NAXÇIVAN :

21 Dekabr 2024, Şənbə

Müasir Azərbaycan: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah

...

Azərbaycan iqtisadiyyatının böyük inkişaf yoluna qədəm qoymasında əvəzsiz töhfələri olan Ümummilli Liderimiz Heydər Əliyev deyirdi ki, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir! Bəli, 30 ilə yaxın zaman dilimi və nəticə etibarilə, 2020-ci ilin 44 günü, 2023-cü ilin 23 saatı bu kəlamın həqiqiliyini ən bariz formada ortaya qoydu. Beləliklə də, dahi şəxsiyyətin xalqımızın aydın sabahları naminə tarixi xidmətlərindən biri kimi, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə başlanan iqtisadi inkişaf yolu ölkəmizi regionda əsl söz, nüfuz sahibinə, torpaqlarını itirən, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalan respublikadan dövlət suverenliyi tam bərpa edilən qalib respublikaya çevrilməsinə səbəbiyyət yaratdı. 2003-cü ildən bəri ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu diplomatiya, daxili və xarici siyasətin nəticəsində bu gün Azərbaycan “güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah” konsepsiyası əsasında uğur pillələrində cəsarət və inamla addımlayır...
Sınaqdan çıxmış təcrübə və tarixi gerçəklik göstərir ki, iqtisadiyyatı dayanıqlı, davamlı, müstəqil olmayan ölkənin siyasəti də müstəqil ola bilməz. Dünyada kifayət qədər belə nümunələr olub və bu gün də vardır. Avropa ilə Asiya arasındakı ticarət əlaqələrində mühüm tranzit mərkəzi sayılan Azərbaycanın istər MDB məkanında, regional müstəvidə, istərsə də beynəlxalq səviyyədə, Avropa miqyasında kifayət qədər strateji, etibarlı tərəfdaşlığa çevrilməsi, mühüm əməkdaşlıqlara imza atması bu baxımdan təsadüfi deyil, praqmatik yanaşma, prinsipial mövqe və ən əsası iqtisadi, siyasi müstəqilliyin təntənəsidir. Və nəticədə, bu gün “Cənub Qaz Dəhlizi” ideyası üzərində vacib addımlar atan, əməli iş ortaya qoyan respublikamız Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum, TANAP (Trans-Anadolu təbii qaz boru kəməri), TAP (Trans-Adriatik təbii qaz boru kəməri) qaz layihələri ilə dünya bazarlarında önəmli paya sahib olmaqla Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verir, Avrasiyanın enerji mənzərəsini dəyişmək iqtidarındadır. Bu xüsusda təqdirəlayiq hal ondan ibarətdir ki, Avropa, Asiya ölkələri Azərbaycandan daha çox birgə əməkdaşlığa can atan tərəf kimi özlərini göstərir, enerji hasilatını artırmaq üçün təşəbbüslər göstərir, müqavilələr təklif edirlər. 2022-ci ilin iyul ayında Azərbaycan və Avropa Komissiyası arasında  “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanması da bu fikirlərimizin təsdiqidir. Azərbaycan tərəfindən bu təşəbbüslərin dəstəklənməsi ötən iki ildə əhəmiyyətli uğurların əldə olunmasına gətirib çıxarıb. Belə ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz ixrac etmişdirsə, hazırda bu miqdar 12 milyarda çatdırılıb və növbəti iki ildə bu həcm 14 milyard kubmetr, 2026-cı ildən sonra isə daha böyük miqdar hədəflənib. Əldə edilən razılaşmaya əsasən 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, tədarükün bu artım tempi və digər güclü iqtisadi amillər ölkəmizin müstəqil xarici siyasət aparmasına möhkəm zəmin yaradır. Azərbaycan liderinin ötən ilin noyabr ayında Azərbaycanın güclü iqtisadiyyatı fonunda müstəqil xarici siyasət uğurlarının platformasına çevrilən, yaradılmasının 25-ci ildönümündə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın Zirvə görüşündə dediyi kimi: “Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 
4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır... Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib”.
Azərbaycan iqtisadiyyatının gücü, dayanıqlığı həm də onun çoxşaxəliliyindədir, yəni inkişaf istiqamətləri bir-birindən asılı olmayan sahələr üzərindəndir. Eyni zamanda da zəncirvari, balanslı inkişafın təmin olunması, bir sahədən əldə olunan gəlirin digərinə yatırılması, beləliklə, həm də sərmayə cazibədarlığının artırılmasındadır. Tarixi Zəfərdən sonra yaranan yeni reallıqların fonunda 2021-ci il fevralın 2-də təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkənin inkişafında əsas götürülən 5 milli prioritetdən birincisi də məhz “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” müəyyənləşib. Həmin prioritetin icrası ilə əlaqədar son illərdə aparılan iqtisadi islahatlar, əlverişli biznes mühitinin formalaşdırılması yeni sənaye və istehsal sahələrinin yaradılmasına səbəb olub ki, bununla da dövlət siyasətinin əsas məqsədi sayılan neftdən asılılıq artıq tamamilə aradan qaldırılmaq üzrədir. Ötən ilin makroiqtisadi göstəriciləri də bu sahədə əhəmiyyətli irəliləyişdən xəbər verir. Belə ki, 2023-cü ildə ölkə­də 123,0 milyard manatlıq və ya 2022-ci illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul istehsal edilib, ÜDM-in 63,1 faizi qeyri-neft-qaz sektorunun payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ilin yanvar-oktyabr ayları ərzində isə 103 milyard 495,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz artım deməkdir. ÜDM-in artımının əsas səbəbləri arasında iqtisadiyyatın qeyri-neft-qaz sektorundakı inkişafı xüsusi yer tutur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyəri 1,7 faiz, qeyri-neft-qaz sektorunda isə 6,8 faiz artıb. Beləliklə, qeyri-neft sektorunun gəlir, dəyər baxımından neft sektorunu bu dərəcədə üstələməsi və artım tempi ölkəmizin apardığı sənayeləşmənin, aqraryönümlü siyasətin uğurlu nəticələrə yol açdığını göstərir...
Ölkəmizdə modern iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan uğurlu sənayeləşmə siyasətində sənaye parklarının yaradılması əhəmiyyəti, səmərəsi ilə seçilir. Hazırda 8 rayonu əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye parkları fəaliyyət göstərir və onlardan ikisi Ağdam, Cəbrayıl rayonlarında yerləşir ki, bu da işğaldan azad olunan ərazilərdə iqtisadi siyasətin ən vacib istiqamətlərindən biri sayılan sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafına təkan verəcək. Qeyri-neft sektorunun dirçəldilməsində sənayeləşmə ilə paralel “yaşıl iqtisadiyyat”a keçid də mühüm rol oynayır. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi” adlanan 5-ci prioritetin icrasının təmini, istehsalatda “yaşıl texnologiya”ların tətbiqi, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar, həmçinin son illərdə ölkəmizdə yaradılan, BMT-nin statistik məlumatına əsasən dünya üzrə məşğulluğun 70 faizini təşkil edən KOB-ların fəaliyyəti bu sahədə uğur göstəriciləri kimi vurğu gərəkdirir. Və ölkəmizin “yaşıl gündəliy”i əsasında icra olunan bu və digər layihələrin məntiqi nəticəsi olaraq rəsmi Bakının beynəlxalq mötəbər tədbir sayılan COP29-a yüksək səviyyədə ev sahibliyi etməsi, yekunda nəticəyönümlü addımların atılması, qərarların qəbulu və beləliklə də, iqlim diplomatiyasında dönüş nöqtəsinin əldə olunması Azərbaycanın müstəqillik dönəmində olduqca mühüm siyasi-iqtisadi uğuru kimi tarixə düşdü...   
Azərbaycanı əsl söz, nüfuz sahibi edən uğur formulunda, inkişaf modelində vacib amillər kimi əvvəlki ikisini – güclü dövlət və güclü iqtisadiyyatı tamamlayan və bu ikisinin məntiqi nəticəsi kimi dəyərləndirilən, dövlət siyasətinin əsas məqsədi məhz əhalinin sosial rifahının təminidir. Bu istiqamətdə atılan addımlar, eyni zamanda daxili sabitliyin, firavanlığın, əmin-amanlığın bərqərar olunmasına xidmət edir. Hazır­kı dünya geosiyasi mənzərəsi də göstərir ki, sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Bu baxımdan təsadüfi deyildir ki, Azərbaycan beynəlxalq aləmdə sabitlik adası və paralel olaraq inkişaf məkanı kimi tanınır. Təbii ki, bunu şərtləndirən amillər sırasında ideoloji təhlükəsizliyin təmini ilə yanaşı, sosial siyasətin uğurla aparılması da dayanır. Fikrimizi qüvvətləndirmək üçün bir-iki statistik nəticəyə nəzər salaq: 2003-cü ildən bu günə kimi iqtisadiyyatın gücləndirilməsi ilə yanaşı, dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamlar 15-dən çox yeni aylıq sosial ödəniş növünün təsis edilməsinə, habelə pensiya təminatında humanist yanaşmaların tətbiqi sosial təminat sisteminin əhəmiyyətli dərəcədə genişlənməsinə imkan yaradıb. 2018-2023-cü illərdə 4 milyondan çox vətəndaşı əhatə edən, 7 milyard manatlıq 4 sosial islahat paketi icra olunub, minimum əməkhaqqı 2,7 dəfə, pensiya məbləği isə 2,5 dəfə artıb. Dövlət büdcəsinin müzakirəsi çərçivəsində verilən açıqlamalara görə, gələn il minimum əməkhaqqı və minimum pensiyanın artırılması, pensiyaların indeksləşdirilməsi proqnozlaşdırılır. Ümumilikdə, sosial paket 3 milyon insanı əhatə edəcək...
Bəli, göründüyü kimi, ölkəmizin güclənməsi, iqtisadiyyatın qüdrətlənməsi, son nəticədə, bir məqsədə – Azərbaycan vətəndaşının rifahına, sağlam yaşayışına, etibarlı gələcəyinə xidmət edir. Ölkə Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Azərbaycan sosial dövlətdir. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, onun problemləri, onun təhlükəsizliyi, onun xoşbəxtliyi dayanır”.

 Nail ƏSGƏROV

Nəşr edilib : 09.12.2024 09:55