Tərəvəzçilikdən istixana təsərrüfatına: Dərəkənddə...
15:40 28.11.2026
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
Mətbuat bir-biri ilə sıx bağlı olan, kök-budaq kimi ayrılmaz tellərlə birləşən və kollektiv əməyə söykənən yaradıcı fəaliyyət sahəsidir. Burada fotoqrafın zəhmətindən müxbirin axtarışlarına, redaktorun peşəkarlığından korrektorun diqqət və dəqiqliyinə qədər hər kəsin əməyinin özünəməxsus yeri və əhəmiyyəti var. İstər radio və televiziya, istərsə də qəzetçilik olsun, bu sahələrin hər birində ictimaiyyətə tanınan simalarla yanaşı, pərdə arxasında qalan, yaradıcı heyətlə çiyin-çiyinə çalışan, yazıların, reportajların və digər materialların yüksək peşəkarlıqla hazırlanmasına töhfə verən insanlar da var. Onların əməyi hər zaman göz önündə olmasa da, mətbuatın uğurunda mühüm pay sahibidirlər.
Bu dəfə söhbət açacağımız insanı hələ tələbəlik illərimdən tanıyıram. Müsahibimiz Şərəf xanım – Şərəf Möhsünova ömrünün yarım əsrə yaxın bir dövrünü “Şərq qapısı” qəzetinə, onun mətbəəsinə həsr etmiş, bu kollektivin ayrılmaz üzvünə çevrilmiş insanlardandır. İşinə məsuliyyətlə yanaşması, mehribanlığı, səmimiyyəti və insanlarla xoş münasibəti ilə seçilən Şərəf xanım hazırda təqaüddədir. Qəzetdən fiziki olaraq uzaqlaşsa da, mənəvi bağlılığı heç zaman qırılmayıb. Bu gün də doğma mətbuat orqanı və onun kollektivi ilə mütəmadi əlaqə saxlayır, qayğısını, diqqətini və sevgisini əsirgəmir.
Peşəsinə sədaqəti ilə gənc nəsil üçün örnək olan Şərəf xanım əmək fəaliyyətinə qəzetin mətbəəsində “yığıcı” kimi başlayıb. Sonralar da bu doğma kollektivdə çalışaraq ömrünün ən məhsuldar illərini mətbuatımıza xidmətə həsr edib. İllər keçdikcə “Şərq qapısı” təkcə onun iş yeri deyil, həyatının ayrılmaz bir parçasına çevrilib. Onun gələcək ailə səadətinin təməli də məhz burada qoyulub. Beləcə, “Şərq qapısı” qəzetinə həsr etdiyi illər Şərəf xanıma yalnız kollektivin sevgi və hörmətini qazandırmayıb, həm də ömürlük davam edən mehriban bir ailə həyatının başlanğıcına çevrilib. Demək olar ki, bu qəzet onun üçün həm peşəkar fəaliyyət meydanı, həm də həyatının ən əziz xatirələrinin, xoşbəxt anlarının ünvanı olub.
Şərəf xanım ilk əmək fəaliyyətinə başladığı illəri xoş bir təbəssümlə xatırlayaraq həmin dövrün zəhmət dolu günlərindən, kollektivdə hökm sürən səmimi münasibətlərdən və həyatında silinməz iz qoyan hadisələrdən söz açır: “1977-ci ildən taleyimi “Şərq qapısı” qəzeti ilə bağladım. Gənclik illərimin, demək olar ki, ən gözəl çağları burada keçib. Həyat yoldaşım Namiq bəylə də məhz burada tanış olmuşuq. Ailələrimizin xeyir-duası ilə 1985-ci ildə ailə həyatı qurmuşuq. “Şərq qapısı” qəzeti bizim üçün heç vaxt, sadəcə, iş yeri olmayıb. Bura bizim həyatımızın bir parçası, gənclik xatirələrimizin ünvanı olub. Elə günlərimiz olub ki, gecədən sübhədək qəzetin materiallarını yığmış, növbəti gün oxuculara təqdim olunacaq nəşrin vaxtında və keyfiyyətlə hazırlanması üçün əlimizdən gələni etmişik. Həmin illər çox çətin dövr idi. Ancaq bütün çətinliklərə baxmayaraq, o günlər indi də xoş xatirələrlə yaddaşımızda yaşayır”.
Zəhməti rəhbərlik tərəfindən dəfələrlə yüksək qiymətləndirilən Şərəf xanım müxtəlif illərdə Fəxri fərmanlarla təltif olunub. Onun uzunillik və səmərəli fəaliyyəti dövlət səviyyəsində də layiqincə qiymətləndirilib. Belə ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyi münasibətilə “Rəşadətli əməyə görə” nişanına layiq görülüb. Bu təltif, əslində, onun mətbuatımıza uzun illər ərzində göstərdiyi fədakar xidmətə verilən dəyərin ifadəsidir. Keçdiyi əmək yolunu, mətbəədə çalışdığı ilk illəri və qazandığı təcrübəni qürurla xatırlayan Şərəf xanım həmin dövrün maraqlı məqamlarından söz açır: “İlk illərdə mətbəənin o qədər də asan olmayan işinə tez alışdım. İşimə məsuliyyətlə yanaşmağım, diqqətim və qazandığım təcrübə sayəsində bir müddət sonra rəhbərlik tərəfindən dərəcəm artırıldı. Əvvəlcə birinci, daha sonra ikinci, üçüncü, hətta dördüncü dərəcəli yığıcı oldum. Təbii ki, bu dərəcələrin artması əməkhaqqıma da öz təsirini göstərirdi. Qrammatikanı yaxşı bilməyim işimdə həmişə köməyimə çatıb. Çalışdığım illərdə bəzən yazılara nəzər salarkən müəyyən düzəlişlərə ehtiyac olduğunu görürdüm. Gənc müxbirlərə deyirdim ki, yazının filan yerini redaktə etsinlər, çünki orada üslub səhvi var, onsuz da baş redaktor həmin hissəni çıxaracaq. Ancaq gənc olduqları üçün bəzən təcrübəmə o qədər də əhəmiyyət vermirdilər. Elə düşünürdülər ki, bu sözləri, sadəcə, söz xatirinə deyirəm. Bir müddət sonra baş redaktorun, həqiqətən də, həmin hissələri çıxardığını görəndə təəccüblə yanıma gəlib soruşurdular: “Şərəf xala, sən haradan bilirdin ki, redaktor həmin hissəni redaktə edəcək?” Mən də hər dəfə onlara eyni cavabı verirdim: “Bu qəzetə illərimi həsr etmişəm”.
Söhbət zamanı Şərəf xanım uzun illər şahidi olduğu “Şərq qapısı” qəzetinin inkişaf yoluna, müxtəlif dövrlərdə mətbuat orqanının fəaliyyətində baş verən yeniliklərə də nəzər saldı. Qəzetin keçdiyi tarixi mərhələləri, zəhmət dolu illəri və müasir dövrə qovuşmasını xatırlayan müsahibimiz 105 illik yubiley münasibətilə doğma mətbuat orqanına ürək sözlərini, təbrik və arzularını da çatdırdı: “50 ilə yaxın davam edən əmək fəaliyyətimi iki mərhələyə bölürəm: 1977-ci ildən 2000-ci illərə qədər olan dövr və sonrakı illər. İlk illər hər cəhətdən çətin və məsuliyyətli idi. İri linotiplərdə yazıları hissə-hissə yığır, bu işə xeyli zəhmət sərf edirdik. Bəzən səhərə qədər teletayplardan yazı gəlməsini gözləyirdik. Bir hərf səhvi belə gün ərzində çəkdiyimiz zəhməti heçə endirə bilərdi. Bir sözlə, işimiz ağır, məsuliyyətimiz isə böyük idi. Lakin kompüterlərin və müasir texnologiyaların mətbuat sahəsinə gəlişi ilə təkcə bizim deyil, bu sahədə çalışan bütün yaradıcı peşə sahiblərinin də işi xeyli yüngülləşdi. Mən “Şərq qapısı” qəzetinin həm ən çətin dövrlərini, həm də müasir texnologiyalarla yeniləndiyi, inkişaf etdiyi mərhələləri görmüşəm. Bu baxımdan, qəzetin 105 illik yubileyini böyük sevinc və qürur hissi ilə qarşılayıram. Uzun illər çiyin-çiyinə çalışdığım insanları, baş redaktorlarımız Sənubər Kərimovanı, Akif Axundovu, Vahid Bağırovu, Səxavət Kəngərlini, Məmməd Məmmədovu böyük hörmət və ehtiramla xatırlayıram. Onların hər birinin qəzetin inkişafında özünəməxsus xidmətləri olub. Həyatda olanlara Allahdan möhkəm cansağlığı arzulayır, dünyasını dəyişənləri dərin ehtiramla yad edirəm. Arzu edirəm ki, 105 yaşlı doğma qəzetimiz bundan sonra da yeni-yeni uğurlara imza atsın, oxucularının rəğbətini qazansın, öz zəngin ənənələrinə sadiq qalaraq uzun illər yaşasın. Bizi də xatırladığınız, əməyimizə dəyər verdiyiniz üçün sizə təşəkkür edirəm”.
Şərəf xanım kimi ömrünü, gəncliyini, zəhmətini doğma qəzetin inkişafına həsr etmiş neçə-neçə fədakar insan var. Onların hər birinin həyat hekayəsi, xatirələri və əmək yolu yalnız şəxsi talelərin deyil, bütövlükdə, bir mətbuat orqanının tarixinin, müxtəlif dövrlərdə keçdiyi inkişaf mərhələlərinin canlı salnaməsidir. Bəzən bir qəzetin səhifələrində gördüyümüz yazıların arxasında neçə-neçə insanın görünməyən zəhməti, fədakarlığı və məsuliyyəti dayanır. Şərəf xanımla söhbətimiz də bir daha göstərdi ki, mətbuat yalnız qələmə alınan yazılardan, dərc olunan xəbərlərdən ibarət deyil. Onun arxasında bütöv bir ömür, saysız-hesabsız zəhmət və insan taleləri var. Bu görüşdən yaddaşımızda təkcə yarım əsrə yaxın əmək fəaliyyətinin xatirələri deyil, həm də doğma qəzetə sədaqətin, peşəyə sevginin və zəhmətə ehtiramın gözəl nümunəsi qalır.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər