NAXÇIVAN :

22 Noyabr 2024, Cümə

Hər kim yüz il yaşamasa...

...

İllər sürətlə bir-birini əvəz edib, əsrlər ötüb, qərinələr keçib, bu yurdun başı üzərindən nə rüzgarlar əsib. Əlincəqala isə məğrurluğunu itirməyib, beləcə, olanlara, bitənlərə şahidlik edib. Tək şahidlik etməyib, həm də qoynunda yer saldığı qədimdən də qədim Xanəgah kəndinə sipər olub, düşmənlərdən qoruyub. 14 il Əmir Teymur kimi dünya fatehinə meydan oxuyub. Nə yorulub, nə usanıb qoca Əlincə, uca Əlincə. Əlincənin əzəmətinə sığınan Xanəgah da bu qalanın tarixi qədər qədimlərdən qədim, ululardan uludur. 
Xanəgahın yaşlı sakinlərindən olan Ölkə xanım  evinin Əlincəqala mənzərəsinə açılan pəncərəsindən baxıb ölkəsinə, Əlincə zirvəsindən boylanıb dünyaya. Bu zirvədə nə görüb? Məğrurluq, əzəmət, yurda məhəbbət və bir də yaşamaq eşqi. Deyir, biz Əlincə adlı ucalığın övladlarıyıq. Günümüz bu qalanın ətrafında keçib. İndi ömrümün ahıl çağındayam. Gücüm illərlə zəhmət çəkdiyim bağıma baxmağa çatmasa da, övladlarıma halal zəhmətdən əl götürməməyi, torpağı boş qoymamağı və dünya malına həris olmamağı tövsiyə edirəm. Bu dünyadan özümüzlə aparacağımız yaxşı və pis əməllər olacaq. Gərək, yaxşılıq edəsən ki, insanlar səni rəhmətlə analar. 
Culfanın bu kiçik kəndi, bütövlükdə, mədəniyyət və mənəviyyat ocağıdır. Yaşı qədimlərə söykənən tarixi abidələr bir-biri ilə vəhdət təşkil edir. Burada evlər tarixlə iç-içədir, tarixin izlərinə sayğı, milli ruhdan süzülüb gələn ənənəyə sadiqlik kiçikdən-böyüyə hər kəsin ruhuna hopub. İmanlı, xeyirxah, qonaqpərvər, dəyərlərə sadiq insanlar yetişdirib bu torpaq. Bu yaşayış yeri həm də Xanəgah memarlıq kompleksi ilə məşhurdur. 
Əli kişini kənddə tanımayan yoxdur. Ədəbiyyata bağlı, mənəviyyatı zəngin el ağsaqqalı Xanəgah türbəsini, Nəiminin uyuduğu bu ocağı müqəddəs sayır. Deyir ki, Əlincəçay Xanəgahı uzun müddət burada fəaliyyət göstərən şeyxlərin yaşayış, ibadət və zikr yeri olub. “Yaşım 90-ı haqlasa da, adətim üzrə yenə də bu ocağa gəlir, Tanrıyla həmsöhbət olur, torpağım, yurdumun insanı üçün əllərimi göyə açıb dualar edirəm”, – deyir Əli kişi. Onu da xüsusilə vurğulayır ki, ömrü verən Allahdır. Lakin insan da gərək ruhunu təmiz saxlaya, pisliklərdən, şərdən-böhtandan uzaq ola. Halal yaşaya, səxavətliliyi, insansevərliliyi özündən uzaq tutmaya. Özünə rəva bilmədiyini başqasına rəva görmə. Qapına diləyə gələnləri əliboş qaytarma. Əli kişi sonda Aşıq Ələsgərdən sitat gətirir:

    Aldanma dövlətə, uyma dünyaya,
    Halaldan kəsb eylə özünə maya.
    Zinakar, haramxor yetişməz baya
    Dosta xain baxan kor olacaqdır. 

Xanəgah əzəldən mənəviyyat adamlarının, şeyxlərin məskəni olub. Orta əsrlər zamanı Əlincəçay Xanəgahı Naxçıvan ərazisində fəaliyyət göstərən ən böyük və nüfuzlu ocaq olaraq şərq ölkələrində də mövcud iri xanəgahlarla bir sırada durmuşdur. Nəsiminin müəllimi, hürufilik təliminin banisi Şeyx Fəzlullah Nəiminin Xanəgahda dəfn olunduğunu elmi mənbələr də təsdiqləyir. İllərdir, xanəgahlılar bu kamil insanın məzarını qoruyur, ziyarət edir, kamil insan ideyasını nəsildən-nəslə ötürürlər. Düşünürlər ki, insana hər iki dünyada rəhmət qazandıran, uzunömürlü edən də məhz kamillik olacaq. Dünyadan köçsə də, insanlığı ilə qəlblərdə yaşayacaqdır. 
Kamil insan surətini Tanrıyla eyniləşdirən Fəzlullah Nəiminin təsəvvürünə əsasən dinindən, məzhəbindən asılı olmayaraq, Tanrıdan lütf və mərhəmət umanlar özləri mərhəmətli və ədalətli olmalıdırlar. Həqiqi etiqad insandan ədalət və sədaqət tələb edir. İnsanın etiqadı ilə əməli arasında uçurum olmamalıdır. 
Fəzlullah Nəimi əbədiyyət naminə yazdığı əsərlərindən birində – “İsgəndərnamə”də böyük sərkərdə İsgəndərin dirilik suyu axtarmasını təsvir edir. Dirilik suyunun tapılmasını vəziri Ağıla tapşırır. Ağıl isə müdrik qoca taparaq ondan dirilik suyunun  yolunu öyrənir. Ağıl əsərdə hikmətin, fəlsəfənin rəmzi, qoca isə xalq müdrikliyinin rəmzidir. 
Ömrünün 100-cü pilləsində qərar tutan Vəli Qasımov kəndin ən yaşlı sakinidir. Əsrin yaşıdı olan Vəli Qasımov 1941-45-ci illər müharibəsinin iştirakçısı olub, Belarusun müdafiəsində iştirak edib. İndi hər il qələbənin qeyd olunduğu may ayında Belarusdan minnətdarlıq məktubu və hədiyyələr alır. 5 uşaq, 12 nəvə 22 nəticə sahibi olan Vəli Qasımov gününü boşa keçirmir. Səhər erkəndən oyanar, illərlə bəslədiyi bağına sığal çəkər, tanış-bilişlə hal-əhval tutmaq üçün kənd içinə çıxar.  
Deyir, burada tarixlə təbiət baş-başa verib insanları yaşadır. Sağlam ruh, sağlam qida uzunömürlülüyün birinci sirridir. Kənddə bulaqlar çoxdur. İndi cavanlar sərinləşdirici içkilərdən çox istifadə edirlər. Amma mən 100 yaşına varan Vəli Qasımov deyirəm ki, dağlardan gələn dumduru şəffaf bulaq suları cana dərman, ürəyə məlhəmdir. Kəndimizdə axan bulaq sularını belə içkilərin heç birinə dəyişmərəm. Əlincəqalanın arxa tərəfində, çayın bu biri üzündə axan bulağa “Qızdırma” bulaq  deyərik. Belə bir inam var ki, bu suyu içən qızdırmaz, şəfa tapar. Məni bu yaşıma çatdıran da bax elə bu bulaqlardır. Vəli baba “Qızdırma” bulağı “dirilik suyu” adlandırır. 
Nəiminin “İsgəndərnamə”sinə təsadüfdən istinad  etmədik. Ömrü düzgün və sağlam davam etmənin sirləri Vəli baba kimi dünyagörmüş insanlardadır. Burada Vəli baba müdrik qoca, “Qızdırma”nın timsalında bulaq suları isə orqanizm üçün zərərli sayılan bütün içkilərə qarşı qoyulur.  
Tanrıya qəlbən bağlı olan kənd sakinləri uzunömürlülüyün  sirrini həm də Uca Yaradanın hər kəsə bəxş etdiyi bir ömür payı kimi dəyərləndirir. Lakin bu kəndə gələn hər kəs sanki bütün pisliklərdən, şər qüvvələrdən, səs-küydən, mənfi auradan uzaq, özünü Əlincə kimi əzəmətə söykəmiş,  dünyadan ayrı  bir  yurd yeri kimi təsəvvür edər. Xanəgah kimi ikinci elə bir kənd varmı ki, özündə uzaq tarixə söykənən mənəviyyat ocaqlarını birləşdirə?! 
Həyətlərə bitişik orta əsrlərə aid günbəzli tarixi-memarlıq abidəsi – Əmirxan türbəsi kənd camaatı tərəfindən “Təkyə”  adlanır ki, bu da dini mərasimlərin keçirilməsi ilə əlaqədar olmuşdur. Kəndin uzunömürlülərindən olan Allahverdi kişi Təkyəni tez-tez ziyarət edir. Deyir, gözümüzü açandan bu abidələri görmüşük, sevmişik, qorumuşuq. Kənd içinə çıxanda abidələri ziyarət etməyi özümə mənəvi borc bilirəm. Allahverdi kişinin oğlu Yaşar Məmmədov torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə yüksəlib. Vətənpərvərlik, tarixə sevgi, yurda məhəbbət bu ağsaqqalın həyat amalıdır. Kəndin cavanlarına da Vətənə sevginin  hər kəsin dünyaya gözünü açdığı yurd yerini qorumaqdan başladığını aşılayır.
Azan səsi eşidilir. Kənd əhalisi ibadətə tələsir. Məscid yalnız ibadət yeri deyil, həm də kəndin tarixini özündə qoruyan abidədir. Burada insan sanki keçmişə səyahət edir, mənən dinclik tapır, ruhən paklanır. Çox qəribə mistik bir ab-havası var. Kəndin digər uzunömürlü sakinlərindən biri olan 91 yaşlı Yusif Heydərov ibadət üçün hər gün məscidə gəlir. Yusif kişiyə görə insan ruhunu da çirkinliklərdən arındırmalıdır. Xoş düşünməli, ətrafına sevgi bəxş etməlidir. Bax o zaman insanın ruhu dinclik tapar. Bu həyatda edilən hər əməlin qarşılığı mütləqdir ki, özünə qayıdacaqdır. 
Geni dəyişdirilmiş məhsulların süfrələrə yol tapdığı qeyri-sağlam həyat tərzinin, xəstəliklərin artdığı dövrdə yaşı 80-ni ötən hər kəsə uzun­ömürlü kimi baxırıq. Uzunömürlülük dövrümüzdə qənimət sayılır. Tofid Əliyevin 87 yaşı var. Uzun müddət çalışıb, həyətində cənnət yaradıb. Ən gözəl süfrə üzümləri onun həyətində yetişir. Təbii qidalanmanı insan həyatı üçün mühüm amil sayan Tofid kişi əlinin zəhməti ilə hasilə gətirdiyi bağının meyvələrindən bəhrələnər, şəfalı bulaq sularından içər, həyətinə açılan Əlincə mənzərəsindən zövq alar. Deyir, kəndin ab-havası çox gözəldir. Kəndi ikiyə bölən Əlincə çayı vaxtilə imdadıma yetib. Övladlarımdan biri uşaq ikən göyöskürək tutmuşdu. Balakişi Qasımov adlı həkimin məsləhətilə hər səhər çayın kənarında yürüşə çıxardıq. Onunla da uşaq sağlamlığına qovuşdu. Təbiət dərmandır. Ondan düzgün istifadəni biləcəksən. Sağlamlıq həm də qida ilə əlaqəlidir. Təbii qidalara üstünlük vermək mütləqdir. Həyətimin meyvələrindən istifadəyə üstünlük verərəm. Məsələn, ən faydalı üzüm növü hənəqırnadır ki, daha çox istifadə edərəm. Bir də belə bir deyim var ki, acmamış süfrədə oturma, doymamış qalx. Dahi Nizami demişkən: 

    Bir inci saflığı varsa da suda,
    Artıq içiləndə dərd verir o da. 

Halallığı və düzgünlüyü həyat prinsipinə çevirən Tofid kişi deyir ki, yaxşılıq edərsən, yaxşılıq taparsan, pislik edərsən, pislik. Bu, labüddür. 
“Ağsaqqal, ağbirçək olan ev ruzili, bərəkətli olar”, – deyib atalar. Ağsaqqal öyüdü, ağbirçək nəsihəti ən ağır günümüzdə dadımıza yetib. Bəlkə də, buna görə Xanəgah bu qədər cəlbedici və insana hüzur bəxş edən yaşayış yeridir. Tarixin dərin qatlarından süzülüb gələn uzun ömür nəsibi olan Xanəgahın insanları da uzunömürlüdür. 
Şəhərin səs-küyündən uzaqda, yaşıllıqların, gül-çiçəyin içində torpaqdan ikiəlli yapışan insanlar ömürlərini təbiətə, təbii məhsullara, dağlardan süzülüb gələn dumduru bulaq sularına əmanət edərək yaşayırlar. Yaşayırlar, yaradırlar, inanırlar. İnanırlar ki, hər kim yüz il yaşamasa, günah onun özündədir. 
Yolunuzu qoca tarixlə günümüz arasında körpü olan, ömürlərinin müdriklik çağını yaşayan xanəgahlıların torpağına – Xanəgaha salın. Ruhunuzun dinclik, qəlbinizin sevgi ilə dolacağına inanın. İnanın ki, insanın ömrünə ömür calayan xoş niyyətlər, xeyirxah əməllərdir. Və inanın ki, hər kim yüz il yaşamasa, günah onun özündədir!

Ruhiyyə Rəsulova 
 

Nəşr edilib : 15.10.2024 11:00