DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər s...
10:30 28.11.2026
0
0
0
NAXÇIVAN :
28 Noyabr 2026, Şənbə
Hələ ötən əsrin 70-80-ci illərində, daha dəqiq desək, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizin bir sıra dövlətlərlə, o cümlədən Cənub-Şərqi Asiya ölkələri ilə dostluq münasibətlərinin və siyasi əlaqələrinin möhkəm təməli qoyulub. Diplomatik təmaslar, siyasi dialoq, qarşılıqlı etimad, eləcə də neft və enerji sahəsində əməkdaşlıq əsasında formalaşan bu münasibətlər sonrakı illərdə daha geniş məzmun və strateji əhəmiyyət qazanıb. Cənub-Şərqi Asiyanın mühüm siyasi və iqtisadi aktorlarından biri olan Vyetnam ilə Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinin tarixi də ötən əsrin ikinci yarısına təsadüf edir. Azərbaycanın strateji coğrafi mövqeyi, zəngin təbii sərvətləri, neft-qaz potensialı və bu sahədə qazandığı elmi-texniki təcrübə Vyetnamla əlaqələrin inkişafında mühüm rol oynayıb. Xüsusilə neft sənayesi sahəsində qurulan əməkdaşlıq sonrakı dövrlərdə ikitərəfli münasibətlərin iqtisadi və siyasi məzmununun genişlənməsinə əhəmiyyətli təsir göstərib.
Vyetnamın ilk neftində azərbaycanlıların izi
Azərbaycanın zəngin neft ehtiyatları, bu sahədə formalaşmış istehsalat ənənələri və elmi-texniki potensialı Vyetnamla əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirən amillərdən biri olub. İki xalq arasında bu sahədə əlaqələrin tarixi başlanğıcı 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycana səfəri ilə bağlıdır. Bakı ilə tanışlıq çərçivəsində Neft Daşlarına səfər edən Vyetnam lideri burada dəniz şəraitində neft hasilatının təşkili, mürəkkəb mühəndis-texniki qurğuların yaradılması və neftçilərin istehsalat təcrübəsi ilə yaxından maraqlanıb. Həmin səfər Vyetnamda gələcək neft sənayesinin inkişafı üçün Azərbaycan təcrübəsinə marağın formalaşması baxımından əlamətdar hadisə olub. Ho Şi Minin Azərbaycana səfərindən sonra iki ölkə arasında humanitar və siyasi əlaqələrlə yanaşı, neft sənayesi sahəsində təcrübə mübadiləsi üçün də zəmin yaranıb. Sonrakı illərdə Azərbaycan neftçilərinin, mühəndislərinin və geoloqlarının Vyetnamda fəaliyyəti bu münasibətlərin konkret sənaye layihələri ilə zənginləşməsinə imkan yaradıb.
Vyetnamın neft tarixində Azərbaycan mütəxəssislərinin rolu
Vyetnamın dəniz neft sənayesinin inkişafında Azərbaycanın yeri və xidmətləri xüsusi qeyd olunmalıdır. 1983-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi sovet nümayəndə heyətinin Vyetnama səfəri iki ölkə arasında neft-qaz sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm mərhələ olub. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Siyasi Büronun üzvü olan Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri səkkiz gün davam edib və Vyetnamın bir sıra bölgələrini əhatə edib. Səfər çərçivəsində Vunq Tau şəhərində neft sənayesinin mütəxəssisləri ilə keçirilən görüşlərdə geoloji kəşfiyyatın genişləndirilməsi, dəniz yataqlarının mənimsənilməsi və hasilat işlərinin təşkili məsələləri müzakirə olunub.
Vyetnamın milli neft sənayesinin inkişafında dönüş nöqtəsinə çevrilən hadisə 1984-cü il mayın 24-də “Ağ Pələng” yatağında sənaye əhəmiyyətli neft axınının aşkarlanması ilə başlayıb. İki il sonra, 1986-cı il iyunun 26-da isə həmin yataqdan ilk xam neft hasil edildi və bu hadisə Vyetnamı neft hasil edən ölkələr sırasına daxil etməklə yanaşı, milli enerji sənayesinin inkişafında yeni mərhələnin əsasını qoydu.Yatağın kəşfiyyatı və mənimsənilməsi prosesində Azərbaycan neftçilərinin bilik və təcrübəsi də mühüm rol oynayıb. Beləliklə, Bakı neft məktəbinin zəngin təcrübəsi Vyetnamın dəniz neft sənayesinin formalaşmasına töhfə verən mühüm amillərdən birinə çevrilib.
Bakıdan Vunq Tauya uzanan dostluq körpüsü
Azərbaycanın neft sənayesi tarixində Bakı, Vyetnamın dəniz neft sənayesinin inkişafında isə Vunq Tau şəhəri xüsusi yer tutur. Bu iki şəhəri birləşdirən əməkdaşlığın institusional əsasları 1981-ci il iyunun 19-da sovet ittifaqı ilə Vyetnam arasında neft-qaz sahəsində hökumətlərarası sazişin imzalanması və “Vietsovpetro” birgə müəssisəsinin yaradılması ilə formalaşıb. Müəssisənin qarşısında Vyetnamın cənub kontinental şelfində neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi kimi mühüm vəzifələr dayanırdı. “Vietsovpetro”nun ilk baş direktoru vəzifəsinə azərbaycanlı neft mütəxəssisi Cəlal Məmmədovun təyin edilməsi isə Bakı neftçilik məktəbinin peşəkar potensialına göstərilən etimadın ifadəsi idi. Onun rəhbərliyi ilə birgə müəssisənin ilkin idarəetmə və istehsalat strukturlarının formalaşdırılması, kəşfiyyat və qazma işlərinin təşkili istiqamətində mühüm addımlar atılıb.
Sonrakı illərdə “Vietsovpetro” Vyetnamın dəniz neft sənayesinin aparıcı istehsalat qurumlarından birinə çevrilib. Müəssisənin fəaliyyəti nəticəsində ölkənin kontinental şelfində yeni yataqlar aşkar edilib, qazma və hasilat infrastrukturu genişləndirilib, müasir texnologiyaların tətbiqi sürətlənib. Bu proseslərdə Azərbaycan mütəxəssislərinin iştirakı Vyetnamın neft-qaz sektorunda texniki və kadr potensialının inkişafına mühüm töhfə verib. Beləliklə, Azərbaycan neftçilərinin Vyetnamda fəaliyyəti ayrı-ayrı istehsalat tapşırıqlarının yerinə yetirilməsi ilə məhdudlaşmadı. Onların təcrübəsi dəniz neft sənayesinin təşkili, mürəkkəb texnoloji proseslərin idarə olunması və yerli mütəxəssislərin peşə hazırlığının yüksəldilməsi baxımından da əhəmiyyətli hadisə idi.
Bakı neft məktəbi və Vyetnam üçün milli kadr hazırlığı
Milli kadrların hazırlanması və yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi Azərbaycanla Vyetnam arasında neft-qaz sahəsində əməkdaşlığın mühüm istiqamətlərindən biri olub. Azərbaycanın Vyetnamın neft sənayesinə verdiyi töhfə yataqların kəşfiyyatı, qazma və hasilat işlərində iştirakla məhdudlaşmayıb. Vyetnamın milli neft sənayesinin gələcək inkişafını təmin edəcək mühəndis, geoloq və texniki mütəxəssislərin hazırlanması da bu əməkdaşlığın mühüm tərkib hissəsini təşkil edib. Bu baxımdan, Bakı uzun illər Vyetnam üçün mühüm təhsil və elmi-texniki mərkəz rolunu oynayıb. Vyetnamlı gənclər Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft mühəndisliyi, geologiya, qazma, neft və qaz yataqlarının işlənməsi, kimya texnologiyası və digər ixtisaslar üzrə təhsil alıblar. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibədə qeyd etdiyi kimi, sovet dövründə Azərbaycanda, təxminən, 5 min Vyetnam vətəndaşı təhsil alıb. Onların bir qismi sonralar Vyetnamın dövlət idarəçiliyində, sənaye və energetika sektorunda fəaliyyət göstərərək ölkənin inkişafına töhfə verib.
Bu məzunların fəaliyyəti Azərbaycan təhsil müəssisələrində əldə etdikləri biliklərin Vyetnamın milli iqtisadiyyatında tətbiqinə imkan yaradıb. Xüsusilə neft-qaz sahəsində formalaşan peşəkar kadr potensialı ölkənin öz enerji resurslarını müstəqil şəkildə kəşfiyyat və istismar etmək imkanlarının genişlənməsinə xidmət edib. Beləliklə, Bakıdan Vyetnama ezam olunan Azərbaycan mütəxəssisləri ilə Azərbaycanda təhsil alan vyetnamlı gənclər vahid əməkdaşlıq modelinin iki mühüm istiqamətini təşkil ediblər. Bir tərəfdən Azərbaycan özünün zəngin neftçilik təcrübəsini Vyetnamda tətbiq edib, digər tərəfdən Bakı neft məktəbində yetişən mütəxəssislər bu təcrübənin yerli sənayedə davam etdirilməsi üçün zəruri insan kapitalının formalaşmasına kömək göstəriblər.
Tarixi dostluqdan strateji tərəfdaşlığa
Azərbaycan-Vyetnam münasibətlərinin tarixində neft amili xüsusi yer tutur. Bu sahədə formalaşan əməkdaşlıq iki ölkənin iqtisadi maraqları ilə yanaşı, elmi-texniki təcrübə mübadiləsini, kadr hazırlığını və insan kapitalının inkişafını da əhatə edib. Vaxtilə Bakıdan Vunq Tauya uzanan bu əməkdaşlıq bu gün də ikitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olaraq qalır. Prezident İlham Əliyevin 2026-cı il noyabrın 19-21-də Vyetnam Sosialist Respublikasına həyata keçirdiyi rəsmi səfər onilliklər ərzində formalaşmış dostluq münasibətlərinin müasir mərhələdə inkişafı baxımından mühüm siyasi əhəmiyyət daşıyır.
Səfər çərçivəsində keçirilən görüşlərdə siyasi dialoqun genişləndirilməsi, iqtisadi-ticari əlaqələrin inkişafı, investisiya imkanlarının artırılması və enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi məsələləri diqqət mərkəzində olub. Xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın Milli Neft və Qaz Qrupu (PetroVietnam) arasında əlaqələrin genişləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər və mütəxəssis hazırlığı sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Bu istiqamətlər üzrə 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu da tərəfdaşlığın praktiki məzmununun genişləndirilməsi üçün mühüm hüquqi və təşkilati zəmin yaradıb. Beləliklə, tərəflər mövcud siyasi etimadı iqtisadi əlaqələrin genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi ilə möhkəmləndirmək niyyətlərini bir daha nümayiş etdiriblər.
Bu gün Azərbaycan və Vyetnam qarşısında duran əsas vəzifələrdən biri tarixi əməkdaşlıq təcrübəsini müasir iqtisadi reallıqlara uyğunlaşdırmaq, enerji sektorunda mövcud potensialı yeni layihələrlə genişləndirməkdir. SOCAR və PetroVietnam arasında əlaqələrin inkişafı, neft-qaz sahəsində texnoloji təcrübə mübadiləsi, birgə layihələr və mütəxəssis hazırlığı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bakı ilə Vunq Tau arasında ötən əsrin 80-ci illərində formalaşan əməkdaşlıq Azərbaycan-Vyetnam münasibətlərinin tarixində mühüm yer tutur. Bu əməkdaşlığın nəticələri iki ölkə arasında uzunmüddətli iqtisadi əlaqələrin qurulmasında, peşəkar kadr potensialının formalaşmasında özünü göstərir.
Vaxtilə neft sənayesi üzərində qurulan bu dostluq körpüsü bu gün strateji tərəfdaşlıq münasibətlərinin inkişafına xidmət edən möhkəm tarixi əsasdır.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər