Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük ...
01:18 13.11.2026
0
0
0
NAXÇIVAN :
13 Noyabr 2026, Cümə
Müstəqil Azərbaycan Respublikasının varlığını, xalqımızın azadlıq iradəsini və dövlət suverenliyini hüquqi müstəvidə təsbit edən Azərbaycan Respublikasının Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin ən mühüm tarixi nailiyyətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəni bürüyən siyasi anarxiya, dərin iqtisadi böhran və dövlət idarəçiliyində hökm sürən xaos Azərbaycanın dövlət müstəqilliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb və taleyüklü şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoydu. Bundan sonra dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin təmin edilməsi və müstəqil Azərbaycanın hüquqi əsaslarının formalaşdırılması istiqamətində ardıcıl addımlar atıldı. Bu prosesin ən mühüm nəticələrindən biri müstəqil dövlətimizin ilk milli Konstitusiyasının qəbul edilməsi oldu.
1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev uzaqgörən siyasəti və taleyüklü qərarları ilə milli dövlətçilik ideyasının gerçəkləşməsinə, müasir və müstəqil Azərbaycan dövlətinin qurulmasına misilsiz töhfələr verdi. Onun rəhbərliyi ilə ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndər, ilk növbədə, siyasi sabitliyin bərqərar edilməsinə, iqtisadi siyasətin əsas istiqamətlərinin müəyyənləşdirilməsinə, dövlət idarəçiliyinin təkmilləşdirilməsinə və islahatların həyata keçirilməsi üçün zəruri qanunvericilik bazasının yaradılmasına diqqət yetirdi.
Həmin dövrdə mövcud olan hüquq sistemi və qanunvericilik bazası demokratik cəmiyyət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi baxımından dövrün tələblərinə cavab vermirdi. Bu səbəbdən demokratik prinsiplərə və ümumbəşəri dəyərlərə əsaslanan yeni milli qanunvericilik sisteminin formalaşdırılması zərurəti yaranmışdı. Qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil Azərbaycanın yeni Konstitusiyasının hazırlanması və qəbul edilməsi idi.
Yeni Konstitusiya layihəsinin hazırlanması məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən məqsədyönlü tədbirlər həyata keçirildi. Milli Məclisin 1995-ci il 2 may tarixli Qərarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyaya şəxsən Heydər Əliyev sədrlik edirdi. Onun tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının nümayəndələri ilə yanaşı, tanınmış ictimai-siyasi xadimlər, alimlər, hüquqşünaslar, tarixçilər və dilçilər də daxil edilmişdi. Ulu Öndər komissiyanın fəaliyyətinə bilavasitə rəhbərlik edir, layihənin hər bir müddəası ilə maraqlanır, tövsiyələrini bildirirdi. Eyni zamanda Konstitusiya layihəsinin ictimaiyyət arasında geniş müzakirəsini vacib hesab edir, Əsas Qanunun hərtərəfli və mükəmməl hazırlanmasına diqqət yetirirdi.
Yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclası 1995-ci il iyunun 5-də keçirildi. İclasda çıxış edən Ulu Öndər Azərbaycanın konstitusiya quruculuğu tarixinə nəzər salaraq yeni Əsas Qanunun hazırlanmasının ölkənin siyasi və hüquqi tarixində müstəsna əhəmiyyət daşıdığını vurğuladı. Ulu Öndər tarixi irsi ilə müasir demokratik təcrübənin uzlaşdırılmasının vacibliyini qeyd edərək bildirmişdi: “Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi nailiyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik”.
Ümummilli Lider Heydər Əliyev həmin çıxışında Konstitusiyanın əsas funksiyasını da aydın şəkildə ifadə etmişdi. Onun fikrincə, Əsas Qanun dövlətlə xalq arasında münasibətləri tənzimləməli, hakimiyyətin bütün qollarının xalqın iradəsinə əsaslanmasını təmin etməli idi. Ulu Öndər bu prinsipi belə ifadə etmişdi: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü, ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
1995-ci il oktyabrın 3-də keçirilən növbəti iclasda Heydər Əliyev yeni Konstitusiyanın təməl prinsiplərini bir daha diqqətə çatdırdı. Ulu Öndər qeyd edirdi ki, Əsas Qanunda Azərbaycanın dövlət müstəqilliyi, onun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi ilə bağlı fundamental müddəalar öz əksini tapmalıdır. Yeni Konstitusiya demokratik dəyərlərə əsaslanmalı, inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsi ilə yanaşı, Azərbaycanın tarixi irsini və milli xüsusiyyətlərini də ehtiva etməlidir.
Hər bir demokratik dövlətdə hakimiyyətin yeganə mənbəyi xalqdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsində dövlət hakimiyyətinin yeganə mənbəyinin Azərbaycan xalqı olduğu təsbit edilib. Əsas Qanuna görə, xalq öz müqəddəratını sərbəst və müstəqil şəkildə müəyyən etmək, idarəetmə formasını seçmək hüququna malikdir. Konstitusiyada Azərbaycanın dövlət quruluşu, suverenliyi, siyasi və iqtisadi sisteminin fundamental prinsipləri müəyyənləşdirilib, dövlət hakimiyyətinin təşkili hakimiyyət bölgüsü prinsipinə əsaslandırılıb.
1995-ci ilin 12-i noyabrı dövlətçilik tariximizin ən əlamətdar səhifələrindən biri kimi yadda qaldı. Həmin gün ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi hadisə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməlinin yaradılması baxımından mühüm mərhələ oldu.
Ulu Öndərin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun davam etdirilməsi Azərbaycanın suveren və güclü dövlət kimi inkişafının mühüm amillərindəndir. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi əhəmiyyət kəsb edir. Bu Sərəncam dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan cəmiyyət quruculuğunun məntiqi davamı kimi dəyərləndirilə bilər.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət idarəçiliyinin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasının ali təminatçısıdır. Əsas Qanunda hər kəsin qanun qarşısında bərabərliyi, fikir və söz azadlığı, mülkiyyət hüququ, vicdan azadlığı və digər fundamental hüquqlar təsbit edilib. Bu baxımdan, Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən ali hüquqi təminatdır. Onun əsas mahiyyəti dövlət səlahiyyətlərinin qanun çərçivəsində həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Zamanın dəyişən tələbləri, ictimai-siyasi və iqtisadi münasibətlərin inkişafı, dövlət idarəçiliyinin təkmilləşdirilməsi zərurəti Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini də gündəmə gətirib. Bu məqsədlə 2002, 2009 və 2016-cı illərdə ümumxalq referendumları keçirilib, Əsas Qanuna müvafiq dəyişikliklər edilib. Həmin dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və hüquq sisteminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.
Sevindirici haldır ki, Konstitusiyada təsbit olunmuş dövlət müstəqilliyi, suverenlik və ərazi bütövlüyü prinsipləri Azərbaycanın sonrakı tarixi inkişafında da öz təsdiqini tapıb. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyinin bərpa edilməsi Azərbaycan dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoyub. Bu hadisələr xalqımızın milli iradəsinin və dövlətimizin qüdrətinin təcəssümü olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş suverenlik və ərazi bütövlüyü prinsiplərinin əhəmiyyətini bir daha nümayiş etdirib.
Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun davam etdirilməsi və demokratik dəyərlərin cəmiyyətdə möhkəmlənməsi hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət qoyur. Konstitusiyanın prinsiplərinə hörmətlə yanaşmaq, qanunlara əməl etmək, hüquq və vəzifələrini dərk etmək hər birimizin vətəndaşlıq borcudur. Konstitusiya həm də xalqın azadlıq və müstəqillik əzminin, suverenlik hüququnun və gələcək nəsillər qarşısında məsuliyyətinin rəmzidir. Bu mənada, Azərbaycan Respublikasının Konstitusiyası bir millətin inam andı, müstəqil dövlətimizin sarsılmaz hüquqi təməlidir. Ona hörmət və sədaqət isə dövlət müstəqilliyimizin qorunmasına, suverenliyimizin möhkəmləndirilməsinə və Azərbaycanın gələcək inkişafına xidmət edən ən mühüm vətəndaşlıq mövqeyidir.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər