NAXÇIVAN :

30 Sentyabr 2026, Çərşənbə

Məktəblərimizdə kişi müəllimlər niyə azalır?

img

Onlarla sonuncu dəfə 10-12 il əvvəl vidalaşdıq... Sanki bir günün, bir saatın, bir anın içində getdilər. Sinif otaqlarından zəhmli səsləri, dəhlizlərdən iti yerişləri, dik duruşları kəsildi... Söhbət məktəbli illərimizdən yaddaşımızda mülayim baxışlı, tələbkar və məsuliyyətli müəllim kimi qalan kişi müəllimlərimizdən gedir. Elə müəllimlərdən ki, bəzən bircə sözü, bircə baxışı ilə sinfi sükuta qərq edərdilər. Onların tələbkarlığında sərtlikdən çox qayğı, iradlarında isə gələcəyimizə olan böyük inam vardı. Bir zamanlar məktəblərimizdə kişi müəllimlərinin sayı kifayət qədər idi. Bəs indi həmin müəllimlər haradadır?

Son illər ümumtəhsil məktəblərimizdə kişi müəllimlərin sayı getdikcə azalır. Müşahidələr göstərir ki, pedaqoji sahəyə maraq qadınlarda kişilərlə müqayisədə daha çoxdur. Bu hal sözügedən sahədə gender balansının pozulmasına gətirib çıxarır.

Təhsil Nazirliyinin açıqladığı statistikaya görə, 2024-cü ildə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 82,7 faizini qadınlar, 17,3 faizini isə kişilər təşkil edib. Bəs kişilərin müəllimlik peşəsinə marağının azalmasının əsas səbəbi nədir? Bu tendensiyanın qarşısını almaq üçün hansı addımlar atılmalıdır?

Ekspertlərin fikrincə, problemin səbəbləri yalnız bir amillə məhdudlaşmır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmalarında əməkhaqqının səviyyəsi, peşənin sosial statusu, karyera imkanları və gender stereotipləri müəllimlik peşəsinin seçiminə təsir edən əsas amillər sırasında göstərilir. Kişilərin daha yüksək gəlir və geniş karyera imkanları vəd edən sahələrə üstünlük verməsi də pedaqoji peşədə gender balansının pozulmasının səbəblərindən biri kimi qeyd olunur.

Məsələyə yalnız əməkhaqqı prizmasından yanaşmaq da doğru olmaz. Cəmiyyətdə formalaşmış “müəllimlik qadın peşəsidir” stereotipi də kişilərin bu sahəyə yönəlməsinə təsir göstərir. Halbuki müəllimlik yalnız bilik ötürməkdən ibarət deyil. Müəllim uşaqların dünyagörüşünün formalaşmasına, onların sosial və emosional inkişafına mühüm təsir göstərən əsas fiqurlardan biridir.

20-30 il əvvələ baxmaq lazımdır

Müsahibimiz, təhsil eksperti Orxan İsayev hesab edir ki, ümumtəhsil məktəblərində kişi müəllimlərin sayının azalmasının səbəbini anlamaq üçün 20-30 il əvvələ nəzər salmaq lazımdır. Onun sözlərinə görə, həmin dövrdə müəllimlərin əməkhaqqı bu günlə müqayisədə daha aşağı idi. Pedaqoji ixtisasları bitirən gənclər daha çox dövlət qulluğunda çalışmağa üstünlük verirdilər. Yetərincə ixtisaslı kadr olmadığından pedaqoji ixtisasları bitirmiş bakalavrlar müxtəlif dövlət qurumlarında, hətta xüsusi təyinatlı orqanlarda belə rahatlıqla iş tapa bilirdilər.

Həmin dövrdə sovet dönəmində əmək fəaliyyətinə başlamış kişi müəllimlərin sayı kifayət qədər olduğundan problem o qədər də qabarıq görünmürdü. Bu gün isə həmin müəllimlərin əksəriyyətinin təqaüdə çıxması nəticəsində orta ümumtəhsil məktəblərində kişi müəllimlərin sayı minimuma enib. Ekspert əsas problemlərdən birinin də müəllimlik sənətinin cəmiyyətdə şüuraltı olaraq qadın peşəsi kimi qəbul edilməsi olduğunu düşünür. Onun sözlərinə görə, hazırda pedaqoji fəaliyyətlə məşğul olan kişi müəllimlərin əksəriyyəti repetitorluqla da məşğuldur. Bu fəaliyyət növü olmasa, məktəblərdə kişi müəllim tapmaq daha da çətinləşər.

Orxan İsayev kişi müəllimlərin sayının azalmasının məktəblərdə intizam məsələsinə də təsir etdiyini bildirir. Onun fikrincə, bəzi yuxarı sinif şagirdlərinin qadın müəllimlərə məhəl qoymaması tədrisin keyfiyyətinə və məktəbdəki ümumi intizama təsir göstərə bilər. Sosial şəbəkələrdə məktəblərdə şagirdlərin intizamsız davranışlarını əks etdirən görüntülərin yayılması da problemin aktuallığını göstərir.

Ekspert hesab edir ki, müəllimlərin hüquq və səlahiyyətləri məsələsinə yenidən baxılmalıdır. Onun fikrincə, bəzi valideynlərin şagirdə tətbiq olunan intizam tədbirləri ilə bağlı müəllimlərə təzyiq göstərməsi, onları müxtəlif orqanlara şikayət etməklə hədələməsi müəllimlərdə laqeydliyə səbəb ola bilər.

10-15 il əvvəl təhsil sahəsində daha çox kişiləri görmək olurdu

Mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Elçin Əfəndiyevlə də əlaqə saxladıq. Ekspertin sözlərinə görə, kişi müəllimlərin sayının azlığı, eləcə də təhsilin idarəetmə sferasında kişilərin sayının azalması müəyyən çətinliklər yaradır: “10-15 il əvvəl təhsil sahəsində daha çox kişiləri görmək olurdu. İstər bu sahənin idarəetməsində, istər ibtidai, istərsə də yuxarı siniflərdə dərs deyən müəllimlərin əksəriyyəti kişi idi. Həmin dövrdə nizam-intizam, təlim-tərbiyə qaydaları daha yaxşı idi. Bu gün ölkənin 4000-dən çox orta məktəbində 140 minə yaxın müəllimin cəmi 20 mindən bir qədər artığı kişidir”.

Müsahibimiz qeyd edir ki, müəllimlərin işə qəbulu imtahanında iştirak edən, təxminən, 55-60 min namizədin 80-85 faizini qadınlar təşkil edir. Onun fikrincə, bunun əsas səbəblərindən biri əməkhaqqıdır: “Bilirsiniz ki, ailələrdə maddi yük, əsasən, kişilərin üzərindədir. Belə olan halda onlar müəllimliklə ailəni dolandıra biləcəklərini düşünmürlər. Kişi müəllimlər istədikləri qazancı orta məktəblərdə əldə edə bilmədikləri üçün özəl təhsil müəssisələrinə və ya tədris kurslarına üz tuturlar”.

Gender bərabərliyini bərpa etmək üçün nə etmək olar?

Elçin Əfəndiyev hesab edir ki, kişi müəllimlərin pedaqoji sahəyə cəlb olunması üçün stimullaşdırıcı proqramlar həyata keçirilməli, həvəsləndirici və motivasiyaedici mexanizmlər yaradılmalıdır. Pedaqoji yönümlü ixtisas seçən kişilərə abituriyentlik dövründə müvafiq təqaüd verilməsi, müəyyən imtiyazlar tanınması, daha asan kredit götürmək imkanlarının yaradılması kimi güzəştlər tətbiq olunarsa, ən azı 15-20 il əvvəlki vəziyyətə yaxınlaşmaq mümkün olar.

Təhsil sahəsində gender balansının pozulması şagirdlərə təsir edirmi?

Ümumtəhsil məktəblərində gendər bərabərliyinin pozulmasının şagirdlərin psixoloji tərbiyəsinə təsiri varmı? Bu sual ətrafında fikirlərini bizimlə bölüşən həkim-psixoterapevt Minə Əkbərli bildirdi ki, məktəbdə kişi müəllimlərin sayının azalması birbaşa psixoloji problemlərə səbəb olan amil kimi qiymətləndirilməsə də, şagirdlərin sosial və emosional inkişafı baxımından müəyyən nəticələr doğura bilər. Xüsusilə oğlan şagirdlərin özlərini rahat ifadə edə bildikləri, güvən duyduqları və davranışlarını müşahidə edərək nümunə götürə bildikləri kişi rol modellərinin məktəb mühitində az olması onların ünsiyyət və davranış modellərinin formalaşmasına təsir göstərə bilər. Kişi müəllimlər bəzi oğlan şagirdlər üçün məsuliyyət, intizam, əməkdaşlıq və problem həlletmə kimi keyfiyyətlərin inkişafında əlavə nümunə rolunu oynaya bilərlər. Bununla yanaşı, müəllimlərin gender balansının dəyişməsinə yalnız müəllimin cinsi prizmasından yanaşmaq düzgün olmazdı. Burada müəllimin peşəkarlığı, pedaqoji bacarığı, şagirdə yanaşma tərzi və onunla qurduğu sağlam münasibət daha böyük əhəmiyyət daşıyır.

Müsahibimiz bildirdi ki, şagirdin özünü məktəbdə təhlükəsiz, dəyərli və qəbul olunmuş hiss etməsi onun psixoloji rifahı və təlim motivasiyası üçün mühüm şərtdir. Eyni zamanda məktəbdə psixoloq, müəllim və valideyn əməkdaşlığının gücləndirilməsi şagirdlərin sosial və emosional ehtiyaclarının vaxtında müəyyənləşdirilməsinə kömək edə bilər. Buna görə də məktəbdə kişi müəllimlərin sayının artırılması ilə yanaşı, bütün müəllimlərin şagirdlərlə sağlam və dəstəkləyici münasibət qurması əsas prioritetlərdən biri olmalıdır. Nəticə etibarilə, şagirdlərin psixoloji və sosial inkişafına təsir edən əsas amil müəllimin cinsindən çox, məktəbdə formalaşdırılan sağlam, təhlükəsiz və dəstəkləyici psixoloji mühitdir.

Müsahiblərimzin fikirlərindən də görünən odur ki, məktəblərdə kişi müəllimlərin azalması yalnız statistika məsələsi deyil. Bu, müəllimlik peşəsinin cəmiyyətdəki nüfuzu, əməkhaqqı, karyera imkanları, məktəbdə nizam-intizam və gender balansı ilə bağlı daha geniş problemdir. Kişi müəllimlərin pedaqoji sahəyə cəlb olunması üçün isə iqtisadi, sosial və institusional mexanizmlərin nəzərdən keçirilməsinə ehtiyac var.

Məcid RƏŞADƏTOĞLU

DAHA ƏTRAFLI