NAXÇIVAN :

22 Mart 2025, Şənbə

Ümid dolu ürəklərin ilham fəsli, yaxud zəhmət ətirli yaz…

img

İki fəslin kəsişdiyi – qışın şaxta-boranının tədricən başa çatdığı, yazın ilıq nəfəsinin duyulduğu bu günlərdə insanın da ürəyində kök salmış arzulara, istəklərə çatmaq həvəsi çaylar kimi coşur, sellər kimi daşır. Rayihəsini yaz mehinin qanadlarıyla ətrafa yayan çiçəklərin şəhərimizi al-əlvan rənglərə boyamasına sayılı günlər qalır. Baharın müjdəçiləri olan quşların cəh-cəhi təbiətin nazlı gəlini olan yazın cilvəli gəlişindən xəbər verir. Təbəssümlə boylanan Günəşin ilıq nəfəsi ana torpağı qış yuxusundan oyadır. Qışın sərt nəfəsindən yorulmuş torpaq canlanır, ağaclar tumurcuqlayır, insanlar da təbiətlə birlikdə dəyişir, onların da qəlbində yazın ilk çağırışları eşidilir.
İnsanların xoşbəxt, sevinc dolu səsləri duyulur, parklarda uşaqların şən gülüşləri ətrafı bürüyür. İnsanlar uzun qışın yorğunluğunu atıb açıq havaya çıxır, Günəşin ilıq nəfəsində şəfqət tapırlar. Yazın gətirdiyi canlılıq hər kəsi hərəkətə gətirir. Ancaq yaz sevinclə birgə özü ilə həm də qayğı gətirir. Bağ-bağçada da yazın nəfəsi duyulur. Kəndlilər torpağa toxum səpir, bağbanlar ağacları budayır, çiçəkləri becərirlər. Ağaclar yenidən doğan yarpaqları ilə örtülür, çiçəklər öz gözəlliklərini sərgiləyir və quşlar səmada öpüşən Günəş şüaları ilə rəqs edir. Hər addımda səmimi sevincin izi hiss olunur.
Ruzi-bərəkətin bünövrəsi qoyulan yaz fəsli, nemətlər bolluğu yaradan, torpağa bağlı, əkinçi, biçinçi, heyvandar insanların qayğılı günlərinin başlandığından xəbər verir. Türk dünyasının ulu ozanı Dədə Qorqud zamanında əbəs yerə “Əgər torpağı qorumursansa, onu əkib-becərməyə dəyməz, əgər əkib-becərmirsənsə, onu qorumağa dəyməz”, – deməyib. O mənada ki, ulu Dədə Qorqudumuz bu cümlə ilə torpağın hansı baxımdan əhəmiyyətli olduğunu çatdırıb. Bəli, qoruduğun torpağı mütləq əkib-becərməlisən, yaxud da əkib-becərdiyin torpağı mütləq qorumalısan. Torpağı sevmək, qorumaqla yanaşı, həm də onun nazını çəkmək ulularımızdan bizə miras qalıb. İnsanlar ta qədimdən torpağa ruzi-bərəkət yeri kimi baxıb, ona baş əyib, alın təri axıdıb. Bu qiymətli sərvətdən lazımınca  bəhrələnən, onu özünə iş yeri hesab edən insanları da torpaq yanıltmayıb. Onlara sağlam can, bol ruzi-bərəkət verib. Atalarımız əbəs yerə torpağı misal gətirərək deməyiblər: “Sən mənə tər ver, mən sənə zər verim!” Əlbəttə ki, əziyyət çəkən bəhrəsini də görür. Əkinçi zəhməti bəhrə verir, torpaq ona baş əyənə səxavətini əsirgəmir, bərəkətini birə min edir. 
Elimizin müqəddəs bayramı Novruza qədər olan İlaxır çərşənbələr də elə yazın möcüzəvi oyanışı ilə başlayır. Bu çərşənbələr el arasında “əziz günlər” kimi dəyərləndirilir. Novruzaqədərki günlər həm də evlərdə təmizlik işlərinin aparıldığı dövr hesab olunur. Bu günlərdə bayrama hazırlıq işləri görülür, həyət-baca səliqə-sahmana salınır. Bu mənada, yaz öz gəlişi ilə daha çox qadınların qayğılarını artırır. Evdə bahar təmizliyi başlayır. Qışın ağır yorğunluğunu üzərindən atan ev yenidən nəfəs alır. Qadınlar qışın soyuq nəfəsini silib süpürür, evinin hər küncünü yaz təravəti ilə doldururlar. Torpaq ana oyandıqca qadının bərəkətli əlləri ona toxunur, o isə naz-nemətə yeni həyat bəxş edir. Əkilən çiçəklər baharın gözəlliyini evlərə daşıyır, bostan işləri başlayır. Bir toxum torpağa düşür, cücərir, böyüyür – elə qadınların sevgisi kimi… Yaz qayğı ilə bərabər qadınlara sevinc də gətirir. Novruz bayramı ilə birlikdə süfrələr bərəkətlənir, ailələr bir araya gəlir, ürəklər isinib yaxınlaşır. Səməni cücərir, ümidlər yenilənir, qəlblərdə yeni arzular doğur.
Bahar, sadəcə, bir fəsil deyil, yenilənmənin, paklaşmanın, həyat eşqinin və kainata sevginin rəmzidir. Yazın gəlişi ilə arzular da yenilənir, sonsuz ümidlər doğur. Küskün qəlblərə mərhəmət hissi dolur, insanlar yeni başlanğıclar üçün cəsarət tapır. Bahar təkcə təbiətin deyil, insanın ruhunun da yenilənmə vaxtıdır. O, insanlara yaşamaq eşqi, dünənin bu gündən daha gözəl olacağına inam bəxş edir. Çünki yaz ümid dolu ürəklərin ilhamıdır, həyatın başlanğıcı, sevginin özüdür…

Gülcamal TAHİROVA

DAHA ƏTRAFLI