NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Sözə və mətbuata həsr olunmuş illər

...

Naxçıvan ədəbi mühitinin yetirdiyi say-seçmə şəxsiyyətlər arasında görkəmli yazıçı, jurnalist və ictimai xadim Məmmədəli Tarverdiyevin də adı xüsusi yer tutur. O, 1910-cu ildə qədim Ordubad rayonunun Dəstə kəndində dünyaya göz açıb. 
Məmmədəli Tarverdiyevin həyat və yaradıcılığı XX əsrin ən mürəkkəb və ziddiyyətli ictimai-siyasi hadisələri fonunda formalaşıb, Naxçıvanın ədəbi və ictimai fikir tarixində özünəməxsus iz qoyub. O, 1918-ci ildə ailəsi ilə birlikdə Naxçıvan şəhərinə köçüb. Tarverdiyev burada orta təhsil alıb və gənc yaşlarından ictimai fəaliyyətə maraq göstərib. 1924-1927-ci illərdə Naxçıvan Vilayət Komsomol Komitəsində müxtəlif vəzifələrdə – pioner işi üzrə büro katibi, təlimatçı, təbliğat və təşkilat şöbəsinin müdiri kimi çalışıb. Həmin illərdə təşkilatçılıq və idarəçilik sahəsində təcrübə qazanıb. 
1927-ci ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirən Məmmədəli Tarverdiyev bir müddət müəllimlik edib, eyni zamanda “Şərq qapısı” qəzetində məsul katib kimi jurnalistika fəaliyyətinə başlayıb. 1934-1938-ci illərdə Bakı şəhərində Diş Həkimliyi Məktəbində təhsil alsa da, ədəbi və jurnalist fəaliyyətini davam etdirib. Həmin dövrdə “Gənc işçi” qəzetində şöbə müdiri, daha sonra redaktor müavini vəzifələrində çalışıb. Mətbuatda “İstedadlı” və “Hüseyn­oğlu” kimi təxəllüslərlə də çıxış edib.
Qeyd etmək yerinə düşər ki, ötən əsrin 30-cu illərində Azərbaycan ədəbiyyatının görkəmli yazıçıları Mirzə İbrahimovun və Əli Vəliyevin Naxçıvana ezam olunması ilə regionda yeni ədəbi nəsil formalaşmağa başladı. Dövrünün gənc qələm sahibləri – Müzəffər Nəsirli, Hüseyn Əzim, Hüseyn İbrahimov, Məmmədəli Tarverdiyev və digərləri daha fəal yazıb-yaratmağa, mətbuatla sıx əməkdaşlıq etməyə başlayıblar. Bu illərdə gənc yazarların hekayə və povestləri mətbuatda dərc olunur, oxucuların diqqətini cəlb edirdi. 
Bir neçə il əvvəl görkəmli yazıçı-jurnalist Məmmədəli Tarverdiyevin oğlu, hazırda Türkiyədə yaşayan Hikmət müəllimlə telefon vasitəsilə həmsöhbət ola bilmişdim. O atasının çap olunmuş əsərləri ilə yanaşı, oxuculara hələ də məlum olmayan, ailə arxivində qorunan çoxsaylı oçerk, hekayə və məqalələrinin olduğunu bildirmişdi. Onun sözlərinə görə Məmmədəli Tarverdiyev həm jurnalist işlədiyi illərdə, həm də məsul vəzifələrdə çalışarkən gənclərə dəstək olur, onlara yol göstərirdi. Haqqında qələmə alınmış məqalələrdən məlum olur ki, görkəmli Azərbaycan yazıçısı, ikicildlik “Zəngəzur” romanının müəllifi   Əyyub Abbasovun ilk şeir kitabı da Məmməd­­­­­əli Tarverdiyevin təşəbbüsü ilə “Şərq qapısı” qəzetinin mətbəəsində çap olunub. 
Gənc yaşından yaradıcılıq yoluna qədəm qoyan Məmmədəli Tarverdiyevin fəaliy­yəti yalnız jurnalistika və ədəbiyyatla məhdudlaşmayıb. O, 1940-cı ildə Naxçıvan şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1941-1947-ci illərdə isə “Şərq qapısı” qəzetinin redaktoru və Naxçıvan Vilayət Partiya Komitəsində şöbə müdiri vəzifələrində çalışıb. Sonrakı illərdə Naxçıvan Tibb Texnikumunun direktoru, şəhər səhiyyə şöbəsinin müdiri və rayon partiya komitəsinin birinci katibi kimi məsul vəzifələrdə işləyib. Onun “Şərq qapısı” qəzetinə redaktorluq etdiyi illər Azərbaycanın ən çətin dövrlərinə – İkinci Dünya müharibəsinə təsadüf edib. 
Əmək fəaliyyətinin sonrakı mərhələsində Məmmədəli Tarverdiyev Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktoru, Naxçıvan Nazirlər Soveti sədrinin köməkçisi və Naxçıvan Vilayət Komsomol Komitəsinin Veteranlar Şurasının sədri kimi fəaliyyət göstərib. Beləliklə, ömrünün böyük bir hissəsi ictimai idarəçilik, ədəbi-mədəni fəaliyyətlə sıx bağlı olub. 
Məmmədəli Tarverdiyevin ilk mətbu əsəri 1928-ci ildə “Şərq qapısı” qəzetində dərc olunan “Yenilik qızı” adlı oçerkdir. Bu əsərlə o, mətbuat və ədəbiyyat aləminə ilk addımını atmışdı. Sonrakı illərdə qələmə aldığı hekayə və povestlərdə də müşahidə etdiyi həyat hadisələrinə, insanların gündəlik qayğılarına və dövrün ictimai mənzərəsinə geniş yer verib. 
Tərcümeyi-halından məlum olur ki, 1929-cu ildən Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin Naxçıvan filialında fəaliyyət göstərib, sonralar Azərbaycan Yazıçılar İttifaqının Naxçıvan filialının məsul katibi olub. O həmçinin “Bilik” Cəmiyyətinin şəhər təşkilatına rəhbərlik edib.
Məmmədəli Tarverdiyev dramaturgiya sahəsində də məhsuldar fəaliyyət göstərib. Onun qələmə aldığı “Kölgəli dağ”, “Qəmküsar” və “Zaman” pyesləri Naxçıvan teatrında səhnələşdirilib. 
Ümumiyyətlə, onun hekayələrində sadə həyat yaşayan insanların gündəlik məşğuliyyəti, o cümlədən dövrün ab-havası canlı şəkildə təsvir edilirdi. Yazıçı doğulub boya-başa çatdığı Naxçıvanın milli-mənəvi dəyərlərini, kənd zəhmətkeşlərinin sosial həyatını əsərlərində özünəməxsus şəkildə ifadə edirdi. 
Məmmədəli Tarverdiyevin publisistik və bədii yaradıcılığında dövrün ideoloji xüsusiyyətləri ilə yanaşı, xalq həyatının müxtəlif tərəfləri də geniş əksini tapırdı. Əsərlərində etnoqrafik detallar, sosial münasibətlər, insanların mənəvi dünyası və daxili narahatlıqları diqqəti cəlb edir. Bu xüsusiyyətlər yazıçının yaradıcılıq irsini yalnız dövrünün deyil, müasir tədqiqatların da maraq dairəsinə daxil edir. 
Məmmədəli Tarverdiyev ədəbi-publisistik və ictimai fəaliyyətinə görə bir sıra mükafatlarla təltif olunub. O, 1946-cı ildə “Şərəf nişanı” ordeninə, həmçinin müxtəlif medallara və fəxri fərmanlara layiq görülüb. Yazıçının çap olunmuş əsas kitabları sırasında “Naxçıvanın mayakları” (1963), “Mehriban insanlar” (1973) və “Kölgəli dağ” (1984) xüsusi yer tutur. Bu əsərlərdə sənədli materiallarla bədii təsvirlər vəhdət təşkil edir, dövrün ictimai həyatı, insan münasibətləri və Naxçıvan mühitinin müxtəlif cəhətləri əks olunur.
Məmmədəli Tarverdiyev XX əsr Naxçıvan ədəbi-mədəni mühitində çoxşaxəli fəaliyyəti ilə seçilən yaradıcı şəxsiyyətlərdən biri olub. Ömrünün 84 ilini sözə, mətbuata, ədəbiyyata və ictimai fəaliyyətə həsr edən görkəmli yazıçı 1994-cü ildə dünyasını dəyişib. O, Naxçıvan şəhərində dəfn olunub. Onun həyat və yaradıcılıq yolu isə Naxçıvanın ədəbi salnaməsində özünəməxsus yer tutur.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 17.11.2026 10:29