Naxçıvan Musiqi Kollecinin məzunu Vüqar İsmayılzad...
18:47 25.05.2025
0
0
0
NAXÇIVAN :
25 May 2025, Bazar
Brend meyvəmiz– Çuxur göycəsi
Orta əsrlərdə səyyahlar tərəfindən “Meyvə cənnəti” adlandırılan Naxçıvan hər mövsümdə süfrələrimizi bəzəyən rəngarəng, çeşidli meyvələrlə zəngindir. Lakin bu meyvələr sırasında sırf bu bölgəyə məxsus olan göycənin öz yeri var. Kiçikdən-böyüyə hamının çox sevdiyi bu meyvə zəngin tərkibi, faydaları ilə də seçilir. Göycənin ən məşhur növü bazarlarda adla tanınan Çuxur göycəsidir.
Təkcə Naxçıvan dialektinə xas olan “göycə” sözündəki “göy” yeni mənasını ifadə edir ki, bu onun, əsasən, kal halda yeyilməyə başlanması ilə bağlıdır.
Doğma diyarın bərəkətli torpaqlarının məhsulu olan göycə Ümummilli Liderimiz Heydər Əliyevin də ən sevdiyi meyvələrdən idi. O deyirdi: “... Bir meyvə var burada Bakıda buna alça deyirlər, Naxçıvanda ona göycə deyirlər. Göycə xüsusi bir meyvədir, bilirsiniz, necə ləzzətlidir?!”
Faydaları saymaqla bitməyən göycənin bazarlarda adla tanınan brendə çevrilmiş növü olan Çuxur göycəsi haqqında məlumatı elə uzun illərdir, bu qədim məhəllədə yaşayan Məhəmməd Məmmədovdan aldıq. 67 yaşlı müsahibim deyir ki, dədə-babadan bu həyətdə göycə ağacları olub. Əsasən, payız-yaz aylarında göycə ağacları əkilir. Arpa biçini vaxtı peyvəst vurulur. Peyvəst olunan ağaclardan bəziləri 1 il müddətində ilk nübarını gətirə bilir. May ayından başlayaraq göycə artıq yığılmağa başlanır.
Ağacların baxımına xüsusi diqqətlə yanaşan müsahibim göycənin çox qulluq tələb etmədiyini, lakin vaxtlı-vaxtında suvarılmalı olduğunu, şirələndiyi halda bunu önləmək üçün dərman vasitələrindən istifadə etdiyini bildirir.
Göycənin növlərindən söz açan Məhəmməd əmi deyir ki, göycənin, əsasən, alça və almaxaradan (gavalı) peyvəst (calaq) olunan növləri var ki, bunlardan alça sortu olan daha məsləhətlidir. Bu zaman meyvə daha iri olur. Almaxara sortu isə digərinə nisbətən balaca olur.
Alça ilə göycənin dadının tam fərqləndiyini bildirən müsahibim deyir ki, buranın torpağı o qədər bərəkətli, suyu o qədər minerallarla zəngindir ki, burada yetişən göycənin heç bir yerdə təkrarı yoxdur.
Məhəmməd əminin sözlərinə görə, bu meyvə o qədər faydalıdır ki, hər kim yesə, şəfa tapar. Belə ki, bu möcüzəvi meyvə orqanizmin immun sistemini və birləşdirici toxumaları gücləndirir, həzmi yaxşılaşdırır, qanı duruldur, susuzluğu yatırdır. Çəki artıqlığından və şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlar rahat şəkildə göycə yeyə bilərlər.
Müsahibim bildirir ki, daha çox təzə halda yeyilsə də, göycədən kompot, mürəbbə, lavaşana, turşu və sair hazırlamaq olur. Satış etməsə də, öz həyətinin bu əvəzsiz barını qohum-qonşu, dost-tanışa sovqat verən Məhəmməd əmi bizi də baxdıqca ağız sulandıran, yedikcə dadından doyulmayan Çuxur göycəsinə qonaq edir. Məhsulunuz bərəkətli, ruziniz bol olsun, Məhəmməd əmi.
Qeyd edək ki, Naxçıvan şəhərində ənənəvi olaraq keçirilən “Göycə” festivalı bu il 30-31 may tarixlərdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək və muxtar respublikamızın müxtəlif bölgələrindən gələn zəhmətkeş insanlar ərsəyə gətirdikləri mövsümün ləziz meyvəsini festival iştirakçılarına təqdim edəcəklər.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər