Selçuk Bayraktar: Can Azərbaycanda yüksək texnolog...
23:11 04.06.2025
0
0
0
NAXÇIVAN :
05 Iyun 2025, Cümə axşamı
Yaradıcı peşə sahiblərini digər çalışanlardan fərqləndirən cəhətlərdən biri də bu peşələrdə diplomsuz fəaliyyət göstərə bilməkdir. Həmin ixtisaslardan danışarkən bu zaman bir neçə sual ortaya çıxır. Bəs təhsil olmadan bu peşələrdə fəaliyyət göstərmək mümkündürsə, ali təhsil ocaqlarında bu ixtisasın tədrisi nə dərəcə lazımlıdır? Digər bir tərəfdən isə ali təhsil ocaqlarında təcrübə tələb edən bu ixtisaslar üçün yalnız auditoriya təhsili nə dərəcə effektivdir?
Həmin yaradıcı ixtisaslardan biri də jurnalistikadır. Bu ixtisas Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti və s. kimi sayılı universitetlərdə tədris olunur. Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisasında təhsil alan qrup yoldaşım Elnurə Cəfərova ilə birlikdə bizi maraqlandıran bu suallara ətraflı cavab tapmaq üçün Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Şirəliyeva ilə həmsöhbət olduq:
Rafiq Təhməz:
– Salam Şəhla xanım, mətbuat sahəsində Jurnalistika ixtisasını bitirməyən xeyli diplomsuz jurnalist fəaliyyət göstərir. Bəs onda belədirsə, jurnalistikanın tədrisində nəzəriyyə niyə önəmlidir?
– Çox gözəl sual və maraqlı müzakirə mövzusudur. Doğrudan da, mətbuat sahəsində Jurnalistika ixtisası olmayan bir çox insan fəaliyyət göstərir – bəziləri bloqer, bəziləri vətəndaş jurnalisti kimi. Tanınmış jurnalistlər arasında da ixtisasca həkim, müəllim, hüquqşünas, mühəndis və s. çoxluq təşkil edir. Bəs onlar necə peşəkar jurnalistə çevriliblər, nəzəriyyəni öyrənmədən bu işin öhdəsindən necə gəliblər?
Bu şəxslərin əksəriyyəti jurnalistikaya dərin həyat təcrübəsi, çoxlu oxuma və müxtəlif sahələrdəki bilikləri ilə gəliblər. Bir çox peşəkar jurnalistlər nəzəriyyəni formal təhsil yolu ilə yox, oxuyaraq, təcrübədən keçərək və özlərini inkişaf etdirərək öyrənib, öz jurnalistika etikasını və məsuliyyətini formalaşdırıblar. Qısacası, “peşəkar” olmağa gedən yol formal təhsildən yox, özünüinkişafdan keçib. Bəzi insanlar elə güclü redaksiyalarda çalışırlar ki, həmin mühit özü bir məktəbə çevrilir. Təcrübəli redaktorlar, peşəkar komanda, ciddi redaksiya siyasəti – bunlar təcrübə ilə nəzəriyyənin boşluğunu doldura bilir. Jurnalist yazdıqca, səhv etdikcə, öyrədildikcə zamanla peşəkarlıq formalaşır.
Jurnalistikanın əsasını təşkil edən bacarıqlardan biri də yazmağı və fikri ifadə etməyi bacarmaqdır. Əgər bir insan yaxşı yazır, dəqiq müşahidə edir və oxucunu düşünməyə vadar edirsə, deməli, o, əsl jurnalistdir. Bu isə çox vaxt təhsildən yox, fitri qabiliyyətdən və intellektual maraqdan qaynaqlanır. Mətbuat, radio, televiziya yeni yarananda, xüsusən 20-ci əsrin ortalarına qədər jurnalistika bir çox hallarda formal təhsil tələb etmirdi. O dövrdə bu sahəyə “öyrənərək işləmək” yolu ilə gəlmək geniş yayılmışdı. Amma müasir dövrdə informasiya axınının və media manipulyasiyasının artması, nəzəri biliklərin əhəmiyyətini daha da artırıb.
Təhsilli jurnalist nəzəri əsaslarla silahlanmışdır, təhsilsiz jurnalist isə həyat və təcrübənin diktə etdiyi yolla bu peşəni öyrənmişdir. Hər iki yolun öz üstünlükləri vardır. Amma ideal variant – nəzəriyyə ilə təcrübənin vəhdəti – jurnalistikanı həm informasiya, həm də ictimai şüur səviyyəsində zənginləşdirir. Bəli, jurnalistika üçün diplom kifayət etmir, amma peşəkar jurnalist olmaq üçün düşünmək, oxumaq və məsuliyyət hissi daşımaq mütləq şərtdir. Bu isə ya təhsil yoluyla, ya da təcrübə yoluyla olur. Amma bir yol mütləq keçilir. Fikrimcə, diplomsuz jurnalist ola bilər, amma yaxşı və məsuliyyətli jurnalist olmaq üçün nəzəriyyə zəruridir. Jurnalistika təhsili, nəzəriyyə və təcrübə arasındakı balans, bu sahənin gələcəyi üçün həlledici əhəmiyyət kəsb edir. Nəzəriyyə ilə təcrübə vəhdətdə inkişaf etməlidir. Fikrimcə, peşəkarlıq həm nəzəriyyənin, həm də təcrübənin düzgün qurulmuş vəhdətindən asılıdır.
Bəzən jurnalistikada nəzəri biliklərə o qədər də ehtiyac olmadığını vurğulayırlar. Lakin jurnalistika praktik cəhətdən bir peşə sayılsa da, eyni zamanda həm də bir elmdir. Peşəkar jurnalist kimi yetişmək, fəaliyyət göstərmək üçün jurnalistikanın nəzəriyyəsini bilmək olduqca vacibdir. Jurnalist nəzəri biliklərini təcrübədə tətbiq etməyi bacarmalıdır. Düzdür, təcrübi biliklərinin köməkliyi ilə bu işin öhdəsindən gələ bilərsən. Lakin bununla kifayətlənsən, bu sahədə mütəxəssis olmaq qeyri-mümkündür. Peşəkarlıq üçün mütləq nəzəriyyəni bilməlisən. Sadəcə, digər elm sahələrindən fərqli olaraq, jurnalistikada təcrübə nəzəriyyəni üstələyir. Yəni nəzəriyyəni öyrənib təcrübəyə tətbiq edə bilməsən jurnalist kimi çalışmaq, işinin mütəxəssisi olmaq qeyri-mümkündür.
Jurnalistika yalnız məlumat vermək deyil – etika və məsuliyyət tələb edən bir peşədir. Nəzəriyyə, jurnalistikanın etik çərçivələrini, yazılı və qeyri-yazılı qaydaları da öyrədir. Bu, jurnalistlərin doğru məlumatı təqdim etməsi və təhrif etməməsi üçün vacibdir. Nəzəriyyə, medianın cəmiyyətə təsirini, onun gücünü və təsir sahələrini anlamağa kömək edir. Bu, jurnalistlərə daha müstəqil və obyektiv yanaşmaq imkanı verir. Məlumatın doğruluğu, mənbənin etibarlılığı, balanslı yanaşma və senzura ilə mübarizə kimi anlayışlar da nəzəriyyədə öyrədilir. Təhsil almış jurnalist bu prinsipləri bilir və məsuliyyətlə hərəkət edir. Bu səbəblə, nəzəriyyə yalnız peşəkar təcrübə əldə etməklə deyil, həm də məlumatın düzgünlüyünü və etik normalara uyğunluğunu təmin etmək üçün əsasdır.
Əlbəttə, təcrübə də çox vacibdir. Amma nəzəriyyə olmadan təcrübə bəzən məsuliyyətsiz və səthi olur. Yaxşı jurnalist həm hadisələri işıqlandırmağı bacarmalıdır, həm də onları təhlil etməyi və çərçivəyə salmağı. Buna görə də jurnalistikanın tədrisində həm nəzəriyyə, həm də təcrübə arasında balans vacibdir. Nəzəriyyə və təcrübə bir-birini tamamlamalıdır. Praktiki biliklər nəzəriyyə ilə inkişaf edir. Təcrübə jurnalistin real dünya ilə üzləşməsinə kömək edir, nəzəriyyə isə bu dünyanı anlamağa və düzgün qərarlar qəbul etməyə kömək edir. Təcrübə də göstərir ki, jurnalistika tədrisində yalnız nəzəriyyə və ya yalnız praktika deyil, hər ikisinin birləşməsi tələbələrin daha peşəkar və effektiv jurnalistlər olmasına gətirib çıxarır.
Rafiq Təhməz:
– Sadəcə, auditoriya dərsləri jurnalistika üçün peşəkar kadr verə bilərmi?
– Yalnız auditoriya çərçivəsində təhsil almaq jurnalistikanın tədrisində məhdudiyyətlər yarada bilər. Jurnalistika praktik bir sahə olduğu üçün, tələbələrin real həyat təcrübəsi olmadan yalnız nəzəriyyə öyrənmələri onların peşəkar bacarıqlarını tam şəkildə inkişaf etdirməyə imkan verməz. Auditoriyada nəzəri biliklər əldə edilsə də, tələbələrin mütəmadi olaraq redaksiyalarda, jurnalistlər və təcrübəli mütəxəssislərlə işləməsi, onlara real dünyada qarşılaşacaqları problemləri və onlara düzgün yanaşma yollarını öyrədir. Təcrübə jurnalistə xəbəri operativ yazmağı, məlumatı düzgün təqdim etməyi öyrədir. Auditoriyada əldə edilən nəzəri biliklər praktikada tətbiq edildikdə tam mənada peşəkar jurnalistlər yetişə bilər. Bu səbəbdən təhsil müəssisələri hər zaman təcrübə və nəzəriyyənin vəhdətinə diqqət etməli, tələbələrin praktiki biliklərə yiyələnmələrini təmin etməlidirlər.
Onu da qeyd edim ki, son zamanlar təhsil müəssisələrində bir sıra ixtisaslarda, o cümlədən Jurnalistika ixtisasında tədris müddətinin azaldılması ilə bağlı islahatlar aparılması fikrini dəstəkləyirəm. Fikrimcə, jurnalist peşəsinə yiyələnmək üçün 3 il təhsil müddəti nəzəri və təcrübi biliklərin əldə edilməsi üçün yetərlidir. Bu müddətdə praktik fəaliyyətə xüsusi diqqət yetirilməli və bunun üçün lazımi şərait yaradılmalıdır.
Elnurə Cəfərova:
– Naxçıvan Dövlət Universitetində jurnalistikanın praktiki, auditoriyadan kənar tədrisi haqqında nə deyə bilərsiniz?
– Qeyd etdiyim kimi, müasir dövrdə jurnalistika yalnız nəzəri biliklərlə kifayətlənmir. İnformasiyanı toplamaq, analiz etmək və təqdim etmək kimi bacarıqlar tələbənin peşəkar jurnalist kimi formalaşmasında həlledici rol oynayır. Bu baxımdan, Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin praktiki bacarıqlara yiyələnməsi üçün yaradılan şərait xüsusi diqqətə layiqdir.
Universitetin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası tələbələrin real media mühitinə uyğun şəkildə hazırlanmasını qarşısına məqsəd qoyub. Bu məqsədlə tədris prosesi auditoriya ilə yanaşı, müasir avadanlıqlarla təchiz olunmuş Media Mərkəzində, audio-vizual studiyada da həyata keçirilir. Tələbələr jurnalistikanın müxtəlif sahələrində – televiziya, radio, çap və rəqəmsal mediada praktiki fəaliyyət göstərmə imkanı əldə edirlər. Bundan əlavə, universitetdə fəaliyyət göstərən “Nuhçıxan” radiosu və “Yeni fikir” qəzeti də tələbələrin yaradıcılıq qabiliyyətlərini və mediada işləmə bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Praktiki dərslərdə İKT-dən, süni intellektə əsaslanan xəbər analiz alətlərindən və müasir proqram təminatlarından istifadə edilməsi təhsilin innovativliyini artırır. Bu cür yanaşmalar tələbələrin yalnız informasiya toplama deyil, onu doğru və yaradıcı şəkildə təqdim etmə qabiliyyətini də gücləndirir.
Jurnalistika ixtisasında təhsil alan tələbələrin “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Şərq qapısı” qəzetinin redaksiyasında praktik təcrübə keçmələrini xüsusilə qeyd etmək lazımdır. Bu təcrübələr vasitəsilə onlar həm xəbər, süjet, reportaj hazırlama, həm montaj, həm də redaktə sahəsində real iş prosesinə qoşulurlar. Belə bir imkan onların nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə şərait yaradır. Yerli media qurumları ilə əməkdaşlıq sayəsində tələbələr müxtəlif redaksiyalarda daha geniş praktik təcrübə əldə edirlər.
Tələbələrin təcrübə müddətindəki fəallığı, təşəbbüskarlığı və yaradıcılıq qabiliyyətləri də media qurumlarının diqqətindən yayınmır. İstedadlı tələbələrdən bir çoxu göstərdiyi peşəkarlığa görə hələ tələbəlik illərində həmin redaksiyalarda iş təklifləri alır və fəaliyyətə başlayırlar. Bu isə universitetin yalnız təhsil verməklə kifayətlənmədiyini, eyni zamanda real karyera imkanları yaratdığını göstərir.
Nəticə etibarilə, Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün yaradılan mühit onların gələcəkdə peşəkar jurnalist kimi formalaşmasına geniş imkanlar açır. Təcrübəyə əsaslanan bu yanaşma, 150 yaşını qeyd edəcəyimiz Azərbaycan jurnalistikasının inkişafına töhfə verəcək gənc kadrların yetişməsinə zəmin yaradır.
Rafiq TƏHMƏZ
Elnurə CƏFƏROVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbələri
Digər xəbərlər