Naxçıvanlı çilingərin xatirələrində akademik Zərifə xanım Əliyeva
Elə insanlar vardır ki, yalnız fəaliyyətləri ilə yox, həm də insanların talelərində qoyduqları xatirələrlə yaddaşlarda yaşayırlar. Belə unudulmaz insanlardan biri də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevadır. Zərifə xanım haqqında oxuduqlarımız və eşitdiklərimiz, şübhəsiz ki, onun həyat və fəaliyyətindən geniş şəkildə xəbər verir. Lakin bəzən insanın böyüklüyünü ən yaxşı şəkildə onu yaxından tanıyanların xatirələri ifadə edir. Bu unudulmaz xatirələrin birinin daşıyıcısı da Zərifə xanımın humanistliyinin və peşəkarlığının canlı şahidi olmuş Culfa rayon sakini Ədalət Əhmədovdur.
O dövrün xatirələrindən söz açdıqca insanı sanki bir anlığa 70-ci illərin sonuna apararaq həyatında iz qoymuş həmin unudulmaz günləri gözlərimizin önündə yenidən canlandırır. Həmin dövrdə Bakı Məişət Kondisionerləri Zavodunda təmirçi-çilingər kimi çalışan Ədalət Əhmədovun iş zamanı başına gələn hadisə onun taleyində mühüm dönüş nöqtəsinə çevrilib. İş prosesində gözünə dəmir qırıntısı düşən Ədalət müəllim dərhal zavodun nəzdində fəaliyyət göstərən poliklinikaya müraciət edir. Məhz həmin vaxtlarda tez-tez zavodda tibbi müşahidələr aparan Zərifə xanım Əliyeva da orada olur. Zərifə xanım onu böyük diqqət və qayğı ilə müayinə edib. Onun sözlərinə görə, Zərifə xanımın xəstəyə yanaşması yalnız həkim məsuliyyəti deyil, həm də ana qayğısı idi. O, xəstənin qorxusunu aradan qaldırmaq üçün səmimi sözlər deyib, hətta saçlarını sığallayaraq onu arxayınlaşdırıb. Ertəsi gün təkrar müayinə üçün poliklinikaya gəldikdə ona Zərifə xanımın həmin gün elmi konfransda iştirak edəcəyi üçün gələ bilməyəcəyi deyilir. Lakin buna baxmayaraq, o, qısa müddət sonra müayinə otağına daxil olur, ağ xalatını geyinərək Ədalət müəllimi yenidən müayinə edir. Bu məqam həmsöhbətimizin yaddaşında xüsusi iz buraxıb. Onun sözlərinə görə, Zərifə xanım mülayim səslə ona diqqətli olmağı tövsiyə edib və bu davranışı ilə onun gözündə daha da ucalıb.
Ədalət Əhmədovun fikrincə, bu hadisə Zərifə xanımın sadəliyinin, insanpərvərliyinin və peşəsinə olan sonsuz sevgisinin bariz nümunəsidir. O vurğulayır ki, Zərifə xanım hər bir insana fərq qoymadan yanaşır, xüsusilə gənclərin sağlamlığını daim diqqət mərkəzində saxlayırdı. Zavodda çalışan əmək adamlarına göstərilən bu diqqət və qayğı o dövr üçün nümunəvi idi.
Xalqına və Vətəninə dərin bağlılıq hissi ilə yaşayan Zərifə xanım Əliyeva həm insan, həm də həkim kimi yüksək mənəvi keyfiyyətlərin daşıyıcısı idi. Onun həyatı və fəaliyyəti gələcək nəsillər üçün örnəkdir və belə insanlar zaman keçsə də, unudulmur, daim ehtiramla xatırlanır.
Ədalət müəllimin bu səmimi xatirələri göstərir ki, böyük ürəkli insanlar məhz sadəlikləri, səmimiyyətləri və tükənməz şəfqətləri ilə zamanın sərhədlərini aşaraq yaddaşlarda əbədiləşirlər. Akademik Zərifə xanım Əliyeva kimi şəxsiyyətlərin böyüklüyü elmi nailiyyətlər və qazanılan titullarla yanaşı, həm də ruhun ucalığı və insan amilinə verilən dəyərlə ölçülür. Bu cür xatirələr zamanın sınağından keçdikcə öz dəyərini itirmir, əksinə, daha qiymətli bir mənəvi irsə çevrilir. Çünki bu sətirlərdə bir dövrün ruhu yaşayır. Gənc nəsil üçün bu mənəvi irs gələcəyə yol göstərən mayakdır. Bu gün səhiyyə sistemində addımlayan hər bir kəs üçün Zərifə xanımın həyat yolu bir vicdan məktəbi və əvəzsiz bir örnəkdir. İllər ötsə də, bu cür insanpərvərlik dastanları unudulmur, nəsillərdən-nəsillərə ötürülərək mənəvi yaddaşımıza həkk olunur. Onun adı tarixin qızıl səhifələrində yaşamaqla bərabər, minlərlə insanın qəlbində əbədi ehtiram və sevgi simvolu olaraq qalacaqdır.
Rafiq TƏHMƏZ
Elnurə CƏFƏROVA