NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Günəşin zərərli şüalarından necə qorunaq?

...

Dünya üzərindəki bütün canlılar – istər bitki, istər heyvan, istərsə də insanlar üçün əvəzsiz nemət olan günəş həyat mənbəyidir. Günəş şüaları antibakterial təsirə malik olmaqla yanaşı, insanların psixologiyasına da müsbət təsir edir, əhvali-ruhiyyəni yaxşılaşdırır. Lakin, təəssüflər olsun ki,  faydaları saymaqla bitməyən bu həyat mənbəyindən gələn bəzi şüalar  insan səhhətində müəyyən problemlər yarada bilir. Günəş şüalarının orqanizmimizə daha hansı faydaları var? Bəs zərərləri nədən ibarətdir? Bu şüalardan qorunmaq üçün nə etməli? Suallar çoxdur. Elə bu səbəbdən də yolumuzu Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə saldıq. Mərkəzin Dəri-zöhrəvi şöbəsinin müdiri, dermatovenereloq Xədicə Qazıyeva bildirdi ki, Günəş bir ulduzdur, onun dərinliklərində davamlı olaraq güclü enerji emissiyaları ilə müşayiət olunan müxtəlif termonüvə reaksiyaları baş verir. Günəş radiasiyasının əsasını infraqırmızı radiasiya və ultrabənövşəyi şüalar təşkil edir. Günəşdən gələn infraqırmızı şüalanma nəticəsində istilik effekti aydın şəkildə özünü göstərir. O damarların genişlənməsinə səbəb olur, ürək-damar sisteminin işini stimullaşdırır, dərinin tənəffüsünü aktivləşdirir. Nəticədə, sakitləşdirici və iltihab əleyhinə təsir göstərən endorfinlərin (xoşbəxtlik hormonları) istehsalı artır. İstilik maddələr mübadiləsini aktivləşdirərək metabolik proseslərə də təsir edir.

Xədicə həkimin sözlərinə görə, infraqırmızı günəş radiasiyası beyni stimullaşdırır. Bununla yanaşı, günəş enerjisinin bu növü orqanizmin aktiv fəaliyyət və yuxu mərhələləri kimi bioloji ritmlərə təsir edir. İnfraqırmızı şüalanma olmadan yuxusuzluq və depressiya da daxil olmaqla müxtəlif xəstəliklərin inkişafına kömək edə biləcək bir çox həyati proseslər təhlükə altına düşə bilər: “Ultrabənövşəyi şüalanma orqanizm üçün kifayət qədər faydalı olsa da, bununla belə həddindən artıq ultrabənövşəyi şüalar yanıqlara gətirib çıxara bilər. Elə bu səbəbdən maksimum günəş aktivliyi dövründə insanın özünü bundan necə düzgün qoruyacağını bilməsi çox vacibdir.  

İnsan orqanizmi bütün günəş radiasiyasının 8 faizini təşkil edən ultrabənövşəyi şüalardan daha çox təsirlənir. Günəş radiasiyasının əsas təhlükələri yanıqlardır. Bu radiasiya, həmçinin böyrək daşlarının inkişafına meyilliliyi artıran D vitamininin həddindən artıq əmələ gəlməsinə, dəri xərçəngindən əvvəl bəzi dəri törəmələrinin yaranmasına, büllurun kataraktına və digər xəstəliklərə səbəb olur”.

“Kimlər risk altındadır?” – sualımızı müsahibim belə cavablandırdı: “Günəş şüaları digər insanlarla müqayisədə, allergik reaksiyaları olan insanlar, fotodermatitli xəstələr, dəridə onkoloji proses yaşayanlar, pemfiqus, sudurlu dermatozlarda və qırmızı qurd eşənəyi olan xəstələr üçün daha zərərlidir”. 

Günəş şüalarının dəriyə təsirlərindən bəhs edən müsahibim bu şüaların dərinin melanin piqmentini artırdığını və dəridə ləkələrin əmələ gəldiyini də diqqətimizə çatdırır. Əgər bu hal baş verərsə, ləkələrin görünüşünü azaldan kremlərdən istifadə olunmalı  və bu bir ay müddətində davam etməlidir.

Uzun müddət günəş altında qaldıqda yanıqlar meydana gəlir ki, bu zaman soyuq duş qəbul etmək və yanıq olan yerlərə soyuq kompres qoymaq, aloe vera jeli sürtmək və steroid tərkibli mazlardan istifadə etmək lazımdır.

Sonda günəşin belə zərərli təsirlərindən qorunmanın yollarını açıqlayan müsahibim deyir ki, ultrabənövşəyi şüaların zərərli təsirlərindən qaçmaq üçün günorta saatlarında açıq havada qalma müddətini məhdudlaşdırmaq, daha çox kölgədə olmaq, qoruyucu geyim (gözləri, üzü və boyunu örtən papaqlar) taxmaq, yan panelləri olan günəş eynəklərindən istifadə etmək lazımdır. Bütün növ ultrabənövşəyi radiasiyadan qorunma təmin olunmalı, günəşə çıxmadan 20-30 dəqiqə öncə qoruma faktoru (SPF) 30+ olan məhsullardan istifadə edilməli və 2-3 saatdan bir yenilənməlidir. Bu zaman yadda saxlanılmalıdır ki, kölgə və qoruyucu geyim günəşdən müdafiə vasitələrindən daha yaxşı müdafiə təmin edir.

                                                                   Türkanə ƏSƏDOVA

Nəşr edilib : 29.05.2025 15:00