President Ilham Aliyev is participating in first p...
16:47 16.05.2025
0
0
0
NAXÇIVAN :
16 May 2025, Cümə
Xalqımızın tarixi, mədəniyyəti və sahib olduğumuz təbii sərvətlər hələ qədim dövrlərdən ölkəmizin şöhrətini dünyaya yaymış, Azərbaycanın zənginliyindən xəbər vermişdir. Təbii sərvətlərimiz içərisində isə artıq dünyada brend olmuş və Azərbaycanın şöhrətini hər yerə yaymış mineral sularımızın xüsusi yeri vardır. Mineral sular şəfa və müalicə vasitəsidir. Bu sular özəl qablaşdırmalarda rəsmi qonaqlara və dəvətlilərə təmtəraqla təqdim olunmaqla həm də simvolik məna kəsb edir. Bu isə ölkəmizdə hasil olan mineral suların yüksəksəviyyəli təqdimatı kimi hər birimizi fərəhləndirir. Dövlət başçımızın qatıldığı rəsmi qəbullarda və tədbirlərdə masada təqdim olunan “Sirab”, “Badamlı” və “İstisu” suları bu baxımdan xüsusilə seçilməkdədir.
Naxçıvan ərazisi mineral suların zənginliyinə görə təkcə ölkəmizdə deyil, dünyada tanınan yerdir. Naxçıvan-Şahbuz yolunun 25-ci kilometrliyində, Badamlı qəsəbə ərazisində çıxan təbii mineral su qaynağı XIX əsrin sonlarından tanınıb. 1947-ci ildən yaradılmış kiçik istehsal sahəsi ilə ilk dəfə istehsalına başlanılan bu su qısa müddətdə şöhrətə qovuşub. Dəniz səviyyəsindən 1274 metr yüksəklikdə çıxan “Badamlı” insan sağlamlığı üçün zəngin mineral tərkibə malikdir. Süfrələrin bəzəyi olan “Badamlı” mineral suyu hazırda 42,5 min kvadratmetr ərazidəki müasir avadanlıqlı zavodda beynəlxalq standartlara uyğun şəkildə qazlı və qazsız olmaqla, 20 çeşiddə qablaşdırılaraq satışa göndərilir. Hazırda illik istehsal gücü 8 saatlıq birnövbəli iş rejimində 64 milyon şərti butulkaya çatan “Badamlı” son illərdə Türkiyə, Rusiya, Ukrayna, Latviya, Özbəkistan, İraq, İran olmaqla, 7 ölkəyə ixrac edilməklə Azərbaycanın tanınmış brendinə çevrilib.
Hər damlasında həyat qaynayan “Sirab” Naxçıvanın digər bir məşhur suyu olub, Naxçıvan şəhərinin 14,6 kilometr şimal-şərqində, Babək rayonunun Sirab kəndi ərazisində çıxır. 1950-ci ildən istehsal olunan bu suyun faydalı mineral tərkibi olduqca zəngindir, müalicə və süfrə məqsədilə istifadə edilir. Rusiya, Belarus, Türkiyə, Qazaxıstan, Amerika, Estoniya və Litvaya ixrac olunan “Sirab” müvafiq sertifikat alaraq Estoniya və Litva respublikaları timsalında Avropa Birliyi bazarına da çıxıb. Hazırda qazlı və qazsız olmaqla, 25 çeşiddə satışa çıxarılan “Sirab”ın illik istehsal gücü 8 saatlıq iş rejimində 140 milyon litrdir. ISO sertifikatlı “Sirab” beynəlxalq qida məhsulları sərgilərində qızıl medallar almış, müxtəlif illərdə ölkəmizdə “ilin brendi” və “ilin ixracatçısı” mükafatlarını da qazanmışdır.
Kəlbəcərin məşhur “İstisu”yunun istehsalına 1976-cı ildə başlanılıb, qısa müddətdə Azərbaycanda və respublika hüdudlarından kənarda rəğbət qazanıb. Torpaqlarımız işğaldan azad olunandan sonra 26 iyun 2022-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev yenidən “İstisu” mineral su zavodunun təməlini qoyub. 2024-cü il sentyabrın 2-də Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyevanın iştirakı ilə açılışı olmuş “İstisu” mineral su zavodunda yenidən bu dadlı suyun istehsalına başlanılıb. Qısa müddətdə ölkəmizin hər yerində süfrələrdə öz yerini alan “İstisu” hazırda Gürcüstana da ixrac olunmaqla bu ölkənin bazarına çıxarılmış Azərbaycanın ilk mineral suyudur.
Bəli, bu gün suveren ölkəmiz öz sərvətlərinin də tam sahibidir. Azərbaycana gəlmiş hər bir ali qonaq, hər bir turist mineral sularımızı da dadmaqla bu torpağa bəxş olunan ilahi gözəlliklərdən zövq alır, bunun xoşbəxtliyini yaşayır. Bu suların hər damlasında başqa bir həyat var.
Əli CABBAROV
Digər xəbərlər