Bu tədbir Azərbaycan milli Mətbuatının 150 illiyi ...
23:26 30.05.2025
0
0
0
NAXÇIVAN :
31 May 2025, Şənbə
Azərbaycanın müstəqillik tarixinin qızıl səhifələrinin yazıldığı bir dövrdə dövlət başçımız Prezident cənab İlham Əliyevin qardaş ölkələr və müttəfiqlərlə yaratdığı sıx strateji əlaqələr bu gün ölkəmizin iqtisadi-hərbi qüdrətini artrmaqla regionun güc sahibi olmasına imkan yaratmışdır. Otuz il əvvəl torpaqları işğal olunmuş və düşmənlə ağır şərtlər altında danışıqlar aparmağa məcbur edilmiş Azərbaycanın bu gün tam suveren ölkə kimi sərhəddən bir neçə kilometr aralıda Laçında həyata keçirdiyi quruculuq işləri bu bölgənin sülh və inkişaf dəhlizi olacağının qarantiyasını verir. Üç qardaş ölkə – Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının Azərbaycanın rəsmi dövlət bayramı 28 May – Müstəqillik Günündə Azərbaycanda, onun Laçın rayonunda görüşərək dünyaya sülh və qardaşlıq mesajı vermələri mürəkkəb dünya düzəni fonunda hər kəsin maraqla gözlədiyi bir hadisə oldu. Bu hadisə çətin tarixi sınaqlar dövründə bir-birinin yanında olmuş və hazırda da bu bağlılığı ən yüksək səviyyədə nümayiş etdirən Azərbaycan, Türkiyə və Pakistan liderlərinin bu dəfə Laçından dünyaya açdığı dəhliz kimi yadda qaldı.
Laçın Azərbaycanın strateji nöqtəsi, Şərqi Zəngəzurdan Qərbi Azərbaycana açılan geniş qapıdır. Hələ XIX əsrin əvvəllərindən ermənilər Xankəndi və ətrafına köçürüləndə bölgənin açarı olaraq məhz Laçın və buradan keçən kommunikasiyalar ölkəmizin gələcək suverenliyi üçün həyati əhəmiyyət qazandı. Üzərindən onlarla il keçəndən sonra XX əsrin sonlarında Azərbaycanın qarşılaşacağı erməni separatizmi və torpaqlarımızın işğalı bir daha Laçını və bütövlükdə, Şərqi Zəngəzuru dünya gündəminə gətirdi. Otuz il ərzində Qarabağı işğal altına almış Ermənistan bu torpaqların heç zaman onlara aid ola bilməyəcəyini bilə-bilə məhz Ermənistanı Qarabağ separatçıları ilə birləşdirəcək olan xəyali “Laçın dəhlizi”ni ortaya atmaqla danışıqları uzatmaq və işğalı əbədi etmək istəyirdi. Beləcə, mayın 27-də Laçında olarkən dövlət başçımızın yerli sakinlərlə görüşü zamanı xatırlatdığı kimi həmin illərdə xalqımız Şuşanın, Laçının və digər rayonlarımızın işğal tarixlərini böyük qüssə ilə xatırlayır, bunu gələcək nəsillərimizin üzərinə düşəcək böyük yük kimi görürdü.
Lakin çürük erməni ordusunun belini qırıb və separatçı xuntanı tamamilə məhv etmiş qəhrəman Azərbaycan Ordusunun rəşadəti ilə bu gün torpaqlarımız tamamilə suverenliyinə qovuşmuş və bir zamanlar “Laçın dəhlizi”ni su yoluna çevirənlərin bir çoxu artıq İrəvanda oturub öz konstitusiyalarına yenidən baxmağa çalışır, bir çoxu isə Bakıdakı təcridxanada kağız stəkanda çay içirlər. Beləcə, zamanın çarxı birdən elə dəyişdi ki, Laçının meşələrindəki oduna da göz dikmiş ermənilər heç üzərindən beş il keçməmiş bu dəfə Laçın Beynəlxalq Hava Limanında ay-ulduzlu bayraqlı dövlətlərin liderlərinin səfərindən danışmağa məcbur oldular. Çünki Laçın artıq təkcə bir coğrafi məkan deyildir. Laçın Azərbaycanın qüruru, Türk-müsəlman dünyasının birliyi və regionun gələcəyinə açılan qapıdır.
Laçın ölkəmizin böyük rayonlarından olub, iqtisadiyyatı heyvandarlıq, taxılçılıqla güclü olan və zəngin hidroenerji potensialına malik bölgəsidir. Lakin otuz il əvvəl Laçın faciəli günlərini yaşayırdı. 1992-ci il mayın 18-də Rusiya silahları ilə gücləndirilmiş Ermənistanın silahlı dəstələri Laçını işğal edəndən sonra bütün Qarabağa yollar açıldı və digər rayonlar üçün də erməni təhlükəsi qaçınılmaz oldu. O zamanlardan “Laçın dəhlizi” ifadəsini eşidəndə yaddaşlarda erməni silahlıları, ayrılıq, qanlı işğal və zülm canlanırdı. Ermənilər bu dəhlizdən keçib, Qarabağda qondarma rejimə nəfəs verirdilər. Bütün dünya isə buna susur, Azərbaycanın haqq səsi cavabsız qalırdı.
Amma zaman dəyişdi. İndi tarix Azərbaycanın xeyrinə yazılır. Həmin acı günlər də tarixdə qaldı. 27 may günü Laçın rayonunun Bəylik kəndinə köçən sakinlərlə görüşü zamanı dövlət başçımız Prezident İlham Əliyevin dediyi kimi: “İndi bizim gözəl tarixlərimiz var, gözəl bayramlarımız var. 18 may – Laçının işğal günü, 8 may – Şuşanın işğal günü, onlar artıq tarixdə qaldı. Siz yaxşı bilirsiniz ki, işğal dövründə laçınlılar, şuşalılar, digər rayonlardan olan insanlar hər il işğal gününü matəm kimi qeyd edirdilər. Bu hər il onların dərdinə dərd əlavə edirdi, amma artıq o günlər yoxdur. Bizim indi 8 Noyabr günümüz var – Zəfər Günü, bizim 26 Avqust günümüz var – Laçının azad olunması günü və Laçının Günü kimi qeyd olunur. 23 Aprel var – o vaxt ki, Laçın istiqamətində biz öz sərhədimizə sahib çıxdıq və bizim sərhədimizdə yerləşənləri kənarlaşdıraraq artıq mənfur Laçın dəhlizini də nəzarətə götürdük”. Beləliklə, artıq bu yol Azərbaycanı ayıran yox, Azərbaycanı dünyaya birləşdirən, Türk dünyasına bağlayan, Cənubi Qafqazın mərkəzinə çevrilən strateji arteriyadır.
2025-ci il mayın 28-i isə bu tarixi dəyişikliyin mühüm bir zirvəsi oldu. Qısa müddətdə Laçında aparılmış genişmiqyaslı quruculuq, yaşayış məntəqələrinin tikintisi, sənaye və kənd təsərrüfatı müəssisələrinin yaradılması ilə yanaşı, Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ölkəmizdə istifadəyə verilmiş doqquzuncu beynəlxalq hava limanı olmaqda Azərbaycanın regiondakı strateji rolunu daha da gücləndirdi. Bu hava limanı, sadəcə, bir infrastruktur deyil, güclü iradənin gələcəyə yönəlmiş strateji niyyətin, qəti və gələcəyə yönəlik baxışın ifadəsi kimi yaddaşlarda qaldı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyub Ərdoğanın da iştirakı keçirilən möhtəşəm açılış mərasimi, əslində, Cənubi Qafqazın geosiyasi xəritəsində mühüm bir hadisəyə çevrildi. İndi artıq Laçın dəhlizi qlobal inteqrasiyanın yoluna çevrilib.
İşğaldan azad olunmuş ərazilərdə inşa olunan hava limanlarımız Azərbaycan iqtisadiyyatının, onun dost və qardaş ölkələrlə qurduğu strateji əlaqələrin gücünü göstərməklə yanaşı, eyni zamanda həm də logistika baxımından çox əhəmiyyətlidir. Gələcəkdə bütün Şərqi Zəngəzuru və Naxçıvanı əhatə edəcək daha geniş nəqliyyat və infrastruktur layihələrinin tərkib hissəsi kimi Laçın Beynəlxalq Hava Limanı vasitəsilə həm sərnişin, həm də yük daşımalarının intensivləşməsi mümkün olacaq. Nəticədə, Laçının beynəlxalq nəqliyyat dəhlizlərinə, xüsusilə Zəngəzur dəhlizi, Şimal-Cənub və Şərq-Qərb tranzit yollarına inteqrasiyası, bütövlükdə, regionun iqtisadi mənzərəsini dəyişə, Azərbaycanın qərb bölgələrini Naxçıvana, oradan isə Türkiyə və Avropaya çıxışını sürətləndirə bilər. Bu isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə, digər türk dövlətləri və Asiya nəhəngləri üçün də strateji əhəmiyyət daşıyır. Regionun turizm potensialını da artıracaq Laçın Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun və Qarabağın füsunkar təbiətini və tarixi abidələri görmək istəyən turistlərə daha rahat şərait yaratacaq, bölgədə turizm, ticarət və xidmət sektoru sürətlə inkişaf edəcək.
Xalqımız daha bir böyük bayramı ay-ulduzlu bayraqlarla təntənə ilə qeyd etdi. Milli müstəqilliyimizin 107-ci ildönümünü Laçında bərabər bayram edən qardaş ölkələr – Azərbaycan, Türkiyə və Pakistan dövlət başçıları dünyaya “Laçın dəhlizi”nin artıq Azərbaycana işğal və terror yolu deyil, Laçının yenidən qurulmasına, türk və İslam xalqlarının birlik və tərəqqisinə açılan yol olduğunu dünyaya bəyan etdilər.
Əli CABBAROV
Digər xəbərlər