İkinci "INMerge" İnvestisiya Forumu qlobal investo...
16:21 29.11.2026
0
0
0
NAXÇIVAN :
29 Noyabr 2026, Bazar
Ötən əsrin 20-30-cu illərində Naxçıvan ədəbi mühitinin formalaşmasında özünəməxsus yeri və xidmətləri olan sənətkarlardan biri də görkəmli şair, publisist və jurnalist Müzəffər Nəsirli idi. 1911-ci ildə Şahbuz rayonunun Sələsüz kəndində kəndli ailəsində dünyaya göz açan şair yeniyetməlik çağlarından ədəbiyyata maraq göstərib, ömrünün yarım əsrdən artıq dövrünü Naxçıvanın ədəbi-mədəni mühitinin inkişafına və milli söz sənətinin zənginləşməsinə həsr edib. İlk təhsilini doğma Naxçıvanda alan Müzəffər Nəsirli Naxçıvan Pedaqoji Texnikumunu 1929-cu ildə bitirib. Gənc qələm sahibinin ilk şeiri – “İndi” 1927-ci ildə Naxçıvan Pedaqoji Məktəbinin nəşr etdirdiyi salnamədə işıq üzü görüb.
1928-ci ildə Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin katibi Süleyman Rüstəmin Naxçıvana səfəri Müzəffər Nəsirlinin ədəbi fəaliyyətində mühüm dönüş nöqtəsi olub. Gənc şair həmin dövrdə Naxçıvan Proletar Yazıçıları Cəmiyyətinin katibi seçilib. Bu təyinat onun ədəbi mühitdə tanınmasına, yaradıcılıq əlaqələrinin genişlənməsinə və mətbuatla əməkdaşlığının güclənməsinə imkan yaradıb. Onun hekayə və şeirləri “Gənc işçi”, “Yeni yol”, “Komsomol”, “Dan ulduzu”, İrəvanda nəşr olunan “Qızıl Şəfəq” və digər qəzet-jurnallarda dərc edilib.
Ötən əsrin 30-cu illərindən etibarən “Şərq qapısı” qəzeti ilə də fəal əməkdaşlıq edən Müzəffər Nəsirlinin şeirləri müntəzəm olaraq nəşrin səhifələrində işıq üzü görüb. Şair dinin, cəhalətin, xurafatın və köhnə düşüncə tərzinin tənqidinə yönəlmiş əsərlər qələmə alıb, xalqın maariflənməsini və mədəni tərəqqisini poetik yaradıcılığının əsas istiqamətlərindən birinə çevirib. “Şərq qapısı” ilə əməkdaşlığı onun həm şair, həm də publisist kimi formalaşmasında mühüm rol oynayıb.
İkinci Dünya müharibəsinin başlanması Müzəffər Nəsirlinin həyat və yaradıcılığında ağır bir mərhələnin başlanğıcı olub. O, müasirləri İslam Səfərli, İsmayıl Şıxlı və Hüseyn Razi kimi Vətənin müdafiəsinə qalxaraq cəbhəyə yollanıb, Şimali Qafqazda, Kubanda, Ukraynada, Taman yarımadasında və Krımda gedən döyüşlərdə zabit kimi iştirak edib. Müharibənin ağır sınaqları onu qələmindən ayıra bilməyib, əksinə, şair sözün gücünü döyüşçülərin ruhlandırılmasına yönəldib. “Göyərçin”, “Sevgilim”, “Cəbhəyə məktub”, “Oxu, bülbülüm, oxu”, “Yadıma düşür”, “Şəfəq”, “Səhra xəstəxanasında”, “Şineli sal üstümə”, “O, Qafqazdan gəlmişdi” kimi şeirlərini məhz müharibə illərində qələmə alıb.
1930-cu illərdə yaradıcılığında sovet ideologiyasının təsiri ilə yazılmış əsərlərə daha çox yer verən Müzəffər Nəsirlinin müharibə dövrü yaradıcılığında yeni çalarlar meydana çıxıb. Cəbhə həyatı, Vətənin taleyi, döyüşçülərin qəhrəmanlığı və insanın mənəvi dünyası onun yaradıcılığının başlıca mövzularına çevrilib. “Qafqaz oğulları”, “Əkbər haqqında ballada”, “Atam haqqında ballada”, “Xatirə dəftəri” kimi əsərlərində müharibənin dəhşətlərini, insan talelərində açdığı yaraları və Azərbaycan oğullarının igidliyini əks etdirib.
Müharibədən qayıtdıqdan sonra ömrünün qalan hissəsini Naxçıvan ədəbi mühitinin formalaşmasına və inkişafına həsr edən şair ictimai-siyasi mövzularda şeirlər yazıb, məhəbbəti, saf sevgini və təmiz hissləri yaradıcılığının əsas mövzularından birinə çevirib. Ömrünün sonunadək “Şərq qapısı” qəzeti ilə əməkdaşlıq edən Müzəffər Nəsirli nəşrin yubiley nömrələrində tarixi əhəmiyyət daşıyan məqalələrlə çıxış edib. Şair zəngin müşahidələrini və şahidi olduğu hadisələri “Sovet hakimiyyəti illərində Naxçıvanda ədəbi həyat (1920-1970-ci illər)” adlı tədqiqat əsərində əks etdirib. Qəzetin yaranma tarixi ilə bağlı Müzəffər Nəsirli yazır: “...əvvəl “Şərq füqərası”, “Füqəra səsi”, “Naxqaray” adları ilə Azərbaycan və rus dillərində qəzetlər nəşr edildi. Sonra bu qəzet “Şərq qapısı”na çevrildi. Qəzetin nəşri Naxçıvan ölkəsinin mədəni həyatında ilk fərəhli hadisə oldu. Qəzetin nəşri ilə əlaqədar olaraq ədəbiyyat həvəskarlarının və mətbuat işçilərinin böyük bir dəstəsi yetişdi. Ədəbi gənclik yeni həyatın gətirdiyi azadlıq və səadəti “Şərq qapısı” qəzetinin səhifələrində məhəbbətlə tərənnüm etməyə başladı”.
“Şərq qapısı” qəzetinin yaranmasını böyük sevinc və coşqu ilə xatırlayan Müzəffər Nəsirli bir şeirində yazırdı:
Şərqin qapısında Günəş doğanda,
Əridib zülməti nura boğanda,
Ucaldı göylərə “Füqəra səsi”...
Şairin mətbuat fəaliyyətində diqqətçəkən məqamlardan biri də Naxçıvanda ədəbi mühitin inkişafı, ədəbi əlaqələrin genişlənməsi və yaradıcı qüvvələrin bir araya gəlməsi məsələlərinə xüsusi maraq göstərməsi idi. M.Nəsirlinin imzasına “Şərq qapısı” qəzetinin, xüsusilə 1960-1970-ci illərdə nəşr olunan saylarında tez-tez rast gəlinir. Onun publisistik yazıları dövrün mədəni həyatı, yaradıcı insanların fəaliyyəti və ədəbi proseslərin inkişafı haqqında dəyərli məlumatları ilə seçilir. Müzəffər Nəsirli respublikanın mərkəzi mətbuatı və ədəbi dairələri ilə də sıx əlaqələr saxlayıb, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri ilə dostluq və yaradıcılıq münasibətləri qurub. Xalq yazıçısı Mehdi Hüseyn, Mirzə İbrahimov, Əli Vəliyev, Xalq şairləri Səməd Vurğun və Süleyman Rüstəm onun yaxın münasibətdə olduğu sənətkarlar sırasında yer alıblar. Bu əlaqələr şairin ədəbi dünyagörüşünün zənginləşməsində və Naxçıvan ədəbi mühitinin respublika ədəbi prosesi ilə əlaqələrinin genişlənməsində mühüm rol oynayıb.
Mehdi Hüseynin Naxçıvana səfəri ilə bağlı “Şərq qapısı” qəzetində dərc etdirdiyi məqalədə Müzəffər Nəsirli həmin səfərin yerli ədəbi mühit üçün əhəmiyyətinə toxunaraq yazırdı: “Hüseyn Mehdi yoldaşın Naxçıvana gəlməsilə əlaqədar olaraq “Şərq qapısı” qəzetəsində “Ədəbi gəncliyin sağlam yaradıcılığı uğrunda” adlı redaksiya məqaləsi çap edildi. Həmin məqalədə yazılırdı ki, yerli təşkilatlar gənclərin yaradıcılığına istiqamət vermir, gənclər isə öz əsərləri üzərində lazımınca işləmirlər...”
Müzəffər Nəsirli Naxçıvan ədəbi mühitinin inkişafını ümumrespublika ədəbi həyatının ayrılmaz tərkib hissəsi kimi dəyərləndirib. Onun mətbuatdakı fəaliyyəti, tanınmış ədiblərlə əlaqələri və ədəbi proseslərə münasibəti Naxçıvanda ədəbi mühitin formalaşması tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Şərq qapısı” qəzetinin 105 illik tarixində özünəməxsus iz qoyan, nəşrin inkişafına və Naxçıvan ədəbi mühitinin formalaşmasına mühüm töhfələr verən Müzəffər Nəsirli çoxşaxəli yaradıcılığı ilə yaddaşlarda yaşayır. “Mənim respublikam”, “Yanar üfüqlər”, “Əsgər toqqası”, “İki ürək”, “Qaynar bulaq” kimi dəyərli əsərlərin müəllifi olan şair, yazıçı və pedaqoq 1980-ci ildə, ömrünün 69-cu ilində dünyasını dəyişib. Lakin onun cismani yoxluğu ədəbi irsinin yaşamasına mane olmayıb. Müzəffər Nəsirlinin yaradıcılığı və Naxçıvanın ədəbi salnaməsinə həkk olunan xidmətləri bu gün də öz əhəmiyyətini qoruyur. Şairin zəngin ədəbi-mətbu irsi gələcək nəsillər üçün dəyərli mənəvi sərvətdir. Müzəffər Nəsirlinin adı və qələmindən süzülən söz inciləri Naxçıvan ədəbi mühitinin yaddaşında daim yaşayacaqdır.
Məcid RƏŞADƏTOĞLU
Digər xəbərlər