İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
NAXÇIVAN :
03 Iyun 2025, Çərşənbə axşamı
Bu mənəm, İbrahim. Üzünü görmədiyim əmimin adaşı. Qələbənin beşinci ildönümündə gəlmişəm dünyaya. Vəliyevlər ailəsinin gözünün ilki, madar nəvəsi olmuşam – İbrahim Vəlizadə. Adımı atam verib, babam da "Adı ilə böyüsün", – deyib mənə. Çox kiçiyəm, lap balaca. Amma balaca olsam da, mən hər şeyi hiss edirəm. Mələklər mənə pıçıldayır məndən öncə olanları. Əmimdən danışırlar. Onun necə böyüdüyündən. Həyətdə gizlənpaç oynadığı yerləri, yatdığı yeri, dərs oxuduğu masanı, hətta süfrədə əyləşdiyi yeri, məktəbə getdiyi yolu mənə göstərirlər. Onun necə sakit və ağıllı uşaq olduğunu deyirlər. Qəhrəman olduğunu da. O, döyüşüb, buz tutan zirvədən qorxmayıb, qarlı aşırımları keçib, düşmənin üstünə şığıyıb qalib gəlib. Düşməndən azad edib Vətənimizi. Mən qəhrəmanın adını daşıyıram.
Onun böyüdüyü evdə indi də mən böyüyürəm. Mən dünyaya gəlməzdən öncə əmim kimi oğullar düşməni qovublar yurdumuzdan. Özü əbədiyyətə gedib ancaq. Bizlər azad Vətənin övladı olaq deyə, onlar canından keçib. Nənəm məni qucağına basıb ətrimi ürəyinə çəkir. “Balam tez böyü”, – deyir. Babam da, əmilərim də məni çox sevir. Babam tez-tez qulağıma "Sən böyüyəndə səni adaşının qəhrəmanlıq göstərdiyi yerə aparacağam", – deyir. Tanıyacaqsan onda, biləcəksən ki, necə bir igid oğulun adını daşıyırsan. O, canını Vətənə qurban edib torpaqlarımızı düşməndən təmizlədi sənin üçün sənin kimi körpələr azad böyüsün deyə.
Məni evə gətirəndə nənəmin səsini də eşitdim. İbrahimim gəldi dedi. Atamın qucağından məni alıb həyətə apardı. Cəviz ağacının yanında bir küncə çəkilib məni bağrına basdı. Sən də igid ol, oğlum, adaşının adı ilə böyü, get, gəz, soraqla, əmini gətir evimizə. Ağaclar çiçək açıb, bar gətirir, beş ildir, nübar meyvəsini budaqda saxlayıram adaşın gəlib dərsin deyə. Süfrəmizdə boş qalan yeri də var, onu da dolduran gərəkdir. Bəlkə, sənə görə qayıdacaq gələcək. Səsini eşidib evimizə yol alacaq. Yenə həmin şən günlərə dönəcəyik. Əmilərin həyətdə tonqal qalayıb üstündən atlanacaq.
Zaman məni digər uşaqlardan tez böyütsün istəyirəm. Tez böyüyüm nənəmin arzularını yerinə yetirim. Adaşım kimi qəhrəman olum, onun qisasını alım. Bəlkə, onda nənəmin də, hamının da gözlərindəki əbədi həsrət bitə, atamın dilində donan qardaş kəlməsinin buzu əriyə.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər