Azərbaycan-Moldova biznes forumu keçirilib
20:00 11.04.2025
0
0
0
NAXÇIVAN :
11 Aprel 2025, Cümə
...İllər elə tez ötüşür ki. Yeni il başlayır. Gözünü açıb görürsən ki, artıq il yarı olub. Bir də baxırsan kim isə: “Heç bilmədim may ayı nə zaman yetişdi”, – deyir. O biri söhbətə qarışır: “A kişi, may nədir, il artıq sona yetir” cavabını verir.
Bax belə illərin işığında Nazim bir də gördü ki, yaşının üstünə xeyli yaş gəlib, 75 yaşına çatıb. 75 yaş əsrin dörddə üçüdür. Nazim ötən illərə boylandı. Öz-özündən soruşdu: “Papağımı günə yandırmamışam ki?”, – “Yox”, – dedi. Ötüb keçən illəri vərəqlədi. Haqlı olduğunu gördü.
Nazim Kazımov 4 aprel 1950-ci ildə Naxçıvan şəhərində doğulmuş, şəhərdəki 1 nömrəli məktəbdə təhsil almışdır. Hələ orta məktəbdə oxuyarkən onda musiqiyə dərin maraq yaranmışdı. Ümumtəhsil məktəbi ilə yanaşı, eyni zamanda şəhər musiqi məktəbinin tar sinfində təhsil alırdı.
Nəhayət, orta məktəb illəri arxada qaldı. Azərbaycan musiqi alətlərinin şahı sayılan tara sevgi, vurğunluq onu Bakıya – Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna gətirib çıxardı. O, Xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olundu.
Nazim musiqimizlə bərabər Azərbaycan ədəbiyyatının da vurğunu idi. Musiqi ilə ədəbiyyatı bir-birindən ayrı təsəvvür etmirdi. Həm də ali təhsil almaq arzusunda idi. Odur ki, 1967-ci ildə texnikumda təhsil ala-ala sənədlərini Bakı Dövlət Universitetinə təqdim etdi və universitetin Filologiya fakültəsinə (qiyabi) daxil oldu. “Arzular tükənmir”, – deyirlər. Sevdiyi filologiya üzrə ali təhsilə yiyələnən Nazim musiqi sahəsində də ali təhsil almağı arzulayırdı. Bakı Dövlət Universitetinin diplomunu aldıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında qəbul imtahanlarında iştirak edərək bu təhsil ocağının tələbəsi oldu. Xalq çalğı alətləri şöbəsində Xalq artistləri Səid Rüstəmovdan (tar ixtisası üzrə) və Süleyman Ələsgərovdan (dirijorluq ixtisası üzrə) dərs almağa başladı.
Nazimin ilk əmək fəaliyyəti Əli Bayramlı (hazırda Şirvan) şəhəri ilə bağlıdır. O, 1970-ci ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda təhsilini tamamlayanda təyinatını bu şəhərdəki musiqi məktəbinə verdilər. Nazim Əli Bayramlı musiqi məktəbində 3 il müəllim vəzifəsində çalışdı.
1973-1978-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığı dövrdə həm də Bakının 15 nömrəli musiqi məktəbində Xalq çalğı alətləri şöbəsinin müdiri olaraq əmək fəaliyyətini davam etdirdi.
1978-ci ildə konservatoriyanı bitirdikdən sonra onun təyinatını yenidən Əli Bayramlı (hazırda Şirvan) musiqi məktəbinə verdilər. Nazim Kazımov bu musiqi məktəbində bir daha 4 il işlədi, müəllim, direktor müavini oldu.
Buradakı musiqi məktəbində çalışarkən Ariz Abduləliyev, Fəxrəddin Qafarov, Vaqif Abuzərov, Vüqar Nəzərov və başqa bu kimi musiqiçiləri yetişdirdi. Onlar hazırda musiqi sahəsində ad-san yiyəsidirlər.
Nazim müəllim 4 ildən sonra yenidən Bakıya qayıtdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında Xalq musiqisi kafedrasında müəllim vəzifəsində çalışmağa başladı. İş elə gətirdi ki, Nazim Kazımov üçüncü dəfə Əli Bayramlı musiqi məktəbinə qayıtmalı oldu. Bu dəfə musiqi məktəbinin direktoru təyin edilmişdi. 8 il bu vəzifədə işlədi. Musiqiçi kadrlarının hazırlanması sahəsində səmərəli fəaliyyət göstərdi. Yenə Bakı şəhərinə gəldi. Bu dəfə respublika Təhsil Nazirliyində işə çağırılmışdı. Burada inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrini tutdu. 9 il fəaliyyət göstərdi.
Nazim Kazımovu bitirdiyi Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna (hazırda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecidir) direktor təyin etdilər. 2001-ci ildən həmin vəzifədə işləyir. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.
Nazim müəllim musiqi təhsilinin müasir problem və inkişaf meyillərinə dərindən yiyələnmiş mütəxəssisdir. Geniş erudisiyaya, musiqi savadına malikdir. Tədris prosesinin, təhsil müəssisəsinin, tələbələrin, tələbə auditoriyasının idarə olunması, müəllim-tələbə münasibətlərinin səmərəli qurulması sahəsində səriştəyə yiyələnmiş şəxs, alimdir. O, yüksək ifaçılıq məharətinə malikdir. Xalq musiqisini, o cümlədən muğamlarımızı çox gözəl bilir.
Onun pedaqoji və elmi fəaliyyəti vəhdət təşkil edir. Azərbaycan muğamlarının tərbiyəvi əhəmiyyəti və təlim-tərbiyə prosesində onlardan istifadə ilə bağlı Nazim müəllimin bir sıra araşdırmaları, əsərləri vardır. 1997-ci ildə professor Vidadi Xəlilovun elmi rəhbərliyi ilə “Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi” mövzusunda dissertasiya yazaraq müdafiə etmiş, pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Həmin dissertasiya əsasında “Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri” monoqrafiyasını çap etdirmişdir. Eyni zamanda “Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə” proqramı, “Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti”, “Tar ilə fortepiano üçün pyeslər” mövzusunda proqram, metodik vəsait və kitabçalar, bir çox elmi məqalə Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, həm də orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələrinin stolüstü kitabıdır.
Nazim Kazımov milli musiqimizin fəal təbliğatçısıdır, məşhur musiqi xadimlərimizin həyat və fəaliyyətini tədqiq edir, respublikamızın musiqi ictimaiyyətinə, vətəndaşlarımıza çatdırır. Asəf Zeynallı, Səid Rüstəmov, Asəf Zeynallı adına Musiqi Texnikumu (İndiki Musiqi Kolleci) haqqında əsərlər yazaraq nəşr etdirmişdir.
“Tar ilə fortepiano üçün pyeslər” (1999), “Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri” (2000), “Səid Rüstəmov”, “Asəf Zeynallı”, “Musiqi kolleci-110” (2008), “Adil Gəray Məmmədbəyli” monoqrafiyaları, “Pedaqoji təcrübə” kitabı (2007) sevilə-sevilə oxunur.
Bundan başqa, Nazim müəllim təlimi Azərbaycan və rus dillərində aparılan ümumtəhsil məktəblərinin I, V, VII və VIII sinifləri üçün “Musiqi” dərsliklərinin həmmüəlliflərindəndir.
Professor Nazim Kazımovun direktoru olduğu Musiqi Kollecinin tələbələri də öz uğurları ilə respublikaya səs salır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təşkil olunan muğam ifaçılığı müsabiqələrində Musiqi Kollecinin tələbələri hər dəfə böyük nailiyyətlər qazanırlar. Müsabiqələrdə kollecin məzunlarından Təyyar Bayramov, Babək Niftəliyev, Güllü Muradova, Abgül Mirzəliyev, Ehtiram Hüseynov, Rəvanə Ərəbova layiqli yerlər tutmuşlar.
Professor Nazim Kazımov Azərbaycan musiqisinə yüksək dəyər verir. Deyir ki, Azərbaycan musiqisi dünya miqyasında bəyənilir. İstər muğamlarımız, istərsə də klassik musiqimiz bizim üçün bir xəzinədir. Musiqiçilərimiz dünya səhnələrində, beynəlxalq müsabiqələrdə iştirak edir və dünyanın bir çox ölkələrində uğur qazanırlar. Bizim musiqini dinləyənlər ondan doya bilmirlər.
Nazim Kazımov qazandığı uğurlarla öyünmür. Sadəcə, çalışır ki, öz əməyi, zəhməti ilə nailiyyətlərinin sayını artırsın. Nazim müəllim sadə, mehriban, xeyirxah, humanist, səmimi, alicənab insandır. Yüksək insani keyfiyyətləri ilə böyük hörmət və nüfuz qazanmışdır. İstər rəhbərlik etdiyi pedaqoji kollektivin üzvləri, istər tələbələr, istərsə də musiqi aləmində sevilir.
Professor Vidadi Xəlilovun “Sadiqlik nümunəsi” adlı kitabı Əməkdar incəsənət xadimi, professor Nazim Kazımovun həyat və yaradıcılığını diqqət mərkəzinə gətirir.
Dövlətimiz musiqinin tədrisi, musiqiçi kadrların yetişdirilməsi, musiqi sahəsindəki şəxsi xidmətlərini nəzərə alaraq onu Əməkdar incəsənət xadimi fəxri adına layiq görmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə II dərəcəli “Əmək” ordeni; Elm və Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir. Bundan başqa, Nazim müəllim “Qızıl qələm” mükafatı laureatıdır.
Professor Nazim Kazımov bu gün vaxtilə dahi Üzeyir Hacıbəylinin direktoru olduğu, zəngin ənənələri ilə seçilən Musiqi Kollecinə bacarıqla rəhbərlik edir. Bu təhsil müəssisəsi təkcə respublikamızda deyil, Yaxın Şərqdə ilk musiqi təhsili məktəbi olmuşdur. Nazim müəllim var gücü ilə çalışır ki, Üzeyir bəyin ənənələrini qorusun, yaşatsın, onun adına layiq rəhbərlik üslubu tətbiq etsin.
Professor Nazim Kazımovun 75 yaşı tamam olur. Bu yubiley günlərində ona nə arzu edərdik? Xoş əhval, sağlam və uzun ömür, yaradıcılıq uğurları, Musiqi Kollecinin uğurlarını, Azərbaycan musiqisinin inkişafını görüb sevinmək arzusu! Əziz Nazim müəllim, 75 yaşın mübarək!
Akif ABBASOV
Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
Digər xəbərlər