NAXÇIVAN :

05 Fevral 2025, Çərşənbə

Azərbaycanlıların xaricdə təhsilə artan marağı

img

Ən çox üstünlük verdikləri ölkələr

Son illərdə Azərbaycan gəncləri xaricdə təhsil almağa daha çox maraq göstərirlər. Bunun başlıca səbəbləri daha keyfiyyətli təhsil almaq, beynəlxalq təcrübə qazanmaq, karyera imkanlarını genişləndirmək və xarici dildə bilik səviyyəsini artırmaqdır. Həm Dövlət proqramları, həm də fərdi imkanlar çərçivəsində minlərlə azərbaycanlı tələbə hər il dünyanın müxtəlif ölkələrində təhsil almağa gedir. Bəs azərbaycanlılar ən çox hansı ölkələri seçirlər?

Azərbaycanlıların ən çox üz tutduğu ölkələri  ardıcıllıqla sadalamalı olsaq, ilk yeri Almaniya tutar. Çünki burada təhsil pulsuzdur. Daha sonra qeyd etdiyimiz kimi, xərclər az olduğu üçün Türkiyə, yaxınlıq baxımından Ukrayna, Gürcüstan, təqaüd proqramlarına görə İtaliya, Macarıstan, İngiltərə, Amerika, Kanada kimi ölkələri sıralamaq mümkündür. Eyni zamanda Rusiya universitetləri də bu siyahıya daxildir.

Xaricdə təhsil almaq istəyən azərbaycanlıların daha çox üstünlük verdiyi ölkələrdən biri Türkiyədir. Bunun əsas səbəbləri arasında mədəni və dil yaxınlığı, təhsil sisteminin keyfiyyəti və münasib qiymətlər yer alır. Azərbaycanlı tələbələr Türkiyə universitetlərinə qəbul olmaq üçün, əsasən, YÖS (Yabancı Öğrenci Sınavı) və ya SAT (Scholastic Aptitude/Assessment Test) imtahanlarını verirlər.

Azərbaycanlıların xaricdə təhsil üçün üstünlük verdiyi ölkələrdən biri də İtaliyadır. Səbəb isə həmin ölkə üçün nəzərdə tutulan təqaüd proqramlarıdır. Xaricdə ali təhsil almaq istəyən tələbələr üçün İtaliya incəsənət, tarix, memarlıq və modanın qovuşduğu unikal gözəllik ölkəsidir. Ziyarətçiləri valeh edən səmimi və istiqanlı insanları, mədəni müxtəlifliyi, Roma, Florensiya, Siena, Boloniya, Milan kimi hər birinin özünəməxsus xüsusiyyətləri olan tələbə şəhərləri və dövlət universitetlərində pulsuz və ya ucuz təhsil almaq imkanı bu ölkəni beynəlxalq tələbələr üçün getdikcə daha populyar edir. 

Hazırda ən ciddi problem xarici ölkələrdə təhsil alanların diplomlarının tanınması ilə bağlıdır. Bu bəzi hallarda xarici təhsil xidməti göstərən şirkətlərin şəxsi kommersiya maraqları ucbatından baş verir. Buna görə də təhsil alanlar oxuyacaqları universitetlərin lisenziya müddətinin bitmiş və akkreditasiyası olmayan universitetlər olmamasına diqqət etməlidirlər.

Aygün RÜSTƏMOVA

DAHA ƏTRAFLI