NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Real enerji, yoxsa inanc illüziyası?

...

Son zamanlar sosial media, motivasiya seminarları və özünüinkişaf platformalarında tez-tez eşitdiyimiz “yüksək enerjidə qal”, “kainata mesaj göndər”, “meditasiya et” kimi ifadələr ilk baxışdan ruhu sakitləşdirən, insanı motivasiya edən çağırışlar kimi səslənsə də, bir mənada dərinlikdə suallar doğurur. Doğrudanmı, kainat bizi eşidir? Yoxsa bu, əslində, özümüzə söylədiyimiz mistik yalanlardır? Elmə görə enerji ölçülə bilən, müşahidə edilə bilən bir fiziki dəyərdir. İstilik, elektrik, mexaniki və digər formaları vardır. Vibrasiya da konkret tezliklərlə ölçülə bilən mexaniki hərəkətdir. Lakin sosial mediada və özünüinkişaf çevrələrində bu sözlər bəzən qeyri-elmi, mistik mənalarla istifadə olunur. Məsələn, “negativ insan aşağı vibrasiyadadır”, “pozitiv enerji səni yüksəldər” kimi ifadələr psixoloji halı izah etsə də, fiziki baxımdan konkret dəyəri olmayan ifadələrdir.

Günümüzdə tez-tez eşitdiyimiz çəkim qanunu anlayışı da var ki, bu qanun iddia edir ki, insan nə düşünürsə, onu həyatına cəlb edir. Müsbət fikirlər müsbət hadisələri, mənfi fikirlər isə çətinlikləri cəlb edir. Elm bu nəzəriyyəni sübut etmir, lakin psixologiya bu yanaşmanın bəzi dolayı təsirlərini tanıyır. Pozitiv düşüncə insanın davranışına, münasibətlərə və qərarverməsinə müsbət təsir edir. İnsan ümidli və inamlı olanda daha çox çalışır, təşəbbüs göstərir və nəticədə, uğur ehtimalı artır. Bu isə kainatın cavabı deyil, insanın zehni gücü və davranış mexanizmlərinin nəticəsidir. Bu “çəkim qanunu” anlayışının ətrafında artıq milyardlarla dollar dəyərində kommersiya sahəsi formalaşıb. “Enerji təmizləyən daşlar”, “vibrasiya artıran musiqilər”, “kainata məktub yazmaq üçün dəftərlər”, “çakra balanslayan tibbi olmayan seanslar…”

Ən təəssüf doğuran məqam budur ki, bu məhsullar və xidmətlər bəzən elmi əsaslı kimi təqdim edilir, halbuki onların əksəriyyəti yalnız inanc üzərində qurulub. İnsan çarəsiz olanda, cavab axtaranda ona təklif olunan hər cür “müalicə”yə inanmağa daha meyilli olur. Bu isə həm maddi istismar, həm də insanların reallıqdan uzaqlaşmasına səbəb ola bilər. Meditasiya, dua, niyyət… Bütün bu anlayışlara qarşı tənqidi yanaşsaq belə daxili rahatlıq tapmaq üçün tətbiq edilən bəzi üsulların faydalı olduğunu da etiraf etməliyik. Məsələn, meditasiya, niyyət etmək, dua etmək insanın daxili aləmini sakitləşdirir, düşüncəni toparlayır, diqqəti cəmləyir. Lakin bunlar insanın iç dünyasını gücləndirməyə xidmət edir, kainatdan gələcək cavab və ya mistik dönüşüm vədi vermir.

Biz bəzən kainatın cavab verməsini gözləyərkən özümüzün susduğumuzu unuduruq. Düşüncələr güclüdür, amma hərəkətsiz düşüncə, sadəcə, arzudur. Pozitiv düşünmək, yaxşı niyyət etmək, ruhun gücünə inanmaq insanı yüksəldə bilər, amma reallığı dəyişdirən əməl və əzmdir. Kainat səni dinləyir, yoxsa yox? Bu sual işarəsi altındadır, amma sən özünü dinləməyi bacarsan, nə istədiyini bilsən şüuraltın da səni o yönə aparacaq.

Gülcamal TAHİROVA

Nəşr edilib : 26.05.2025 16:17