Naxçıvanda “Konstitusiya: hüquqi və demokratik isl...
22:56 27.05.2025
0
0
0
NAXÇIVAN :
27 May 2025, Çərşənbə axşamı
2028-ci ildə “Avropa Siyasi Birliyi” (ASB) sammitinin Azərbaycanda keçirilməsi yalnız diplomatik bir tədbirin coğrafi rotasiyası deyil. Bu qərar Qərbin Azərbaycanın geosiyasi çəkisini, regional sabitlikdəki rolunu və enerji təhlükəsizliyindəki əvəzsiz mövqeyini tanımasının bariz nümunəsidir. Amma bu qərarın arxasında dayanan nüanslar, xüsusilə Ermənistanın bu təşəbbüsə verdiyi açıq dəstək, hadisəyə daha dərin baxışı zəruri edir.
Avropa Siyasi Birliyi – Avropa İttifaqına üzv və qeyri-üzv ölkələrin siyasi platforması olaraq 2022-ci ildən bəri Avropanın təhlükəsizliyi, enerji əməkdaşlığı və strateji dialoqu üçün mühüm platformaya çevrilib. Tiranada keçirilmiş son sammitdə Azərbaycanın aktiv iştirakçı rolu oynaması, Prezident İlham Əliyevin Ursula fon der Lyayen və Antonio Koştayla keçirdiyi görüşlər, Bakının bu birlikdəki çəki mərkəzinə doğru irəlilədiyini göstərdi.
Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsindəki əməkdaşlığı, xüsusilə qaz təchizatı kontekstində – ölkəmizi təkcə regional deyil, qlobal enerji xəritəsində vacib oyunçuya çevirib. Belə bir sammitin Bakıda keçirilməsi, Azərbaycanı, sadəcə, enerji təchizatçısı deyil, siyasi dialoq və sabitlik platformasının da ev sahibi kimi təsbit edir.
Ən maraqlı məqamlardan biri isə Ermənistanın baş naziri Nikol Paşinyanın bu qərarı öz sosial şəbəkə hesablarında “alqışlaması” və “qarşılıqlı dəstək” bəyanatıdır. Paşinyanın sözləri səthdə səmimi görünə bilər: sülh gündəminə sadiqlik, geosiyasi reallıqlara adaptasiya, Qərbə xoş mesaj. Lakin bunun fonunda bir neçə məqsəd və niyyət eyni anda oxunur:
2026-cı ildə Ermənistanda da sammitin keçirilməsi – bu, İrəvana verilən ciddi diplomatik kreditdir. Ermənistan da bu imkanı riskə atmamaq üçün Bakıya dəstək göstərməklə balanslı siyasət nümayiş təqdim edə bilər.
Digər bir tərəfdən isə Ermənistanın Qərbə yaxınlaşmaq istəyi fonunda bu addım Brüsselə loyal görünmək cəhdidir. Paşinyan bilir ki, Bakı ilə qarşıdurma ritorikası Avropa tribunalarında artıq dəstək qazandırmır.
Qarşılıqlı dəstək bəyanatı, Cənubi Qafqazda yeni diplomatik protokolun formalaşmasının əlamətidir – burada müharibə sonrası dövrdə yumşaq diplomatiya, qarşılıqlı etimad jestləri və beynəlxalq platformalarda paralel iştirak əsas amillərə çevrilir.
Təqvimə baxsaq, 2026-cı ildə sammit Ermənistanda, 2028-ci ildə Azərbaycanda keçiriləcək. Bu, Avropa İttifaqının regiona verdiyi strateji balans mesajıdır. Bu həm də Qərb cəbhəsinin digər ölkələrin dairəsindən çıxmaq istəyən regionlara verdiyi dəstəyin simvoludur. Avropa bu platforma ilə göstərmək istəyir ki, Cənubi Qafqaz gələcəkdə onun siyasi və iqtisadi təsir zonasında sabit bir hissə ola bilər.
Bütün bu qərarlar paralel şəkildə Rusiya və İran üçün də geopolitik siqnallar daşıyır. Cənubi Qafqazda Qərbin nüfuzunun artması, enerji əməkdaşlığının dərinləşməsi və Avropa platformalarının bölgədəki fəallığı, artıq bu regionun “boz zona”dan çıxmağa başladığını göstərir.
Bakının bu tədbirə ev sahibliyi etməsi həm də informasiya və diplomatik gündəmin mərkəzinə çevrilmək, Azərbaycanın sülh təşəbbüslərini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanı, Avropa ölkələri ilə ikitərəfli siyasi və iqtisadi əlaqələri dərinləşdirmək üçün platforma yaratmaq, Qarabağ sonrası dövr üçün sabit, konstruktiv tərəf imicini möhkəmləndirməkdir.
2028-ci ilə qədər çox şey dəyişə bilər. Amma bu gün üçün məlum olan budur: hələlik, Ermənistan Avropa səhnəsində Azərbaycana qarşı deyil, ən azından 2026-cı ilə qədər… Bu, regionda uzunmüddətli sülh və əməkdaşlıq üçün böyük addım ola bilər, əgər tərəflər bu diplomatik jestləri real siyasi qərarlarla davam etdirə bilsələr. Və bəlkə də, bu sammit – Cənubi Qafqazın münaqişə yox, siyasi dialoq və regional əməkdaşlıq məkanı kimi tanınmasının başlanğıcıdır.
Rafiq TƏHMƏZ
Digər xəbərlər