NAXÇIVAN :

14 May 2025, Çərşənbə

Azərbaycan-Çin münasibətləri yeni mərhələdə

...

Ölkəmiz mühüm geostrateji mövqeyi və sabit dinamikalı inkşaf tempi ilə təkcə qonşu ökələrin deyil, həm də dünyanın super dövlətlərinin strateji müttəfiqi, etibarlı partnyorudur. Şərq-Qərb dialoqu və iqtisadi-mədəni əməkdaşlığında Azərbaycanın tutduğu bu mühüm yer Asiya nəhəngi Çinin də maraqlarına uyğun olmaqla, iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığı və gələcəyə yönəlmiş strateji müttəfiqliyə qədər zəmin yaradan mühüm amillərdəndir. Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” layihəsində ən etibarlı körpü statusuna sahib olan Azərbaycanla bu dövlətin malik olduğu siyasi dialoq isə tarixinin ən yüksək səviyyəsinə çatmaqla bu gün məsafədən asılı olmayaraq, iki ölkənin necə sıx dostluq əlaqələri qura biləcəyini bir daha dünyaya nümayiş etdirir.

Bu ilin aprel ayında Prezident İlham Əliyevin Çinə etdiyi dövlət səfəri, bu mənada, Azərbaycan-Çin münasibətlərinin tarixində əlamətdar bir hadisə oldu. Çində rəsmi qarşılama zamanı dövlət başçımızın çox sevdiyi “Ey Vətən” mahnısının melodiyaları, əllərində Azərbaycan və Çin bayraqları tutan çinli uşaqların coşqusu ilə qarşılanan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban xanım Əliyevaya göstərilən böyük diqqət dünyanın ikinci böyük iqtisadiyyatına, ən böyük əhali ehtiyatlarına, insan resurslarına və əlçatan texnoloji gücünə sahib bu dövlətin də tarixində mühüm hadisələrdən biri oldu. Səfərdə əldə olunmuş razılaşmalar, bağlanılmış müqavilələr və keçirilmiş görüşlər həm Çin, həm də Azərbaycan mətbuatında geniş təhlil olunaraq bu iki ölkənin yaxınlaşmasının regional və qlobal əməkdaşlığa verə biləcəyi töhfələr baxımından dəyərləndirilməkdədir. Başqa sözlə, bu səfər təkcə yüksəksəviyyəli protokol görüşləri ilə yadda qalmadı, həm də konkret nəticələrə – strateji sənədlərə, yeni layihələrə və əməkdaşlıq formatlarına yol açdı. Nəticədə, Azərbaycanla nəhəng Çin arasında münasibətlər artıq yeni nəfəs, yeni baxış və qarşılıqlı maraqlar üzərində formalaşmaqdadır.

Dövlətlər arasındakı yaxınlaşma ilk olaraq onların tarixi yaxınlığı, liderlərinin siyasi iradəsi və qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradan münbit şərtlərlə sıx əlaqədardır. Hazırkı dünya siyasi və iqtisadi konyunkturası da bu mənada, Çinlə Azərbaycanın hərtərəfli yaxınlaşması üçün əlverişli zəmin yaradıb, bu ölkənin sahib olduğu yüksək texnologiya, əhali ehtiyatları, yaşıl iqtisadiyyata keçid təcrübəsi və şübhəsiz, daha çox işğal siyasətindən uzaq, dinc quruculuq məzmunlu layihələrə əsaslanan inkişaf strategiyası ilə üst-üstə düşür. Məhz bu perspektivlər baxımından sözügedən dövlət səfəri zamanı Çin və Azərbaycan arasında turizm əlaqələri zamanı vizaların qarşılıqlı olaraq ləğv olunması hər iki ölkənin qonaqpərvərlik sektorunun, xüsusən də Çindən səfər edəcək turistlərin hesabına bizim turizm sektorunun inkişafına mühüm töhfələr verəcək. Çin isə hazırda dünyanın ən çox turist göndərən ölkəsi olub son məlumatlara görə ildə bu rəqəm, təxminən, 200 milyon nəfərə çatmaqdadır. Eləcə də çinli turistlər də dünya turizm sənayesinin qazandığı 1,5 trilyon ABŞ dollarlıq gəlirinin az qala beşdəbirini verməkdədir. Çinli turistlərin Azərbaycana, onun təbiətinə və mədəniyyətinə və həmçinin mətbəxinə olan marağı, bu mənada, Çindən Azərbaycana gələn turistlərin sayını düz mütənasib olaraq artırır. Bu baxımdan ölkələrimiz arasında vizaların ləğvi turizmin inkişafı aspektində mühüm hadisə olub ölkəmizin turizm sektoruna və həm də iki ölkə arasında mədəniyyət diplomatiyasına yeni həyat verəcək.

Çinin zəngin tarixi, mədəniyyəti, innovativ sənaye potensialı və güclü ordusu vardır. Şübhəsiz, bu qədər böyük gücə malik olmaq isə, öz növbəsində, yüksək təhsil mədəniyyətinə və təhsil standartlarına malik olmaqla mümkün olur. Ölkəmizin sürətlə dəyişən dünya iqtisadiyyatına inteqrasiyasını qarşıya məqsəd qoymuş dövlət başçımız Prezident İlham Əliyev müstəqil, suveren Azərbaycanın qazandığı bütün nailiyyətləri və qələbələri dayanıqlı edə bilmək üçün layiqli intellektual gənc nəsil yetişdirmək strategiyası baxımından Çinin təhsil sahəsində qazandığı uğurlardan faydalanmağın hər iki ölkənin maraq və mənafeləri baxımından faydalı olacağını qeyd edə bilərik. Bu maraqlar bu gün Avropanın düşdüyü rəngarəng qorxunc gənclikdən uzaq, savadlı, ailə dəyərlərinə sadiq savadlı kadrlar hazırlamaqdır. Bu istiqamətdə Azərbaycan və Çin universitetləri arasında əlaqələrin gücləndirilməsi də gələcəkdə mühüm nailiyyət sayıla bilər.

Çin və Azərbaycan hələ qədim İpək Yolu ticarəti dövründən bir-birini yaxşı tanıyan ölkələr olub. Çin mallarını Avropaya daşıyan tacirlər Azərbaycandan, eləcə də Şərqin qapısı Naxçıvan ərazisindən rahat şəkildə keçməklə bu iki sivilizasiya arasında iqtisadi və mədəni körpülər qurmuşlar. Ona görə də müasir mərhələdə iki ölkə arasında əldə olunmuş ən maraqlı razılaşmalardan biri kimi Azərbaycanın Naxçıvan şəhəri ilə Çin Xalq Respublikasının Sincan-Uyğur Muxtar Bölgəsinin mərkəzi olan Urumçi şəhəri arasında qardaşlaşma sənədinin imzalanmasını xalqlar arasında humanitar-mədəni sahədə əldə olunmuş mühüm nailiyyət kimi qiymətləndirmək mümkündür. Başqa sözlə, Naxçıvanla Urumçinin qardaşlaşması, sadəcə, kağız üzərində bir saziş deyil, həmçinin bu, tarixi İpək Yolundan gələn müsbət ənənələrin birgə davamı kimi uğurlu yolçuluğudur. Burada Naxçıvanın coğrafi mövqeyini, gələcək logistik imkanlarını və beynəlxalq dəhlizlərdəki rolunu da nəzərə aldıqda ölkəmizin Çinlə əməkdaşlığında bu razılaşmanın əhəmiyyətini bir başqa məzmunda vurğulamaq mümkündür.

Hazırda Azərbaycan-Çin əlaqələri özünün ən yüksək inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyevin Çinə son dövlət səfəri də bir daha sübut etdi ki, Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda tərəfdaşlıq əlaqələrini uğurla inkişaf etdirir. Humanitar sahədə vizasız rejim, təhsildə ortaq layihələr və regionlararası qardaşlaşmalar bu münasibətlərin əyani göstəricisidir. Bu layihələr və humanitar əlaqələr isə sabahın güclü körpülərini inşa edir.

Əli CABBAROV

Nəşr edilib : 13.05.2025 11:27