NAXÇIVAN :

06 Iyun 2025, Cümə

Tanrıya saf və sonsuz sevgidən doğan müqəddəs bayram

...

Günəşin səmadan nur ələdiyi, qəlblərin aydınlandığı, ilahi sevginin yerlə göy arasında körpü saldığı müqəddəs bir bayramdır Qurban bayramı. Bu bayram, sadəcə, bir ibadət deyil, fədakarlığın, paylaşımın, mərhəmətin bayramıdır.
Əsrlərdir ki, müsəlman aləmində minlərlə ailənin ocağı bu bayramda daha gur yanır. Kəsilən qurbanlar ehtiyacı olanlarla bölüşülür, süfrələr genişlənir, qəlblər sevgi və mərhəmətlə dolur. Bu günlərdə zəngin-kasıb fərqi aradan qalxır, insanlar bir-birinə daha yaxın olur. Qurban bayramı, eyni zamanda bir xatırlatmadır – İbrahim Peyğəmbərin sədaqətini, İsmayılın təslimiyyətini, Allahın mərhəmətini xatırladır bizə. Zaman dəyişsə də, texnologiya, həyat tərzi, şəhərlər, adətlər başqalaşsa da, Qurban bayramı dəyişmir. Çünki onun kökü Qurana, özəyi isə insanın içindəki Allaha sevgiyə dayanır.
İslam dünyasının müqəddəs bayramlarından sayılan Qurban bayramı hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayram kimi qeyd olunur. Dünya müsəlmanlarının birlik, həmrəylik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramını Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımız da sevinclə qeyd edirlər. Bu, xalqımızın mənəvi dəyərlərinə dövlət qayğısının nəticəsidir. Ümumilikdə, dini-mənəvi dəyərlərə həssas münasibət, müxtəlif dinlərə və sivilizasiyalara hörmət, tolerantlıq demokratik Azərbaycan cəmiyyətinin mənəvi əsaslarını təşkil edir. 
Müqəddəs Qurban bayramı İslam aləmində ən əziz bayramlardan biri, eyni zamanda müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Dostluğun, qardaşlığın, fədakarlığın cəmiyyətdə inkişafı və gələcək nəsillərə təlqin edilməsi üçün gözəl fürsət kimi dəyərləndirilən Qurban bayramı hicrətin ikinci ilində fərz qılınıb. Sovet imperiyasının tərkibində yaşadığımız 70 il ərzində də xalqımız tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşmayıb. Bütün dövrlərdə Azərbaycan xalqı insani kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, İslam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb. Azərbaycan xalqı hələ sovet dönəmində bütün qadağalara baxmayaraq, müqəddəs Qurban bayramını qeyd edib.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrə ayrılan diqqət kimi, milli-mənəvi dəyərlərimizə də xüsusi önəm verilib. Dini ocaqların, müqəddəs yerlərin təmir və bərpa işlərinin əsası da o vaxtdan qoyulub. Ulu Öndər Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriklərindən birində deyib: “Qoy bütün milli və dini bayramlarımız kimi mübarək Qurban bayramı da xalqımızın yüksək ideallar ətrafında daha sıx birləşməsini təmin etsin, azad, müstəqil və demokratik Azərbaycan dövlətinin gələcək inkişafı naminə bütün azərbaycanlılar arasında ümummilli həmrəyliyi möhkəmləndirsin!”
Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi dəst-xət cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin elə ilk dövründən əsas istiqamət kimi götürülüb. Prezident cənab İlham Əliyev dini-mənəvi dəyərlərin, maddi mədəniyyət abidələrinin bərpası və təmiri ilə bağlı ardıcıl tədbirlər görməyə başlayıb. Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident cənab İlham Əliyev hər il Azərbaycan xalqına bayram təbriki ünvanlayır və xoş arzularını çatdırır. Dövlətimizin başçısı müraciətində Qurban bayramının Allahın bəşəriyyət üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi özündə mənəvi birliyi, həmrəyliyi, xeyirxahlığı və dözümlülüyü ehtiva edərək insanın ən çətin məqamlarda düzgün mövqe seçmək və ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini əks etdirdiyini vurğulayır.
Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, İslam və qeyri-İslam dini icmalar öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.
Bu gün Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş və təmsil olunduğu təşkilatların fəal üzvüdür. Azərbaycanda mövcud olan tolerantlıq, multikulturalizm, ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa verdiyi töhfələr diqqət mərkəzindədir və nümunə kimi göstərilir. Dünya siyasətinə əsaslı təsir imkanı olan müsəlman dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi prioritet məqsədə çevrilib. 
Digər müsəlman ölkələri kimi, İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edən respublikamızda da İslam dinindən irəli gələn vəzifələr böyük ehtiramla yerinə yetirilir. Qurban bayramı ilə əlaqədar hər il yüzlərlə zəvvarın Həcc ziyarətində olması xalqımızın öz dininə bağlılığının nümunəsidir. Əzəli torpaqlarımıza – doğma Qarabağımıza qayıdan soydaşlarımız dini bayramlarımızı, xüsusilə də həmrəylik, humanizm kimi ali dəyərlər aşılayan Qurban bayramını öz ata-baba yurdlarında ikiqat təntənə ilə qeyd edirlər. İnsanlara birlik, həmrəylik, şəfqət və xeyirxahlıq duyğuları aşılayan bu bayram ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da hər il geniş şəkildə qeyd olunur. Məscidlərdə bayram namazı qılınır, qurban əti paylanılır. 
Milli-mənəvi dəyərlərə, ənənələrə sədaqət və qayğı ilə yanaşan bütün müsəlmanları hallalıq, paklıq, birlik, şəfqət və mərhəmət duyğularının təntənəsi olan Qurban bayramı münasibətilə təbrik edir, kəsilən qurbanların Tanrı dərgahında qəbul olunmasını diləyirik! 

Gülcamal TAHİROVA

Nəşr edilib : 05.06.2025 23:55