Mehriban Əliyeva Qurban bayramı münasibətilə payla...
08:15 06.06.2025
0
0
0
NAXÇIVAN :
06 Iyun 2025, Cümə
21 mayda Bakı dünya minifutbolunun nəbzini tutmağa başladı. 32 komandanın iştirakı ilə başlayan bu möhtəşəm çempionat Azərbaycan üçün təkcə bir turnir deyildi – bu, bir millətin arzularının meydana çıxması idi. Milli Gimnastika Arenasında baş tutan oyunlar, elə bil, stadion divarlarını aşaraq hər bir azərbaycanlının qəlbinə toxunurdu. Azərbaycan-Bəhreyn, Azərbaycan-Mavritaniya, Azərbaycan-Rumıniya, Azərbaycan-İngiltərə, Azərbaycan-Monteneqro və nəhayət, Azərbaycan-Macarıstan qarşılaşması... Tarixə yazılan o gün! Azərbaycanın möhtəşəm millisi Macarıstanla qarşı-qarşıya gəldi. Arena nəfəs almırdı. Gərginlik, həyəcan, qürur – hər şey iç-içə keçmişdi. Və... Təmkin Xəlilzadənin zərbəsi, Məhəmməd Xəlilovun dəqiq vuruşu və Rəvan Kərimovun iki dəfə rəqib qapısına yol tapması! Skorbordda 4:2 yazıldı. Azərbaycan dünya çempionu oldu!
Elşad Quliyevin rəhbərliyi altında tarix yazan bu gənclər – bu torpağın, bu xalqın övladları – yalnız meydanda yox, ürəklərdə də qalib oldular. Millimizin bütün üzvlərinin Azərbaycanda yetişməsi isə bu qələbəyə ayrı bir dəyər qatdı. Bu yalnız bir idman uğuru deyildi – bu, milli inamın, zəhmətin və sədaqətin təntənəsi idi.
Qələbədən sonra Prezident İlham Əliyevin komandamızı qəbul etməsi, onların qarşısında duyduğu qüruru sözlərlə ifadə etməsi bu hadisənin nə qədər önəmli olduğunu bir daha göstərdi. Prezidentin çıxışındakı bir neçə cümlə belə hər şeyi ifadə etməyə bəs edirdi: “Bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır... Mən əminəm ki, bundan sonra da siz bizi sevindirəcəksiniz...”
Dövlət başçısının səsləndirdiyi bu cümlələr sanki minifutbolun sabahı üçün yeni yol xəritəsi idi – yeni meydançalar, bölgələrdə idmanın inkişafı, gənclərin bu sahəyə olan marağının artması...
Bu çempionatın, sadəcə, qəhrəmanları yox, eyni zamanda simvolları da var idi. Onlardan biri isə çempionat başladığı andan hər kəsin rəğbətini və gülüş hissini qazanmağı bacaran Maralzadə idi. Rəsmi maskot pozitivliyi, enerjisi, şən davranışları ilə oyunlara bir başqa rəng qatdı. Onu canlandıran Aqil Nəcəfzadə isə öz işi ilə fəxr etdiyini deyərək hisslərini bu sözlərlə ifadə etmişdi: “Obrazımı, ümumilikdə, işimi çox sevirəm. Hesab edirəm ki, hər kəs öz işini sevərək görsə, ölkəmizdə hamı xoşbəxt olar”.
Əlbəttə, dünya çempionatına qatılan 32 komandanın içində ilk dəfə bu səhnədə görünənlər də az deyildi – Çad, İsrail, Türkiyə, Polşa, Sloveniya, Özbəkistan və Mavritaniya kimi komandalar tarixlərində ilk dəfə bu yarışın ab-havasını hiss etdilər.
Afrika qitəsindən isə bəzi təəssüf doğuran xəbərlər də oldu. Misir millisi inzibati, Cənubi Afrika Respublikası isə maliyyə problemlərinə görə yarışdan kənarda qaldı. Onları isə BƏƏ və Argentina komandaları əvəz etdi. Meksika isə son anda iştirakdan imtina etdi və yerini İndoneziyaya verdi.
Çempionatın nəticələri isə artıq tarixdir: Azərbaycan – dünya çempionu, Macarıstan – ikinci, Serbiya isə üçüncü yerdə qərarlaşdı.
Bu çempionat təkcə qələbə ilə yox, həm də bir ruhla yadda qaldı. Maralzadənin gülümsəməsi, stadionun coşqusu, bayrağımızın zirvəyə ucalması – bütün bunlar tarixdə silinməz iz buraxdı.
Azərbaycan yalnız bir turnir təşkil etmədi – bir xalqın ruhunu dünyaya nümayiş etdirdi. Və bu ruhun adı Qələbə idi!
Rafiq TƏHMƏZ
Digər xəbərlər