NAXÇIVAN :

16 Aprel 2025, Çərşənbə

İnsanlara nur bəxş edən alim

...

Deyirlər ki, hər bir böyük şəxsiyyətin arxasında bir böyük qadın dayanır. Əgər belədirsə, onda qeyd etməliyik ki, Ümummilli Lider Heydər Əliyevin arxasında iki əvəzolunmaz qadın dayanıb. Bunlardan biri onun anası İzzət xanım, digəri isə ömür-gün yoldaşı Zərifə xanım olub. Həyatda bəzən qəribə təsadüflər baş verir. Zərifə xanım Heydər Əliyevlə ailə həyatı quranda ona heç soyadını dəyişdirmək lazım olmadı, Zərifə xanım da Əliyevlərdən idi. Çox zaman belə xoşbəxt ailələrin qanı da uyğun gəlir. El arasında isə belə məsəllər məşhurdur: ərlə arvadın torpağı eyni yerdən götürülür. Yaxud gəlin ocağa çəkər. İzzət xanım oğlunu Zərifə xanım kimi tale mələyinə tapşırmışdı. Arxayın idi ki, gəlini oğluna arxa-dayaq olacaq, onu bir çox bəlalardan hifz eləyəcək. Zərifə xanım, ilk növbədə, Heydər Əliyevə ruhən, daxilən yaxın bir insan idi.

Yüksək mədəniyyət və ürəkdən gələn səmimiyyət Zərifə xanımın əsl simasını təşkil edirdi. Bu cazibədar qadının ətraf aləmə güclü təsir göstərdiyini təsdiqləyənlərin hamısı həmin təsir gücünə izah verməkdə çətinlik çəkirlər. Onlar yalnız bunu deyə bilirlər ki, Zərifə xanımın aurası cazibədar idi, adam onunla ünsiyyətdən, təmasdan yorulmur, əksinə, ruhən zövq alırdı. Sübut olunmuş həqiqətdir ki, qadın bir şəxsiyyət kimi nə qədər böyük olursa, özünə bir o qədər az qapılır, daha artıq başqa insanların problemləri ilə yaşayır, başqaları haqqında düşünür. Zərifə xanımın da şəxsiyyətinin gücü məhz bunda axtarılmalıdır. 
Hələ gənclik illərindən başqalarının problemləri onu daha çox maraqlandırırdı. Onun şəfqətli aurasından hamıya pay düşürdü. Həmin o nurun, o işığın kölgəsi onu tanıyan insanların çöhrəsində təbəssümlə qarışır. Zərifə xanımla bircə anlıq ünsiyyət saxlamış hər kəs onun xatirəsi qarşısında sonsuz hörmətini izhar etməyə bilmir. 
Zərifə xanım ömrünün mənasını öz elmi axtarışlarında və ailəsində görürdü. Lakin elmi tədqiqatları da, ailə-məişət qayğıları da məhz onun şəxsiyyətinin nurunda aşkarlanırdı. Bəşər tarixinin bütün dövrlərində bütün millətlərin filosofları yorulmadan bir suala cavab tapmaq istəmişlər. Bu sual da ondan ibarət idi ki, insan öz imkanlarını tam reallaşdırmaq və bir şəxsiyyət kimi formalaşmaq üçün nə etməlidir? Bütün hallarda cavablar çoxcəhətliliyinə və müxtəlifliyinə baxmayaraq, çıxış nöqtəsi kimi şəxsiyyətin formalaşdığı ictimai mühitlə əlaqələndirilir, məhz bu istinadgaha söykənir.
Bu baxımdan yanaşdıqda Zərifə xanımın təkrarolunmaz şəxsiyyətinin də sirrini onun böyüdüyü ailə ilə əlaqələndirmək təbii sayılmalıdır. Zərifə xanım unikal bir ailədə doğulub boya-başa çatmışdı. Onun atası Əziz Əliyev haqqında Azərbaycanın ən görkəm­li adamları belə yüksək fikirlər söyləmişlər. 
Zərifə xanım hər şeyi kamil bacarırdı: yeri gələndə qiymətli monoqrafiyalar yazır, yeri gələndə isə ifadəli bir tərzdə susurdu. Ancaq buna susmaq da demək olmazdı, bəzən o, sükutu ilə də çox şeyi deyə bilirdi. Zərifə xanım öz xalqının həqiqi qızı kimi sadəliyi sevir, süni bəzək-düzəyə könül vermirdi. Elmin müxtəlif sahələrində çalışan alimlər insan bədənində elə bir qüvvə olduğunu ehtimal edirlər ki, orqanizmi öz-özlüyündə inkişafa təhrik edir. Həmin özünüinkişaf meyli Zərifə xanımda fövqəladə bir parlaqlıqla əksini tapmışdı, bu meyil onun ailə tərbiyəsindən irəli gəlirdi. 
Elmi fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda başlayan Zərifə xanım bütün taleyini təbabətin bu sahəsi ilə bağlamışdır. Bunun özü də kifayət qədər simvolik məna daşıyır. Onun həkimlik peşəsini seçməsi də taleyin hökmü ilə baş vermişdi. Ailədə yaxşı bilirdilər ki, Zərifə xanıma xas olan keyfiyyətlərin ən güclüsü ondakı intuisiya, daxili görmə qabiliyyətidir. Və həmin bəsirət hissiyyatı da bütün ömrü boyu Zərifə xanımın istər elmi, istər praktiki həkimlik fəaliyyətində, istərsə də ailədə və ictimaiyyətlə münasibətlərdə uğur qazanmasına əsas vermişdi. İnsanlara nur paylamaq, şəfalı əlləri ilə onların gözlərinə işıq vermək bu qadının tale payı idi. 
Ömür insana bir dəfə verilir. Elə yaşamalı, elə xidmət etməli ki, sən olmayandan sonra yerindəki boşluq görünsün. Elə insanlar var ki, həyatdan köçəndən sonra hər zaman böyük ehtiramla yad edilir, anılır. İnsanlar onu həmişə xoş xatirələrlə, ilıq hisslərlə yada salırlar. Bu cür insanlar hələ öz sağlıqlarında özləri üçün əbədi heykəl qoyub gedirlər. Bu mənada, Vətənə bağlı insanlar, elə-obaya bağlı adamlar, xalqa layiqli xidmət göstərənlər əbədiyyətə qovuşur, ölməzlik zirvəsinə ucalırlar. 
Azərbaycan xalqının ləyaqətli övladı, nurlu əməlləri ilə, əsl vətənpərvər hisslərlə yaşayan akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva məhz bu dəyərli keyfiyyətlərə malik olan işıqlı, nurlu bir şəxsiyyət idi. Zərifə xanım insanların xatirində hər zaman Azərbaycan analarının təcəssümü, idealı kimi yaşayır. Onun ən yüksək insani keyfiyyətləri bu gün bütün qadınlara örnək olmalıdır. Bu keyfiyyətlər arasında onun alicənablığı, yüksək mədəniyyəti, intellektual səviyyəsi və mehribanlığı əsas yer tuturdu. 
Deyirlər, Tanrı çox sevdiyi insanları dərgahına tez qovuşdurur. Zərifə xanım da məhz Tanrının sevdiyi bəndələrindən idi. Hamı tərəfindən eyni məhəbbətlə sevilmək, bu dünyanı tərk etdikdən sonra da hər zaman minnətdarlıq hissi ilə xatırlanmaq hər kəsə qismət olan xoşbəxtlik deyil. 

Aygün RÜSTƏMOVA
Məqalə “Unudulmaz alim, qayğıkeş insan – Zərifə xanım Əliyeva” mövzusunda keçirilən esse müsabiqəsinə təqdim etmək üçündür

Nəşr edilib : 14.04.2025 23:55