NAXÇIVAN :

10 Aprel 2025, Cümə axşamı

“Molla Nəsrəddin” jurnalının naxçıvanlı müxbirləri kimlər idi?

...

Böyük demokrat Cəlil Məmmədquluzadənin yaratdığı, dərin demokratiya və azadlıq ideyaları təbliğ edən “Molla Nəsrəddin” jurnalı Şərqdən Qərbə qədər geniş bir arealda yayılaraq böyük nüfuz və ümumxalq məhəbbəti qazanmışdır.

Ədəbi-ictimai fikrin, inqilabi-demokratik hərəkatın inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalının Yaxın və Orta Şərqdə, Rusiyada, ümumiyyətlə, dünyanın bir sıra ölkələrində çoxmilyonlu oxucusu və abunəçiləri var idi. Özünün məşhur “Molla Nəsrəddin”i ilə yatmış Şərq xalqlarını oyatmağa çalışan C.Məmmədquluzadəni ictimai eybəcərliklərə qarşı mübarizəsində eyni fikir və ideya sahibi  olan tərəqqipərvər ziyalı yoldaşları tək qoymadılar.

“Molla Nəsrəddin”in fəaliyyət tarixindən bəhs edərkən onunnəşrində əməyini və zəhmətini əsirgəməyən Naxçıvan mühiti və onun naxçıvanlı müxbirləri barədə danışmaq,onların əməyini xüsusi dəyərləndirmək gərəkdir.

Jurnalın naxçıvanlı müəllifləri Q.Şərifzadə, Ə.Qəmküsar, M.S.Ordubadi, M.Sidqi ilə yanaşı,“Molla Nəsrəddin”də yaxından iştirak edən, Naxçıvanda və ətraf ərazilərdə geniş yayılıb oxunmasında, abunə işində və satılmasında köməklik göstərən bir çoxnaxçıvanlı müxbirlərin mühüm xidmətləri olmuşdur.

XX əsrin əvvəllərində Naxçıvanda maarif və mədəniyyətin inkişafında əzmkarlıqla mübarizə aparan, maddi-mənəvi yardımlarını əsirgəməyən demokratik ruhlu maarifçi-demokrat ziyalı, “Ərbab” ləqəbli Ağaməhəmməd Əkbərovun xidmətləri unudulmazdır.

1868-ci ildə Naxçıvan şəhərində anadan olmuş Ağaməhəmməd Əkbərov haqqında ilkin məlumatlara “Molla Nəsrəddin” jurnalında, daha sonra professor Ə.Şərifin “Rojdenie Molla Nasreddina”, S.Səbrinin “Yaddaşımdan bir neçə söz”, filologiya elmləri doktoru F.Xəlilovun “Təhsilsiz maarifçi-demokrat”, filologiya üzrə fəlsəfə doktoru M.Quliyevin “Böyük şairimiz Mirzə Ələkbər Sabirin naxçıvanlı maarifçi dostlarından Ağaməhəmməd Əkbərov haqqında bir neçə söz” adlı tədqiqat əsərlərində rast gəlirik.

Apardığımız araşdırmalar nəticəsində “Şərq qapısı” qəzetinin 1956-cı il 20 aprel tarixli 48-ci sayında A.Əkbərovun şəxsən özünün dərc etdirdiyi “Yoxsulların dostu” adlı məqaləsini aşkara çıxarmışıq. Həmin yazıdan öyrənirik ki, o zaman Naxçıvanda A.Əkbərovun zəngin kitab mağazası olmuşdur. Məşhur mağazaya “Füyuzat”, “Şəlalə”, “Zənbur”, o cümlədən 20 ədəd “Molla Nəsrəddin” jurnalı gəlirmiş və Mirzə Cəlilin yaxın dostu Ağaməhəmməd Ərbab öz dükanında məşhur jurnalın satılması və yayılmasına yaxından köməklik göstərmişdir. “Ərbab” xatirələrində Mirzə Cəlillə uşaqlıq dostu olduğu və “Molla Nəsrəddin”in nəşrinin Naxçıvanda necə qarşılandığı barədə geniş məlumat verir.

Böyük ümid və inam hissi ilə Naxçıvanda “Molla Nəsrəddin” jurnalının satışıvə geniş kütlə içərisində yaymaq işləri ilə məşğul olan Ağaməhəmməd üzləşdiyi çətinliklərə baxmayaraq, heç zaman geri addım atmamışdır: “Mən həmişə bu jurnalı rahat sata bilmirdim. Mirzə Cəlil Naxçıvanın varlılarına, ruhanilərə sataşanda mənim də başım ağrıyırdı. Şəhər jandarma idarəsinin adamları dükanımı axtarırdılar, əllərinə keçən “Molla Nəsrəddin”i götürüb aparırdılar. Çox vaxt elə olurdu ki, nə jurnalları qaytarırdılar, nə də pulunu verirdilər. Beləliklə, dostum Mirzə Cəlilin hesabına hərdən bir mən də cərimə çəkməli olurdum.Mən 1930-cu ilə qədər, yəni 24 il “Molla Nəsrəddin” jurnalını Naxçıvanda Mirzə Cəlilin dostları olan zəhmətkeşlər arasında yaymışam. Bu jurnalı satdığım zaman mənə nə qədər əziyyət veriblərsə, mən bu əziyyətləri qəbul etmişəm. Çünki bilirdim ki, Mirzə Cəlilin özü də, onun çıxartdığı “Molla Nəsrəddin” də azərbaycanlıları elmə və mədəniyyətə çağırırdı”.

Sovet hakimiyyəti illərində dükanı əlindən alınan Ağaməhəmməd həyatının son illərinə kimi gözətçi işləməklə ailəsini dolandırmışdır. Xeyriyyəçi bir insan kimi də hörmət qazanmış naxçıvanlı maarifçi Ağaməhəmməd Ərbab 1962-ci ildə dünyasını dəyişmişdir.

Yuxarıda A.Əkbərov haqqında məlumatlara rast gəldiyimiz mənbələrdən biri də Naxçıvan mühitinin yetirmələrindən Seyid Səbri Əsədlinin “Yaddaşımdan bir neçə söz” adlı məqaləsidir. “Şərq qapısı” qəzetində 1971-ci il 2 iyul tarixdə dərc olunmuş bu məqalədə “Molla Nəsrəddin”in Naxçıvanda yayılması işində S.Səbrinin də şəxsən yardımları olduğunu öyrənirik. S.Səbrinin müasir dövr tədqiqatçısı F.Xəlilovun “Naxçıvanı öyrənən elmi cəmiyyət” və “Naxçıvan elmi, ədəbi və mədəni mühiti: tədqiqlər” adlı əsərlərində Səbrinin həyat yolu, yaradıcılıq istiqamətləri, mühiti ilə bağlı müfəssəl məlumatların əks olunduğu bu mənbələrdən öyrənirik ki, Səbri ailəsinə maddi yardım etmək üçün “məktəbdə oxuya-oxuya, həm də qəzet-jurnal satmaq işi ilə məşğul olurmuş”. S.Səbrinin “Yaddaşımdan bir neçə söz” adlıxatirəsində bu barədə məlumat verilir. Səbri Ağaməmmədin dükanında çalışan zaman satılmaq üçün ona verilən qəzet-jurnal adlarının içərisində “Molla Nəsrəddin” jurnalının da adını qeyd etmişdir.

“Molla Nəsrəddin” jurnalının 1921-ci il tarixli 8-ci sayında dərc edilmiş “Təşəkkür” adlı yazıda adına rast gəldiyimiz jurnalın naxçıvanlı müxbirlərindən biri də Əkbər Abbas oğlu Abbasovdur.

Ə.Abbasov haqqında ilk dəfə tarix elmləri doktoru Fəxrəddin Cəfərovun “Erməni vəhşiliyi” (2009) monoqrafiyasında, sonra filologiya elmləri doktoru Fərman Xəlilovun “Cəlil Məmmədquluzadənin kitablarına daxil edilməyən bir məktubu haqqında” araşdırmasında məlumat verilmişdir.

F.Xəlilov apardığı tədqiqat nəticəsində “həmin dövrdə Naxçıvanda Əkbər Abbasov adlı şəxsin yaşadığını və “Molla Nəsrəddin” jurnalının 1930-cu il tarixli 28-ci nömrəsində “Xəstə müdir” məqaləsinin sonuna qoyulan “Bisavad” imzasının “Şərq qapısı” qəzetinin müxbiri Əkbər Abbasova” aid ola biləcəyi ehtimalını irəli sürmüşdür. Məqalədə “Bisavad” dövlət məmurlarının xalqa laqeyd münasibətindən şikayətlənib bildirir “Naxçıvan Firqə Komitəsinin təşkilat şöbə müdiri, milliyyətcə erməni olan Danelyan 12 gündür ki, idarənin qapısını bağlayıb mənzilində istirahətlə məşğuldur”. Bu məqaləyə görə müəllifi məsuliyyətə almaq qərarı çıxarılmış və onun gerçək kimliyinin öyrənilməsinə cəhdlər olunsa da, “Şərq qapısı” qəzetinin müxbirləri M.Ə.Əsədullazadə, N.Əlizadə, K.Tağıyev, N.Hacılı, M.Ə.Seyidov və başqaları jurnalın redaktoru Cəlil Məmmədquluzadədən onun imzasını heç bir təşkilata verməməyi və gizli saxlamağı xahiş etmişdilər.

F.Xəlilovun “Cəlil Məmmədquluzadənin kitablarına daxil edilməyən bir məktubu haqqında” araşdırması, yazıçı-jurnalist M.Tarverdiyevin 1985-ci ildə F.Xəlilova ünvanladığı məktubdakı “Şərq qapsı”nda “Bisavad” imzasının Ə.Abbasova məxsusluğu haqqındakı məlumatı, “Molla Nəsrəddin” jurnalı və “Şərq qapısı” qəzetindəki yazıların dil, üslub və ideya baxımından oxşar olması bu imzanın Ə.Abbasova mənsubluğunu qeyd etməyə əsas verir. Naxçıvanda maarif və mədəniyyətin tərəqqisində əlindən gələni əsirgəməyən Ə.Abbasov 1967-ci ildə 70 yaşında dünyasını dəyişmişdir.

Naxçıvanda “Molla Nəsrəddin” jurnalının yayılmasında və təbliğində ön sıralarda adıçəkilən qabaqcıl ziyalı “Şürbi” təxəllüslü Mirzə Cəlil Mirzəyevin (1874-1915) xidmətləri danılmazdır.

M.C.Şürbi 1874-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, ilk təhsilini Naxçıvanda almış, 1892-ci ildə İrəvan Müəllimlər Seminariyasını bitirdikdən sonra Naxçıvan, Şərur, Ordubad, Nehrəm və Şahbuzda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Müəllimliklə yanaşı, bir sıra başqa işlərdə, o cümlədən Naxçıvanda teatr tamaşalarının təşkilində yaxından iştirak etmişdir.

Naxçıvan ədəbi-mədəni mühitinin tanınmış simalarından olan M.C.Şürbi haqqında ilk dəfə M.Nəsirlinin “Cəlil Məmmədquluzadənin naxçıvanlı müasirləri” və M.S.Ordubadinin “Böyük ədiblə görüş” adlı əsərlərində rast gəlsək də, müstəqillik illərində Şürbi haqqında əhatəli və sistemli tədqiqat işi aparan akademik İ.Həbibbəyli və filologiya elmləri doktoru F.Xəlilovun araşdırmaları nəticəsində yeni fakt və materiallar ortaya çıxarılmış, bəzi mübahisəli fikirlərə aydınlıq gətirilmişdir.

M.Mirzəyev “Şərqi-Rus”, “Molla Nəsrəddin” kimi mətbu orqanlarda “Şürbi” təxəllüsü ilə gerilik və cəhaləti tənqid edən şeir və məqalələr dərc etdirmişdir. F.Xəlilov isə M.C.Şürbinin əlyazma variantında olan 16 qəzəlini əldə etmiş, “Mirzə Cəlil Şürbinin bəzi qəzəllərinin əlyazma variantları” adlı əsərində həmin qəzəllərin təhlili əsasında ədibin bədii yaradıcılığının bəzi səciyyəvi keyfiyyətləri haqqında fikir və mülahizələrini irəli sürmüşdür.

M.C.Şürbi “Molla Nəsrəddin”in Naxçıvanda əsas müvəkkili olmuş, jurnalın Naxçıvan və ətraf ərazilərdə yayılmasında, abunə yazılışı və satışı işlərinin həyata keçirilməsinə böyük köməklikgöstərmişdir. Şürbinin həyat və ədəbi fəaliyyətini tədqiqat obyektinə cəlb edən akademik İ.Həbibbəyli Şürbinin “Molla Nəsrəddin”lə əlaqəsinə dair bəzi faktların əks olunduğu məktubları ortaya çıxarmışdır. İ.Həbibbəylinin tədqiqatında ədibin jurnalla əməkdaşlıq edən zaman üzləşdiyi çətinliklərdən bəhs olunur: “Naxçıvan əhvalatlarından jurnalın redaksiyasına “yorğan böyüklükdə kağız” yazıb xəbərlər göndərməsi də onu şübhəli şəxslər sırasına düşməsinə səbəb olmuşdu. Belə çətinliklərə baxmayaraq, Şürbi yenə də imkan tapıb “bəzi böyük məsələlərdən” “Molla Nəsrəddin”ə xəbər və məlumatlar göndərmişdir”.

Naxçıvanda baş verən hadisələrin, əhəmiyyətli xəbərlərin “Molla Nəsrəddin” redaksiyasına göndərilməsində Azərbaycanın Naxçıvandakı mətbuat müvəkkili və “Şərq qapısı”nın ən fəal müxbiri Məmmədəli Əsədullazadə jurnalın nəşrində yaxında iştirak etmiş müxbirlərdən olmuşdur. Naxçıvanda “Şərq qapısı” qəzetinin ilk müxbirlərindən biri kimi M.Əsədullazadənin bu xidmətlərini “Molla Nəsrəddin” jurnalının 1930-cu il 7-ci sayında dərc olunmuş yazı təsdiqləyir: “Çağırış. “Molla Nəsrədin” məcmuəsini geniş kütlə içərisinə, ələlxüsus, qəza və dairə mərkəzindən uzaq kəndlərinə yaymaq məqsədilə üç ayda bir ilə qədər yüz nüsxə abunə (yüz nəfərə) toplayaraq aşağıdakı yoldaşları da dəvət edirəm: Gəncədən Abbas Rəcəblini, Qubadan Münəvvər Mirzəyevanı, Naxçıvandan Abbas Əliyevi, Culfadan Nevard Qriqoryanı. Naxçıvan mətbaut müvəkkili. M.Ə.Əsədullazadə”.

Professor İbrahim Mollayev “Şərq qapısı” qəzetinin 30 iyul 1965-ci il tarixli sayında dərc olunmuş “Molla Nəsrəddin”in Naxçıvan müxbirləri” adlı məqaləsində qeyd edir: “Molla Nəsrəddin”in “fəal müəlliflərindən biri də “Həna”, “Dəngəsər” və “İ.H.” imzaları ilə çıxış edən Heydər İsmayılov Naxçıvanlıdır”. Apardığımız araşdırmalar nəticəsindəİ.Mollayevin qeyd etdiyi imzalardan “Həna” və “İ.H.” imzalarına rast gəlməsək də, jurnalın çar Rusiyası dövrünü əhatə edən bəzi nömrələrində yalnız “Dəngəsər” imzasını görmək mümkündür. Lakin “Dəngəsər” imzalı “Qara daşın revizorluğu” məqaləsindən savayı digər məqalələrdə Naxçıvan və onun ətraf bölgələri haqqında heç bir məlumat verilmədiyindən həmin yazı və imzanın H.İsmayılova adi olub-olmadığını qəti söyləyə bilmərik. Onu da qeyd edək ki, Heydər İsmayılov haqqında, hələlik, əlimizdə kifayət qədər məlumat yoxdur.

H.İsmayılovun istifadə etdiyi digər imza da “Heydər Naxçıvanlı” imzasıdır ki, müəllif həmin imza ilə “Yeni fikir” qəzetində bir sıra yazılar dərc etdirmişdir.

XX əsr Naxçıvanın ictimai-siyasi, ədəbi və mədəni həyatında mühüm yer tutan görkəmli şəxsiyyətlərindən biri inqilabçı-demokrat Əli Səbri Qasımov idi. O, 1892-ci il 15 aprel tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Əli Səbri yoxsul və təhsilsiz bir ailədə doğulsa da, elmlərə olan marağı onu təhsil almağa, savadlanmağa sövq etmişdi. İlk təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə”sində alan Səbri xatirələrində bu işdə Qurbanəli Şərifzadənin böyük köməyi olduğunu vurğulamışdır.

Naxçıvan ədəbi-mədəni mühitində çoxşaxəli ədəbi fəaliyyəti ilə özünəməxsus mövqe tutan Ə.S.Qasımov ədəbiyyat və mətbuatın inkişafına öz töhfələrini verən yaradıcı ziyalılardandır. Xalqın sosial-mədəni inkişafında mətbuatın rolunu xüsusi qiymətləndirən Ə.S.Qasımov vaxtilə mətbuat orqanlarının fəaliyyətində yaranan çətinliklərə də öz mövqeyini bildirməkdən çəkinməmişdir. Azərbaycan mətbuatının, o cümlədən “Molla Nəsrəddin” jurnalının fəaliyyətini yaxından izləmiş, üzləşdiyi problemlərə biganə qalmamışdır. Mətbu orqanlarının inkişafına qayğı ilə yanaşan Səbri “Molla Nəsrəddin”in fəaliyyətində də yaranan problemləri “İqbal” qəzetinin 4 dekabr 1913-cü il tarixli sayında dərc olunan“Himmət lazımdır” məqaləsində diqqətə çatdırmışdır: “Molla Nəsrəddin” jurnalı kimi dərdimizə ağlayan bir məcmuənin nə günlər keçirdiyindən bəhs olunursa, bu barədə bir çox söylənəcək sözlər meydana gəlir. “Molla Nəsrəddin” təki bir jurnal başqa millətlər içində necə intişar olunur, necə meydan alır, hər bir oxucularımıza məlumdur. Bu kimi jurnallar ilə millət iftixar edir”.

Dövrünün bir çox mətbu orqanlarında “Dəqyanus”, “Taqiyanuszadə”, “Yalançı”, “Ə.Qasımov”, “Əli Səbri” kimi gizli və açıq imzalarla satirik yazılar dərc etdirən Ə.S.Qasımovun “Molla Nəsrəddin” jurnalından da bu imzalarına rast gələ biləcəyimizi düşündüyümüzdən müəyyən axtarışlar apardıq və tədqiqat nəticəsində jurnalın 1927-ci il 19 marttarixli 12-ci sayında “Yalançı” imzası ilə çap olunmuş Naxçıvan həyatından bəhs edən “Dağyanus şəhərindən” adlı bir yazıya rast gələ bildik.

Əli Səbri haqqında geniş məlumat, ədibin keçdiyi şərəfli ömür və sənət yolu, ədəbi fəaliyyəti, zəngin yaradıcılığı, bir çox əsərləri ilk dəfə mərhum professor Hüseyn Həşimli tərəfindən tədqiqata cəlb olunmuşdur.

Alim vaxtilə “Molla Nəsrəddin” jurnalında Ə.Qəmküsarın “Sarsaqqulubəy” imzası ilə dərc olunan “Əliyüngüllük” adlı felyetonunda Orucovları tənqid hədəfi alarkən gənc yazar Ə.Səbri və Ələkbər Abbasovun ədəbi fəaliyyətinə kinayəli və birtərəfli yanaşıldığını qeyd etmiş və bu yanaşmanı heç cür təqdir etmədiyini vurğulamışdır. “Molla Nəsrəddin” jurnalının5 aprel tarixli 11-ci sayında gedən həmin felyetonda yazırdı: “Qori seminariyasının şagirdləriƏli Səbri və Ələkbər kimi gündə bir kitab yazıb və ya qraf Tolostoyun əsərlərinin birini gündə tərcümə eləyib göndərə Orucovların çapxanasına, çünki onlar çox kasıb düşüblər, ucuz-ucuz çap eləyib satdıralar ki, bəlkə, çörək pulları çıxsın”.

Q.Məmmədli, E.Qasımova və A.Əliyevanın “İmzalar” kitabına və başqa mənbələrə əsaslanıb deyə bilərik ki, Əli Səbri Qasımov “Yeni İrşad”, “Açıq söz”, “Məlumat”, “Sovqat”, “Maarif işçisi” kimi müxtəlif mətbuat orqanlarında “Daqyanuszadə”, “Taqiyanuszadə”, “Yalançı”, “Yemutelli”, “Naxçıvanlı Ə.”, “Dəqyanus”, “Ə.Cəlil oğlu”, “Simnarist Ə.”, “Kürdoğlu” və başqa imzalarla çıxış etmişdir. Göründüyü kimi, bu mənbələrdə Ə.S.Qasımovun “Daqyanuszadə”, “Taqiyanuszadə” imzası ilə “Molla Nəsrəddin”də yazılar dərc etdirdiyi yazılsa da, bu məlumatların jurnalın hansı tarixli nömrəsində dərc olunduğu göstərilməmişdir. Tədqiqat göstərir ki, Ə.S.Qasımov o illərin müxtəlif mətbu orqanlarında qeyd edilən imzalarla çıxış etsə də, “Molla Nəsrəddin” jurnalında bu imzalara təsadüf etmədik.

“Molla Nəsrəddin”lə əməkdaşlıq edənlər arasında, abunə yazdırılması və yayılması işlərində jurnalın ordubadlı müxbirləri də fəallıq göstərirdilər. Bu işlərdə əməyi keçmiş jurnalın Ordubaddakı mətbuat müvəkkili Məmməd Axundovun xidmətləri diqqətəlayiqdir.

M.Axundov 1901-ci ildə Ordubadda ziyalı-ruhani Hacı Nifti Lütvüllanın ailəsində anadan olmuşdur. İlk təhsilini atasından alan Məmməd daha sonra yeni tipli məktəblərdə təhsilini davam etdirmişdir. Gənc yaşlardan ədəbiyyata marağı olan Məmmədin şeirləri müxtəlif qəzet və jurnallarda dərc olunmuşdur. M.Axundov hələ gənc yaşlardan “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq etmiş, jurnal səhifələrində müxtəlif gizli imzalarla yazılar dərc etdirmişdir.

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Abbas Seyidin 15 aprel 2011-ci il tarixdə “Şərq qapısı” qəzetində dərc etdirdiyi “Ordubadlı mollanəsrədinçi” adlı yazısında oxuyuruq: “Bir müddət Ordubadda “Molla Nəsrəddin”in müvəkkili olmuş Məmməd Axundovun jurnalda “Xoruz” və “Lam” imzaları ilə “Keçənlər”, “Dəfn mərasimi”, “Şəriət adamı”, “Ağ Seyidin tabutu” və s. məktub və məqalələri dərc edilmişdir”.

Apardığımız araşdırmalar nəticəsində A.Seyidin qeyd etdiyi məqalələrə rast gəlməsək də, jurnalın sovet dövrünü əhatə edən bəzi nömrələrində yalnız “Xoruz” və “Lam-cim” imzaları ilə Ordubadın iqtisadi vəziyyətindən, sosial-mədəni həyatındakı problemlərdən xəbər verən müxtəlif yazıları görmək mümkündür. Lakin bu imza ilə verilən yazıların hamısını M.Axundova aid etmək düzgün olmazdı. M.Axundov daha çox satirik üslubda, duzlu-məzəli yazılar ilə çıxış etdiyindən müqayisə apardığımız “Xoruz”, “Lam-cim”, “Vahid” imzalı, əsasən də “Ağ Seyidin oğulları” və “Şeyx Qafarı” tənqid hədəfi aldığı bəzi “Ordubaddan təzə xəbər”, “Sağ olsun komitə”, “Qara xəbər”, “Ordubad yalançıları”, “Ordubaddan müttəhid iclas” məqalələrinidil, üslub və ideya baxımından oxşar olması, xüsusən də Ordubadda dini fanatizmin, yalançı din xadimlərinin, mollaların ifşası ön plana çəkildiyindən bu yazıların M.Axundova aid ola biləcəyini düşünsək də, hələlik, əlimizdə kifayət qədər tutarlı məlumat olmadığından qəti fikir söyləyə bilmərik. 1941-1945-ci illərdə – Vətən müharibəsində iştirak edən M.Axundov Ordubada qayıdacaq, rayonda müxtəlif vəzifələrdə çalışmışdır. Ömrünün sonunadək ədəbi yaradıcılıqla məşğul olan ordubadlı mollanəsrəddinçi 1996-cı ildə, 95 yaşında Ordubadda vəfat etmişdir.

“Molla Nəsrəddin”in 25 illik nəşri dövründə naxçıvanlı müxbirlər jurnalın əsas aparıcı qüvvəsi olmuş, “Molla Nəsrəddin” ədəbi cəbhəsinin daha geniş vüsət almasında, ədəbi məzmunun, ideya mübarizəsinin güclənməsində və jurnalın uzunmüddətli nəşrində böyük rol oynamışlar.Naxçıvanın qabaqcılfikirli ziyalılarının “Molla Nəsrəddin”lə sıx əlaqə saxlamaları Naxçıvan və onun ətraf bölgələrinin həm sosial-iqtisadi vəziyyətinin, həm də siyasi-mədəni həyatının jurnalda geniş şəkildə işıqlandırılmasında xüsusi əhəmiyyəti olmuşdur.

Günel ƏSGƏROVA

AMEA Naxçıvan Bölməsinin elmi işçisi

Nəşr edilib : 07.04.2025 09:40