Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
09:07 19.04.2025
0
0
0
NAXÇIVAN :
19 Aprel 2025, Şənbə
Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramlı “Şərq qapısı” qəzeti üçün Qars-İğdır-Naxçıvan dəmir yolunun perspektivləri barədə fikirlərini bölüşüb:
– Vüqar müəllim, ilk sualımız, şübhəsiz, Qars-İğdır-Naxçıvan dəmir yolunun Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı üçün əhəmiyyəti barədədir. Bu dəmir yolu gələcəkdə muxtar respublikanın nəqliyyat-kommunikasiya imkanlarına və işgüzar fəallığa necə təsir edəcək?
– Naxçıvan Muxtar Respublikası uzun müddətdir ki, blokada şəraitində yaşayır. Nəzərə alsaq ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa quru nəqliyyat əlaqəsinin olmaması Naxçıvan Muxtar Respublikasının xüsusən də xarici bazarlara çıxış imkanlarını məhdudlaşdırır. Təbii ki, bu kontekstdən Qars-İğdır-Naxçıvan dəmir yolunun açılması muxtar respublikanın iqtisadiyyatı üçün əhəmiyyətli bir layihədir, çünki bu bir tərəfdən Naxçıvan Muxtar Respublikasının nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə və eyni zamanda xüsusən də idxal-ixrac əməliyyatlarının və ticarət dövriyyəsinin artmasına imkan verəcək. Nəticə etibarilə, bu, xüsusən də Naxçıvanda istehsal edilən məhsulların Türkiyə və Türkiyə vasitəsilə daha geniş bazarlara çıxarılması baxımından vacib bir layihədir və ümumiyyətlə, hər bir bölgənin inkişafı nəqliyyat və kommunikasiyaların səviyyəsindən və infrastrukturunun inkişafından birbaşa asılıdır. Qardaş Türkiyə ilə Naxçıvan arasında dəmir yolu xəttinin istifadəyə verilməsi Naxçıvanın inkişafı baxımından yeni mərhələ kimi xarakterizə olunur.
– Qars-İğdır-Naxçıvan dəmir yolunun gələcəkdə açılması gözlənilən Zəngəzur dəhlizinin reallığa çevrilməsinə nə kimi təsiri olacaq?
– Təbii ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizi açıldıqdan sonra Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Nəzərə alsaq ki, Zəngəzur dəhlizinin Azərbaycan hissəsindəki işlərin 93 faizi artıq tamamlanıb və bu dəhlizin istifadəyə verilməsi, sadəcə, bir zaman məsələsidir. Üçtərəfli bəyannaməyə uyğun olaraq Zəngəzur dəhlizinin yaxında istifadəyə verilməsi real olacaq. Bu da praktiki olaraq Zəngəzur dəhlizi və Qars-İğdır-Naxçıvan dəmir yolu vasitəsilə Türk dünyasının birləşməsi deməkdir. Dəmir yolu vasitəsilə daha irihəcmli yüklərin daşınması mümkün olduğundan və Zəngəzur dəhlizinin də gələcəkdə Şimal-Cənub nəqliyyat dəhlizinə inteqrasiyası nəzərdə tutulduğundan Qars-İğdır-Naxçıvan dəmir yolunun geosiyasi və strateji əhəmiyyəti daha da artacaq və Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar üçün ixrac imkanları da genişlənəcək.
– Bəs bu dəmir yolunun gələcəkdə nə kimi müştərək bölgəsəl layihələrin reallaşmasına təsiri ola bilər?
– Təbii ki, Qars-İğdır-Naxçıvan dəmir yolu mühüm birgə layihədir və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən belə müştərək layihələr regionda enerji və qeyri-neft sahəsi üzrə digər layihələrə də təkan verəcək. Belə ki, bu dəmir yolu ilə yaranacaq yeni nəqliyyat imkanları Azərbaycan iqtisadiyyatının daha da şaxələndirilməsi üçün yeni layihələrə imkan yaradacaq. Həyata keçirilən müştərək layihələr isə, bütövlükdə, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirəcək.
– Müsahibə üçün sağ olun!
Əli CABBAROV
Digər xəbərlər