Ali Məclisin deputatı Teymur Rzayev: “Azərbaycan n...
16:53 22.05.2025
0
0
4
NAXÇIVAN :
22 May 2025, Cümə axşamı
Oyun uşaqlar üçün öyrənmə şəklidir. Oyuncaqlar isə bu yolda onlara dəstək olan ən vacib vasitələrdir. Uşaqların rəngarəng dünyasının bir parçası və onların inkişafı üçün önəmli yerə sahib olan oyuncaqlar bəzən heç də göründüyü qədər məsum olmur. Belə ki, müxtəlif materiallardan hazırlanmış çoxçeşidli oyuncaqlar müəyyən fəsadlar doğura bilir. Bəs gəlin görək övladlarımıza oyuncaq alarkən nələrə diqqət etməli, hansı oyuncaqlara üstünlük verməliyik? Bütün bunlar haqqında məlumatı bizə Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının həkim pediatrı Gülnar Əliyeva verir. Əvvəlcə oyuncaqların uşaqların həyatındakı yeri və rolundan bəhs edən müsahibim deyir ki, oyuncaqlar uşağın həyatında yalnız əyləncə vasitəsi deyil, həmçinin inkişafın, öyrənmənin və sosiallaşmanın vacib nümunəsidir. Bir sözlə, oyuncaq uşağın ilk müəllimi ilk dostu və özünü tanıma alətidir.
Gülnar xanımın sözlərinə görə, valideynlər uşaqları üçün oyuncaq seçərkən bir sıra vacib məqamlara diqqət etməlidir. Oyuncaqlar uşağın yaşına, inkişaf səviyyəsinə və marağına uyğun olmalı, həmçinin dayanıqlı və keyfiyyətli olmalıdır.
Oyuncaqların təhlükələrindən bəhs edən müsahibim deyir ki, müəyyən yaş qrupunda olan uşaqlar üçün oyuncaqlar xüsusilə seçilməlidir. Belə ki, əgər uşağınız 3 yaşdan aşağıdırsa, bu halda alınan oyuncaqlar kiçik hissələrdən ibarət olmamalıdır. Çünki bu uşaqlarda boğulma təhlükəsi yarada bilər. Yaxşı olar ki, oyuncaqların qablaşdırılmasında göstərilən yaş həddinə uyğun oyuncaqlar seçilsin. Cızıq, kəsik, göz zədələnmələri kimi halların baş verməməsi üçün alınan oyuncaqların kənarları iti və sərt olmamalıdır.
Oyun vasitəsilə uşağın zehni motor bacarıqları yaradıcılığı və sosial bacarıqları inkişaf etdirilməlidir. Valideynlər ucuz, tez qırılan oyuncaqlara deyil, davamlı materialdan hazırlanan oyuncaqlara üstünlük verməlidir.
Oyuncaqların gizli təhlükələrindən biri isə onun hazırlandığı materialla bağlıdır. Gülnar Əliyeva bu məsələyə də münasibət bildirərək deyir ki, əgər oyuncaq keyfiyyətsiz materialdan hazırlanıbsa, bu, müxtəlif xəstəliklər yarada bilər. Tərkibində zəhərli kimyəvi maddələr olan oyuncaqların uzunmüddətli istifadəsi körpələrdə xərçəng riskini artırır. Toz yığan, təmizlənməsi çətin olan yumşaq oyuncaqlar isə astma-bronxit yaradır və allergiyalı uşaqlar üçün xüsusilə təhlükəlidir.
Yüksək səsli oyuncaqlar eşitmə zədəsinə səbəb ola bilər. Boyası çıxan oyuncaqlar uşaqlarda dəri qıcıqlanması, zəhərlənmə və ya ağız yaralanmaları kimi problemlər yarada bilər.
Oyuncaqların təmizliyinə də diqqət yetirməyin mütləq olduğunu vurğulayan müsahibim təmizləmə qaydalarından da bəhs edir: “Oyuncaqlar ilıq sabunlu su ilə yuyulmalı, quruyanadək açıq havada saxlanmalıdır. Həftədə bir dəfə 1:1 nisbətində sirkə və su qarışımı ilə silmək isə mikrobları öldürür”.
Psixoloq-pedaqoq Günay Quliyeva isə oyuncaqların uşaq beyninə təsirindən söhbət açır. O deyir ki, oyuncaqlarla oynamağın uşaq beyninin inkişafına təsiri çox böyükdür. Belə ki, uşaqlarda motor bacarıqlarının, məntiq və düşüncənin inkişafında eyniləşdirmə, diqqət artırma, əl-göz koordinasiyası yaratmada oyuncaqların rolu əvəzsizdir. Məsələn, toplar, kublar, üzükləri olan konuslar, piramidalar uşağın əşyaların formasını xatırlaması və fərqləndirməsinə yardım edir. Yaxud asılan mobillər uşağın diqqətinin cəmlənməsində, fərqli rənglərin öyrədilməsində, hərəkət sisteminin inkişafında mühüm rola malikdir. Uşaqlarda motorika bacarıqlarının inkişafı və onlarda təxəyyülün formalaşmasında xüsusi əhəmiyyət daşıyan digər vasitələr – plastilin, barmaq boyaları, mum qələmləri və sair, həmçinin yaradıcılığın formalaşmasına da təsir edir.
Gəlin uşaqlarımızın inkişafına müsbət təsir edən oyuncaqların alınmasında diqqətli olaq.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər