NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Haqqımızda

“Şərq qapısı” qəzeti XX əsrin əvvəllərində – 1921-ci il noyabr ayının 9-da Naxçıvanda nəşrə başlayan ilk mətbu orqanlardan biridir. Qəzet “Cavanlar həyatı” adı ilə oxucuların görüşünə gəlmişdir. Həmin ilin dekabr ayının sonundan 1922-ci ilin yanvarınadək “Füqəra səsi”, 1922-ci ilin aprelindən 1980-ci ilin yanvarınadək “Şərq qapısı”, 1980-ci ildən 1989-cu ilədək “Sovet Naxçıvanı” adı ilə çap olunmuşdur. 1989-cu ildən qəzet fəaliyyətini “Şərq qapısı” adı ilə davam etdirir. “Şərq qapısı”nın əsl inkişafı ötən əsrin 70-80-ci illərinə təsadüf edir. 1969-cu ildən sonra qəzetin fəaliyyətində yeni mərhələ başlanmışdır. Həmin dövrdə digər sahələr kimi, mətbuatın inkişafına da böyük diqqət və qayğı göstərilmiş, “Şərq qapısı”nın gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Bu dövrdə qəzetdə xalqımızın milli-mənəvi dəyərlərinə, mədəniyyət və tarixinə həsr olunmuş yazılar işıq üzü görmüşdür. XX əsrin 90-cı illərinin əvvəllərində “Şərq qapısı” qəzeti müstəqillik ideyalarının həyata keçirilməsində fəal mübarizə aparmışdır. Ümummilli liderimiz Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdışından sonra “Şərq qapısı”nın həyatında yeni dövr başlanmış, 1990-1993-cü illərdə qəzet Azərbaycanın çoxsaylı mətbu orqanları arasında birinci olaraq ölkəmizin düşdüyü bəlalardan yeganə xilas yolunu görkəmli dövlət xadimi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışında görmüş, bu mövzuda yazılarla çıxış etmiş, muxtar respublikanın düşdüyü informasiya blokadasının aradan qaldırılmasında mühüm rol oynamışdır. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra mətbuat orqanlarının fəaliyyətinin yaxşılaşdırılmasına göstərilən diqqət və qayğıdan “Şərq qapısı” da xeyli bəhrələnmiş, qəzetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra “Şərq qapısı” özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, qəzetin maddi-texniki bazası gücləndirilmiş, bu qocaman mətbuat orqanının normal fəaliyyəti üçün hərtərəfli iş şəraiti yaradılmışdır. 2010-cu il iyulun 22-də – milli mətbuatımızın yaranmasının 135-ci ildönümü günündə böyük dövlət qayığısının bariz ifadəsi kimi qəzet redaksiyası üçün yeni bina istifadəyə verilmiş, qəzetin rəngli nəşrinə başlanılmışdır. Hazırda qəzet həftədə beş dəfə çıxır.