Zeynəb Quliyeva: “Prezidentin Sərəncamı zəngin tar...
20:43 22.05.2025
0
0
0
NAXÇIVAN :
22 May 2025, Cümə axşamı
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü və bu görüşdə qəbul olunmuş bəyannamə Türk dünyasının gələcək inkişafı üçün strateji yol xəritəsi olmaqla yanaşı, ortaq türk kimliyinin möhkəmləndirilməsinə, regional və qlobal əməkdaşlıqların dərinləşdirilməsinə yönəlmiş mühüm çağırış və təşəbbüsləri əks etdirir. Macarıstanın ev sahibliyi etdiyi bu görüş təşkilatın tarixində mühüm mərhələ olmaqla yanaşı, Avropa məkanında da Türk dünyasının birliyi və əməkdaşlığını nümayiş etdirmək baxımından mühüm əhəmiyyət daşıyır.
Təməli 2009-cu ildə Qərbin Şərqə açılan qapısı Naxçıvanda qoyulmuş Türk Dövlətləri Təşkilatı türbulanslar və ciddi sınaqlarla dolu ötən dövrdə buraya üzv dövlətlərin yalnız tarixi və mədəni bağlarla deyil, eyni zamanda müasir geosiyasi, iqtisadi və təhlükəsizlik kontekstində də bir-birinə bağlı olduqlarını, onların ortaq maraqlar daşıdıqlarını bir daha sübut etmişdir. Bu baxımdan təşkilatın Avrasiyada, bütövlükdə dünyada konsolidasiya olunmuş mühüm bir gücə çevrilərək birləşdirdiyi xalqların sahib olduğu ortaq dəyərlərin, milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını da qeyd etmək mümkündür.
Hazırda türkdilli dövlətlər özünün qızıl əsrini yaşasa da, dünyada, xüsusən də onların sərhədlərində baş verən münaqişələr və kəsişən qlobal maraqlar Türk dövlətləri arasında siyasi, iqtisadi, ekoloji, sosial, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişləndirilməsini, qlobal təhdidlərə qarşı birgə sinerjiyə sahib olmasını şərtləndirir. Sınanmış dost ölkə Macarıstanın paytaxtında keçirilmiş Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyevin imzaladığı 71 maddəlik bəyannamədə ölkələr arasında əməkdaşlıq spektrinin daha da genişlənməsi, ortaq iqtisadi gücün əldə olunmasının daşıdığı əhəmiyyət vurğulandı. Müasir dövrün qlobal problemlərindən olan terrorizm, transmilli cinayətkarlıq və kibercinayətkarlığa qarşı birgə mübarizə sahəsində beynəlxalq hüquqa əsaslanmaqla birgə mübarizə aparmaqda qərarlı olan Türk dünyası dövlətləri regional münaqişələrin ədalətlə həllinə öz konstruktiv mövqelərini ortaya qoymaqla dəstəklədiyini bildirirlər.
Türkdilli ölkələr coğrafi məkan kimi dünyanın mərkəzi olmaqla Avropa və Asiya arasında mühüm logistik mərkəz, eyni zamanda ənənəvi və alternativ enerji transferində mühüm tranzit rolunu da oynamaqdadır. Bununla yanaşı, ötən il ölkəmizin uğurla ev sahibliyi etdiyi COP29 tədbirində əldə olunmuş Bakı nailiyyəti hədəflərinə çatmaq üçün Azərbaycan və TDT-yə üzv olan digər türkdilli ölkələr qarşıya qoyulmuş, “yaşıl enerji”, iqlim dəyişikliyi və ətraf mühitin qorunması məsələlərində ortaq strategiyaların hazırlanmasının vacibliyini vurğulamaqla zirvənin dünyəvi problemlərin həlli baxımından da dəyərini ortaya qoydular.
Türk xalqlarının ortaq mədəniyyəti ümumibəşəri sərvət, bütün dünyanın sülh və tərəqqi naminə faydalana biləcəyi qiymətli irsdir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi iradəsi Zirvə görüşündə iştirak edən liderlərin ümumi ortaq dili kimi səsləndi. Ölkələr arasında gənclər və idman sahəsində mübadilə proqramlarının genişləndirilməsi, TÜRKSOY-un təşəbbüsü ilə Qazaxıstanın Aktau şəhərinin “Türk Dünyasının 2025-ci il Mədəniyyət Paytaxtı” elan edilməsi, Novruz bayramının TDT çərçivəsində qeyd olunması və Türk Mədəniyyəti və İrsi Fondunun genişlənməsi məsələləri gələcəkdə mədəni diplomatiya kanalları kimi bütün xalqlara geniş inteqrasiya qapısı açacaqdır. Bu mənada, Nobel mükafatı laureatı Əziz Sancara təqdim olunan beynəlxalq mükafatı Türk dünyasında elm və mədəniyyətin inkişafına mühüm töhfə kimi dəyərləndirmək olar.
Müasir beynəlxalq siyasət, xüsusilə də pozulmuş dünya düzəni dövlətlərin bir-birinə bağlılığını, tarixi dostluqların daha da möhkəmləndirilməsinin önəmini ortaya çıxarmaqdadır. Bu mənada, Budapeşt Zirvəsində qəbul olunmuş bəyannamədə üzv dövlətlərin BMT və digər beynəlxalq təşkilatlarda bir-birinin namizədliklərini dəstəkləməsi, diplomatik əlaqələrin gücləndirilməsi və ortaq maraqlara əsaslanan təşəbbüslərin koordinasiyası qərarı Türk dünyasının gələcəkdə daha aktiv və koordinasiyalı çıxış etməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu mesajın qoca qitənin mərkəz nöqtəsi, ev sahibi Macarıstandan verilməsi isə etibarlı dostların hər hansı konyunkturada bir-birinə həmişə sadiq qalacağının açıq nümayişi idi.
Bununla da Budapeşt Zirvəsi bir daha nümayiş etdirdi ki, Türk Dövlətləri Təşkilatı yalnız bir regional qurum deyil, həm də ortaq dəyərlərə, mədəni irsə və strateji baxışlara əsaslanan çoxölçülü əməkdaşlıq platformasıdır. Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməsi bu prosesin davamlılığına və liderlik roluna verdiyi töhfənin göstəricisidir. Türk dövlətlərinin birliyi və həmrəyliyi həm regional, həm də qlobal çağırışlara cavab vermək üçün mühüm platforma olaraq formalaşmaqdadır.
Əli CABBAROV
Digər xəbərlər