NAXÇIVAN :

06 Iyun 2025, Cümə

İqtisadi cəhətdən gəlirli sahə: baramaçılıq

...

Baramaçılıq iqtisadi cəhətdən böyük səmərə gətirən təsərrüfat sahəsi olmaqla qədim tarixə malikdir. Ölkəmizdə baramaçılığın tarixi V əsrə təsadüf edir. Vaxtilə Azərbaycan ipəyi Böyük İpək Yolu ilə Avropa və Asiya ölkələrinə ixrac olunmağa başlamış, bununla da bu sahə xüsusi inkişaf mərhələsinə çatmışdır.

Digər təsərrüfat sahələri kimi baramaçılığın və ipəkçiliyin inkişafında da əsaslı dönüş Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə bağlı olmuş, 1971-ci il mart ayının 3-də Nazirlər Soveti ölkədə ipəkçiliyin gələcək inkişafına dair tədbirlər haqqında qərar qəbul etmişdir. 

Lakin sonrakı dövrlərdə Qarabağ İpək Kombinatının yerləşdiyi Xankəndi şəhərinin işğalı, Ordubad Baramaaçan Fabrikinin bağlanması, Şəki İpək Kombinatının fəaliyyətində çətinliklərin yaranması bu sahənin inkişafında ləngimələrə səbəb oldu. Prezident cənab İlham Əliyevin imzaladığı 2016-cı il 15 sentyabr tarixli “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” və 2016-cı il 16 noyabr tarixli “İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları yenidən bu sahəyə can gətirdi. Bundan əlavə, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” da bu sahənin inkişafı yönündə atılmış mühüm addımlardandır.

Muxtar respublikamızda baramaçılığın inkişafı yönündə görülən işlər barədə məlumatı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı, Heyvandarlığın təşkili, damazlıq işi, baytarlıq xidmətləri və monitorinqi sektorunun müdiri Rübabə Hüseynzadədən aldıq. Rübabə xanım bildirdi ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılıq və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş və ötən ildən başlayaraq pilot layihə kimi nazirlik tərəfindən muxtar respublikaya 30 qutu ipəkqurdu toxumu gətirilərək inkubasiyaya qoyulmuşdur. İnkubasiya prosesi bitdikdən sonra əvəzi ödənilmədən kümçülərə paylanılmış və 1119 kiloqram barama istehsal olunmuşdur.

O qeyd etdi ki, cari ildə də kümçülər və kümxanalara dair məlumatlar hazırlanmış və muxtar respublika üçün 40 qutu ipəkqurdu toxumu müəyyənləşdirilmişdir. Belə ki, yaxın zamanda Qax Rayon Damazlıq İpəkçilik Stansiyasının əməkdaşı tərəfindən 40 qutu ipəkqurdu toxumu muxtar respublikaya gətirilərək inkubasiyaya qoyulmuş və bu proses bitdikdən sonra 15 kümçüyə paylanmışdır.

Öyrəndik ki, ən çox qutu Babək rayon Şıxmahmud kənd sakini Novruz Mehdiyev tərəfindən götürülüb.

Vaxtilə müəllim kimi fəaliyyət göstərən və hazırda pensiyada olan 67 yaşlı müsahibim deyir ki, sovet dövründən bu işlə məşğul olmuşam. Barama gəlirli sahədir, amma bəsləmək üçün müəyyən şərtlər lazımdır. Xüsusilə də, ilk növbədə, temperatur, nisbi rütubət, havalandırmaya xüsusi diqqət etmək vacibdir. 25-30 günə ipəkqurdu barama sarıyır.

Müsahibim qeyd edir ki, bu işin çətinlikləri çoxdur. Belə ki, ipəkqurdunun yeganə qidalandığı yem tut yarpağıdır. Onun üçün, ilk növbədə, yem bazası – tut bağları olmalıdır. Seçilmiş tut yarpaqlarından, xüsusilə meyvəsi olmayan tut ağacının yarpaqlarından istifadə etmək daha əlverişlidir. İpəkqurdu saxlamaq üçün şərait, yəni kümxana lazımdır. Hazırda bizdə kümxana olmasa da, yerli imkanlardan istifadə edərək kəndimizdə istifadəsiz binanın otaqlarından istifadə edirik. İpəkqurdu bizə təhvil verildikdən sonra biz onu tut yarpaqlarını kiçik hissələrə bölərək yemləyirik. Müəyyən müddətdən sonra artıq qurdlar böyüməyə başlayır ki, bu zaman yarpaqları bütöv şəkildə qurdlara verməyə başlayırıq. Baramaqurdlarının yaxşı qidalanması üçün tez-tez seyrəltmə işləri aparılmalıdır. Bu isə qurdların daha yaxşı inkişafına, barama sarımasına imkan yaradır.

Yuxu anlayışlarına da diqqətçəkən müsahibim deyir ki, ümumiyyətlə, demək olar ki, ipəkqurdu barama sarıyanadək 4 dəfə yuxu dövrü keçirir. Bu yuxu dövrü, təqribən, 24 saat, yəni bir gün, yaxud gün yarım müddətini əhatə edir. Son yuxu “Şah yuxusu” adlanır ki, bundan sonra artıq yavaş-yavaş barama nişan göstərir və bir neçə gün ərzində ipəksarıma prosesi başa çatır. İpəkqurdu sarıyıb qurtardıqdan sonra əllə yoxlanılır, əgər bərkdirsə ilk olaraq koldan dərmə, sonra zilləmə aparılır. Onu da deyim ki, ayrı-ayrı bölgələrdə tərkibində ipək olan kollardan istifadə edilir.

Sonda müsahibim qeyd edir ki, bu sahənin inkişafı üçün Babək Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən bizə hərtərəfli yardım göstərilir. Lakin ipəkqurdlarının bəslənməsi üçün ailə təsərrüfatlarının və kümxanaların yaradılması daha məqsədəuyğun olardı. Düşünürəm ki, həmin zaman bu sahəyə maraq daha da artar.

Sonda məlumat üçün bildirək ki, ipəkqurdları paylanılmış Naxçıvan şəhəri, Şərur, Babək, Culfa, Ordubad, Kəngərli və Sədərək rayonlarında artıq barama sarıma mərhələsi başlamışdır.

                               Türkanə ƏSƏDOVA

Nəşr edilib : 04.06.2025 15:34