sevdiyini bildirən müsahibim əlamətdar gün münasibətilə bütün həmkarlarını təbrik edərək onlara işlərində uğurlar arzulayır. Biz də bu təbrikə qoşulur, “Gününüz mübarək olsun!” –deyirik.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər