Hikmət Hacıyev Tehranda forumda iştirak edir
13:48 18.05.2025
0
0
0
NAXÇIVAN :
18 May 2025, Bazar
Ümummilli Lider Heydər Əliyev muzeylərə xüsusi önəm verərək deyirdi: “Muzeylər görkəmli insanların varlığından xəbər verən möhtəşəm tarixin yaşadıcısıdır”. Dahi rəhbərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti böyük ehtiramla həyata keçirən ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 6 mart tarixdə imzaladığı “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” Sərəncam isə ölkəmizdə muzeylərə verilən önəmin bariz nümunəsidir. Hərtərəfli qayğı ilə əhatə olunan muzeylərimizin buranı ziyarət edənlərə göstərdiyi xidmət də təqdirolunasıdır. Bunu ölkəmizin ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanda da görmək olar.
Hər tərəfindən tarixin ətri duyulan, qədimlərdən qədim Naxçıvanımız keçmişinin, mədəniyyətinin, adət-ənənələrinin, neçə-neçə dahi sənətkara, müdrik insanlara sahibliyinin sübutu olan eksponatları özündə qoruyub saxlayan muzeylərlə zəngindir. İnsanların incəsənətə olan marağından, belə incəsənət əsərlərini toplamaq meylindən yaranan, tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, mühafizə edildiyi maarifləndirmə müəssisəsidir muzeylər. Keçmişimizlə aramızda körpü olan muzeylərdə sərgilənən eksponatlar bizi min illər öncəyə aparır, əslimizi, soy-kökümüzü, tariximizi tanıyır, onlar haqqında geniş məlumat əldə edirik. Təbii ki, təkcə qiymətli əşyaların, maddi-mənəvi sərvətlərin saxlandığı yer deyil muzeylər. Burada qorunub saxlanılan hər bir eksponat, əşya həm də aid olduğu xalqın tarixini, milliliyini, qədimliyini əks etdirir.
Bu gün muxtar respublikamızda 20-dən çox muzey mövcuddur. Bu muzeylər naxçıvanlıları, həm də doğma diyarımıza gələn qonaqları keçmişimizlə tanış edir, onlara bu qədim yurdun tarixindən danışır. Burada sərgilənən hər bir əşya, hər bir eksponat sanki dil açır; kimliyindən, mənsubiyyətindən danışır, mövcud olduğu dövrdən xəbər verir bizə.
Ulu Öndərin adını daşıyan, hələ uşaqlıq illərindən başlayaraq Onun bütün çoxşaxəli həyat və fəaliyyətindən bəhs edən Heydər Əliyev Muzeyi, keçmişimizlə aramızda körpü olan Naxçıvan Dövlət Tarix Muzeyi, mavi səma altında möhtəşəm aurası ilə hər kəsi özünə heyran qoyan “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, əzm və yenilməzlik nümunəsi olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, hər döyüşdə əsgərlərimizin köksündə zəfərin xəbərçisi olaraq şərəflə daşınan, bu gün işğaldan azad edilmiş doğma torpaqlarımızda qürurla dalğalanan şanlı bayrağımızın qədimdən bu günə keçdiyi inkişaf yolundan bəhs edən Dövlət Bayrağı Muzeyi, xalqımızın çoxəsrlik zəngin mədəniyyətindən xəbər verən Naxçıvan Dövlət Xalça Muzeyi, Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və sairin mühafizə edildiyi Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirildiyi Xatirə Muzeyi bu gün yerli əhali və respublikamıza qonaq gələn xarici vətəndaşlar tərəfindən ən çox ziyarət edilən və maraqla qarşılanan belə mədəniyyət müəssisələrindəndir.
Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli, Cəmşid Naxçıvanski kimi dahi şəxsiyyətlərin ev-muzeyləri onları daha yaxşı tanımaqda bizə kömək olur.
Həmçinin rayonlarımızda fəaliyyət göstərən Tarix-Diyarşünaslıq muzeyləri, Məmməd Arazın, Məhəmməd Tağı Sidqinin, Akademik Yusif Məmmədəliyevin ev-muzeyləri, Naxçıvan Duz Muzeyi, Gəmiqaya Muzeyi, “Əlincəqala” Tarix Mədəniyyət Muzeyi, Şahtaxtinskilər Muzeyi və Naxçıvan Dövlət Rəsm Qalareyası bizə ədəbi, ictimai və mədəni mühitimiz barədə zəngin məlumatlar verir.
1977-ci ildə ICOM-un təşəbbüsü ilə təsis edilmiş Beynəlxalq Muzeylər Günü dünya ölkələri tərəfindən maraqla qarşılanır, həmin gün geniş şəkildə qeyd olunur. Hər il may ayının 18-də keçirilən Beynəlxalq Muzeylər Gününün yaradılmasında əsas məqsəd muzeylərin cəmiyyət həyatındakı mühüm rolunu göstərməkdir.
Bir sözlə, tariximizin bələdçisi olan muzeylər bu gün hər birimiz üçün müqəddəs ünvanlardır.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər