NAXÇIVAN :

11 Aprel 2025, Cümə

Qanad açan arzuların, boy atan ümidlərin, sevinc dolu sabahların və yeni başlanğıcların ilhamı – Novruz

...

Gecə ilə gündüzün qucaqlaşdığı, torpağın nəfəs alıb çiçəkləndiyi, suyun saflaşıb bulaq kimi çağladığı baharın xoş nəğməsidir Novruz! O təkcə bayram deyil, həm də yurdun nəfəsi, elin səsidir. Əsrlərdən bəri bu sehrli bayram insanın ruhuna nur səpələyir.  Elə ki bahar gəlir, çaylar, sular coşub-daşır, ağaclar torpaqla pıçıldaşır, Günəş sanki bir başqa mehribanlıqla sığal çəkir telimizə. Elə bu zaman anlayırsan ki, novruzgülünün ətrini duyduğun, torpağın hərarətini hiss etdiyin, günəşin şəfəqi ilə xumarlandığın Novruz günlərini yaşayırsan… Novruzun gəlişi təkcə təqvimin dəyişməsi deyil, həm də təbiətin insanla həmahəngliyidir.

Barışıq və birlik bayramı

Günəşin hərarəti ilə bərabər insan qəlbləri də isinməyə, buz bağlamış münasibətlər əriməyə başlayır bu bayramda. Axı Novruz yalnız təbiətin deyil, həm də insanların yenilənmə, barışma və bağışlama bayramıdır. Bu bayramda qəlblər sevgi, səmimiyyət və barış ruhu ilə dolur. Hər ev qonaq gözləyir, mehribanlıqla bayramlaşmaq üçün. Min naz-nemətlə süfrələr qurulur, bu süfrələrin ən dəyərli neməti isə dostluq, qardaşlıqdır. Böyüklər həmişə deyər: “Bayram günü küsülü qalmaq olmaz, yoxsa bütün il küsülü keçər”. Bu inancın arxasında dərin bir həyat fəlsəfəsi dayanır. İnsan həyatı da bahar kimidir – yenilənmək, irəli getmək üçün köhnə yükündən, ağır duyğulardan azad olmalıdır. Səməni boy atdığı kimi, qəlblərdə də sevgi və mehribanlıq cücərməlidir. İnsan qəlbi də torpaq kimidir, inciklik və kin toxumları səpilsə, quru, solğun duyğular yetişəcək, amma sevgi və bağışlama toxumları səpilsə, orada səadət bitəcək. Küsülülərin barışması Novruzun ən gözəl adətidir. 

Novruz süfrəsinin yeddi nişanəsi

Novruz bayramı yaxınlaşanda hər evdə bir canlanma baş verir. İnsanlar evi təmizləyir, paltarlarını yeniləyir, könülləri saflaşdırır və bayram süfrəsi açırlar. Bu süfrə bolluğun, bərəkətin, mənəviyyatın təcəssümüdür. Burada hər detalın öz mənası var, hər loxmada bir inanc, bir mədəniyyət yaşayır. Bəs bu süfrənin yeddi nişanəsi nədir? 

Səməni – dirçəlişin yaşıl rəmzi

Süfrənin ortasında gözoxşayan yaşıl səməni boy göstərir. Sanki yazın ruhu süfrəyə qonub. O, torpağın oyanışını, yeni həyatın başlanğıcını, ümidin yaşıl işığını simvolizə edir. Analar onu sevgi ilə suvarır, uşaqlar isə belinə qırmızı lent bağlayaraq diləklər tutur: “Səməni, saxla məni, ildə göyərdərəm səni”. O nəinki süfrəni, insan ruhunu da yaşıl bahar işığına bürüyür. Onun nazik, incə telləri elə bil, insana pıçıldayır: “Mən təbiətin oyanışıyam, mən həyatın yenidən başlanğıcıyam. Məni sulayan hər kəsin ömrünə bərəkət olaram”. Səməni təkcə gözəllik və bərəkət deyil, o həm də ümidin və yeni başlanğıcların rəmzidir. 

Novruz süfrəsinin bəzəyi 

Şəkərbura, paxlava, badambura və qoğal… Novruz süfrəsindəki bu dörd şirniyyat dörd fəsli təmsil edir. Onların hər biri ailə ocağının istiliyinin, şirin və firavan ömrün tərənnümüdür. Bu nemətlərin hazırlanması təkcə bayram üçün hazırlıq deyil, həm də ailə üzvlərinin bir araya gəlməsi, yaxınlıq və dostluq bağlarının güclənməsidir. Hər bir dilim, hər bir qat keçmişlə gələcəyin birləşməsidir. Bu şirniyyatların hazırlanmasında əlin zəhməti, ürəyin isti niyyəti də vardır. Novruz süfrəsinin şirin payı şəkərbura, badambura və paxlavada min bir arzunun ləziz dadı var. Axı Novruz həm də şirinlik bayramıdır. Bir də Günəşin yer üzündəki təcəssümü də var ki, o da şorqoğaldır. Onun yumru forması, içindəki ədviyyat qatları bütün fəsilləri, ilin dövr etməsini, təbiətin sonsuzluğunu simvolizə edir. O sanki qışın soyuğunu qovub yerinə Günəşin istisini gətirir. 

Al-qırmızı bayram yumurtası – yenidən doğuluşun rəmzi

Novruz bayramının hər atributu özündə bir mənanı, bir fəlsəfəni daşıyır. Səməni – həyatın başlanğıcını, paxlava, şəkərbura, qoğal – bolluğu və şirinliyi, tonqal – nur və təmizlənməni ifadə edirsə, qırmızı boyalı yumurta da öz xüsusi anlamı ilə Novruz süfrəsinin vazkeçilməzidir. O, həyatın, yenidən doğuluşun, müsbət enerjinin və qələbənin simvoludur. Onun rənglənməsi isə bayramın sevincini, şən əhvali-ruhiyyəni vurğulayır. Novruzda yumurtanın ən çox qırmızı rəngə boyanması təsadüfi deyil. Qırmızı həyatın, istiliyin, günəşin və gücün rəmzidir. Novruzda yumurta döyüşdürmək isə dostluq və qələbə kimi ifadə olunur. Bu, Novruz günlərində uşaqlar və böyüklər arasında maraqlı bir adət kimi yaşadılır. 

Xonça – birlik və bərəkət

Novruz xonçası ailənin rifahı və birliyinin ifadəsidir. Xonça ətrafında toplaşan ailə üzvləri birlikdə bayramı qeyd edir, şirinliklərdən dadır və Novruzun ruhi dəyərini hiss edirlər. Novruz xonçası baharın, yeni ümidlərin və xoşbəxt gələcəyin xəbərçisidir.

Badam, fındıq, cəviz – məhsuldarlıq və güc

Novruz süfrəsində müxtəlif çərəzlərin olması da təsadüfi deyil. Badam, fındıq, cəviz bolluq və məhsuldarlığın rəmzi olmaqla yanaşı, həm də insanın güc və iradəsini təmsil edir. Əsrlərdir ki, xalqımız bu çərəzlərin bayram süfrəsində olmasının uğur gətirdiyinə inanır. Bu çərəzlər yalnız ləzzətli qəlyanaltılar deyil, torpağın insanlara verdiyi sərvət, bol bərəkət hesab olunur. 

Su – həyatın özü

“Suyun bulanığı keçər, durusu qalar”, – deyər böyüklərimiz. Su həyatın özü, axının rəmzidir. O, safdır, pakdır, şəffafdır. Süfrədə su varsa, deməli, evdə əmin-amanlıq, bolluq, xeyir-bərəkət də olacaq. Su həyatın başlanğıcı, varlığın ən təməl rəmzlərindən biridir. Novruz süfrəsində suyun olması, onun daim axıb yenilənməsi insan həyatının da dayanmadan davam etdiyini ifadə edir. “Su kimi ömrün uzun olsun” arzusu da buradan qaynaqlanır.

Şam – nur və işıq içində yeni başlanğıc

Gözlərimizi yumub bayram süfrəsini xəyalımızda canlandıraq. Bütün bu gözəlliklər içində bir işıq parlayır – şam. O təkcə süfrəni yox, qəlbləri də nurlandırır. O, pislikləri yox edən, xeyrə yol açan bir mayakdır.
Novruz süfrəsi bir nağıldır. Bu süfrə mədəniyyətin, inancların, tarixin və gələcəyə olan ümidlərin bir araya gəldiyi müqəddəs bir tablodur. Burada Günəşin istiliyi, torpağın bərəkəti, suyun şəffaflığı, həyatın isə öz axarı var. 

Su üstündə paklaşan diləklər

Novruzda suya böyük hörmət var. İnsanlar səhər tezdən bulaqlara gedir, suyun üzərindən atlanır, sanki bütün dərdlərini arxada qoyur. Bulaq suyunu əllərinə alıb üzlərinə çəkirlər, inanırlar ki, su onları təzələyəcək, paklaşdıracaq. Su – həyatdır, su – insanın içindəki duruluğun əksidir. Novruzda suya toxunmaq, ruhun da su kimi aydın olmasına işarədir.

Papağa düşən arzular

Elə ki, axşam düşür, Novruz gecəsinin sehrli küləyi qapıları döyür. Uşaqlar həyəcan içində papaqlarını götürüb qapıların arxasında gizlənir. Papaq atmaq sadə bir oyun deyil, bu, ümidin sınandığı bir andır. Çünki hər papağın içində bir dilək var, hər evdən gələn bir pay, o diləyin gerçəkləşəcəyinə işarədir. Qapı açılır, papağa şirniyyat, qoz-fındıq qoyulur. Uşaq sevinc içində papağını götürüb qaçır. Bəlkə, bu onun uşaqlığının ən saf anlarından biridir, çünki Novruzda hər şey mümkündür, arzular gerçəyə çevrilir.

Tonqal qalxar qəm yanar, ümidlər çıraqlanar

Küçələrdə uşaqların gülüşü, qapılar arxasında qaynayan bayram təlaşı, göy üzünə doğru boylanan xonçalar… Amma Novruzun ən sirli, ən sehrli anı tonqalın alovlandığı məqamdır. Ocaq qalxır, alov dilim-dilim səmaya sarmaşır. Elə bil, od danışır – min illərin sirlərini pıçıldayır, yaddaşımızın dərinliklərində uyuyan qədim nağılları oyadır. Qaranlıq çökən kimi həyətlərdə, küçələrdə tonqalların tüstüsü ərşə qalxır. Alov dilləri göyə uzanır, insanların ürəklərindəki kədəri, ağırlığı yandırıb külə çevirir. Hər kəs bir-bir atəşin üzərindən atlanaraq: “Ağırlığım, uğurluğum bu oda!” – deyir. Bu atəş təkcə bir ocaq deyil. O, insanın ruhunu təmizləyən, gələcək üçün yeni yol açan bir işıqdır. O, sevginin, ümidin, yaşamaq eşqinin alovudur. O, keçmişin izlərini daşıyan bir yaddaşdır, babaların, nənələrin səsinə bürünən bir ovqatdır. Bu ocaq ilboyu içimizə yığılan dumanı külə çevirməkdir. Hər kəsin qəlbində bir arzu, bir pıçıltı var: “Bu bayram evimizə, qəlbimizə, ruhumuza işıq gətirsin…”

Novruz – tariximizin yadigarı, gələcəyə mirasımız

Novruz qışın sərtliyindən qurtuluşdur, qışın bahara ümidi kimi, insanın da arınmağa, yenidən başlamağa ümididir. Novruz ənənəsi bizə ulularımızdan qalan dəyərli mirasdır. O həm də bir xalqın dərin köklərinə bağlılığıdır. Bu bayram keçmişin səsi, gələcəyin işığıdır. Çünki Novruz təkcə təbiətin oyanışı deyil, insan ruhunun da baharıdır… Qoy bu Novruz elimizə-obamıza, yurdumuza-yuvamıza bolluq, bərəkət, sevinc, firavanlıq və xoş günlər gətirsin! Novruz bayramınız mübarək!

Gülcamal TAHİROVA
 

Nəşr edilib : 21.03.2025 09:22