NAXÇIVAN :

17 Noyabr 2025, Bazar ertəsi

Həsən müəllimlə söhbət

img

Hələ süni intellektin, yaxud internetin deyil, heç radio və televiziyanın da olmadığı bir dövrdə adamların oxumaq, dünyada və məmləkətdə olub-bitənlərdən xəbərdar olmaq marağı elə bir həddə çatmışdı ki, bu zaman baş verən hər hansı siyasi hadisə, yaranan texnoloji yenilik və ya keçirilən mədəni tədbir dövrün qəzetlərini sanki cəmiyyətin orqanik bir parçası halına gətirmiş, qəzet çıxarmaq və oxumaq maarifçilik və yenilik qaynağı kimi elit bir məşğuliyyətə dönmüşdü. Belə bir dövrdə XIX əsrin ikinci yarısından başlayaraq dünyada sənaye, nəqliyyat, texnologiya və təhsil sahələrində baş verən inkişaf ozamankı Azərbaycan cəmiyyətini, onun aydınlarını da dərindən düşündürürdü. Belə bir şəraitdə 150 il əvvəl, 1875-ci ildə yaranan “Əkinçi” qəzeti hələ Azərbaycan dilində heç bir qəzetin olmadığı dövr üçün milli mətbuatın flaqmanı kimi yaranıb, özündən sonrakı anadilli nəşrlər üçün də məktəb rolunu oynadı. Bu məktəbi görə bilmək, oradakı dərsləri dinləyə bilmək üçün dövlət başçımız Prezident cənab İlham Əliyevin Sərəncamı ilə böyük təntənə ilə qeyd olunan milli mətbuatın 150 illik yubileyi ərəfəsində “Əkinçi”nin naşiri Həsən bəy Zərdabi ilə kiçik bir virtual söhbətlə gəlin keçmişə qayıdaq. 
Şübhəsiz, Həsən müəllim bir ziyalı kimi XIX əsrin ikinci yarısındakı elmi-mədəni mühiti yaxşı bilən bir maarifçi baxışı ilə o dövrdə Rusiya imperiyasının tərkib hissəsi olan Azərbaycan cəmiyyətindəki problemləri, sadə insanlar arasındakı kütləvi savadsızlığı, orta əsrlərdən qalma feodal qayda-qanunlarına, mövhumata və fanatizmə meyli yaxşı görürdü. Cəmiyyətdəki təbəqələşmə, təhsilin rus dilində aparılması və bundan da yalnız varlı təbəqənin nümayəndələrinin bəhrələnməsi o dövrdəki Azərbaycanın tərəqqipərvər ziyalılarını dərindən düşündürürdü. Həsən bəy Zərdabi də bu qaranlıq mühitdən çıxış yolunu milli dilimizdəki kütləvi yazıb-oxumaqda görürdü ki, bunun da açarı ana dilimizdə nəşr olunacaq ilk qəzetdən keçirdi.  
Həsən bəy Zərdabinin təsisçisi və baş redaktoru olduğu “Əkinçi” də məhz belə bir dövrdə yaranmaqla təkcə yeni əkinçilik qaydalarını kəndlilərə aşılamaq, yaxud sağlam yaşamağın yolların öyrətmək deyil, uşaqların və xüsusən də qadınların təhsilli olmaları üçün cəmiyyətə güclü bir impuls vermək, bununla da ideoloji və mədəni inqilaba yol açmaq missiyası daşıyırdı. Bu missiya ziyalıların xalqla dialoqu kimi sonrakı illərdə daha da genişlənərək mətbu meydanda mollanəsrəddinçilər, füyuzatçılar yarandı, “Cavanlar həyatı” həyata vəsiqə qazandı. Sonrakı illərdə də xalqın içində yaşamağı bacarmış olan Azərbaycan mətbuatı bununla da Rusiyanın ucqar bir bölgəsindən Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və ordusuna sahib olan müstəqil Azərbaycanın canlı salnaməsini yaratdı. Ona görə də üzərindən keçən 150 illik bir təkamüldən sonra bu salnamənin səhifələrindəki bəzi tarixi hadisələri Həsən bəy Zərdabi ilə yenidən bölüşmək maraqlı olardı.  
Milli mətbuatımızın banisi bu gün yaşasaydı, müstəqil Azərbaycan dövlətinin qazandığı qələbələr onun qəzetində baş redaktor köşəsinin əsas başlıqlarını təşkil edərdi. Həsən müəllimlə söhbət imkanımız olsaydı, şübhəsiz, 1875-ci ildən sonrakı dövr, xüsusən XX əsrin əvvəllərində Rusiya imperiyasının yıxılması, daha sonra SSRİ-nin yaranması və çöküşü, dünyanın altını üstünə çevirmiş iki dünya müharibəsi, hava nəqliyyatının yaranması, kosmosun fəthi və nüvə enerjisinin kəşfi, radio, televiziya, kompüter texnologiyasının və internetin yayılması onu çox təəccübləndirərdi. “Əkinçi”nin nəşri üçün İstanbula gedib avadanlıq gətirmək üçün kim bilir neçə gün yol getmiş Həsən müəllimə indi Bakıdan və Naxçıvandan qardaş ölkəyə uçmaq üçün cəmi 2 saat vaxt tələb olduğunu deyə bilsəydik, bu onu nə qədər xoşbəxt edərdi? 
Yaxud Azərbaycan-Türkiyə-Pakistan qardaşlığını həmin 150 il əvvəlki dövrdə də yaxşı görmüş böyük maarifpərvər bu gün Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri və Pakistan lideri  təyyarəsinin Laçın Beynəlxalq Hava Limanına enişi haqqında xəbərləri kim bilir hansı coşqu ilə dərc etdirərdi?! 
150 il əvvəl Həsən müəllim də milli məsələdə prinsipial olub, “Əkinçi”nin nəşrinə qədər Azərbaycanda və eləcə də Cənubi Qafqazda rus, gürcü və erməni dillərində çıxan qəzet və jurnalların, eləcə də Qarabağa köçürülən erməni ailələrinin sayından yaxşı xəbərdar idi. Bu faktlar haqqında indi ondan soruşmaq imkanımız olsaydı, böyük maarifçi bunu indiki bəzi tarixçilərimizdən və hələ də rus dilini “vopşe”, “tak çto” və “znaçit” kimi sözlər səviyyəsində bilən Azərbaycançılıqdan uzaq bəzi akademiklərimizdən də yaxşı açıqlaya bilərdi. Ancaq ana dilini, onun gözəlliklərini, yəqin ki, o dövrdə də yaşamış rusdilli “çuşkalardan” qorumağı bacarmış Həsən müəllim indi Azərbaycanda hər yerdə dövlət dilinin öz dilimiz olduğunu bilsəydi, böyük ehtimal bunun sevinci altında dilimizi bəyənməyən dırnaqarası ziyalıların hər birinə bir qara kişi qalstuku da alıb, “skromnıy” hədiyyə edərdi.   
Ancaq Həsən müəllim əzmli olduğu qədər də səbirli olduğu üçün məsləkdaşlarına və davamçılarına həmişə qələmin gücü ilə mübarizə aparmağı, azad sözün gücünə inanmağı  tövsiyə  edirdi. Odur ki, Həsən bəy bugünkü qəzet,  radio, televiziya, onlayn media və sosial şəbəkələr formasında yayılan mediamızı izləyə bilsəydi, bu qədər geniş imkanların yaratdığı gücü hamıdan yaxşı görə bilərdi. Və 150 il  əvvəlki “Əkinçi”si ilə xalqı maarif­ləndirməyi düşündüyü  kimi, o bu gün də işıq sürəti ilə yayılan medianın vəzifəsinin insanlara qida, su qədər vacib olan xəbəralma tələbatının ödənilməsi olduğunu heç düşünmədən deyərdi. 
Alim “işıq”, “ziya”, “maarif” deməkdir. Uca Allah məzarını nurlu etsin Həsən bəy Zərdabinin! Onun 150 il əvvəl başlatdığı “Əkinçi”nin işığı bu gün də Azərbaycanın haqq səsini bütün dünyaya çatdırmağa və Azərbaycan reallıqlarını dünyaya əks etdirməyə çatır. Milli mətbuatımız Ulu Öndər Heydər 
Əliyevin dövlətçilik irsini daim yaşadıb təbliğ edən, dövlət başçımız Prezident İlham Əliyevin çıxışları səfərləri və görüşləri haqda xəbərləri kütləvi olaraq dünyaya yayan ideoloji bir ordu kimi də dövlətimizə, xalqımıza layiqincə xidmət edir. Odur ki, əgər bir möcüzə də baş verib Həsən bəyə Ordumuzun böyük Qarabağ Zəfəri, Türk və müsəlman dövlət  başçılarının Xankəndi və Şuşada keçirilən zirvə görüşləri haqda  xəbərlərini də verə bilsəydik, bu onu sonsuzadək rəhmətə qovuşdurardı. 
Ruhun şad olsun, böyük maarifçi insan!

Əli CABBAROV
 

DAHA ƏTRAFLI