NAXÇIVAN :

24 May 2025, Şənbə

Bataqlığa sürükləyən oyunlar özünə qurban axtarır

...

Texnologiyanın sürətli inkişafı, internetin əlçatanlığının artması ilə onlayn mərc və kazino oyunları cəmiyyətin müxtəlif təbəqələrini, xüsusən də gəncləri daha asanlıqla öz girdabına almağı bacarır. Öz nəfsinə yenilənlər, təəssüf ki, bu “əyləncə vasitələrinin” ağuşuna qapılaraq psixoloji sağlamlığına və gələcəyinə qaranlıq kölgə salırlar. Araşdırmalar göstərir ki, bu oyunların arxasında dayanan psixoloji asılılıq, maddi çöküş və sosial təcrid gəncləri depressiyaya, hətta intihara qədər sürükləyə bilir.

Onlayn mərc saytları əvvəlcə insanda qısamüddətli qazanc illüziyası yaradır. İlk mərhələdə, sadəcə, “əyləncə” kimi başlayan oyunlar, bir müddət sonra ciddi psixoloji bağlılıq yaradır. Qazandıqca daha çox qazanmaq arzusu, uduzduqca isə itiriləni geri qaytarmaq istəyi şəxsi nəzarəti itirir və davranış pozuntularına səbəb olur. Bu asılılıq depressiya, təşviş pozuntusu, özgüvən itkisi, ailədən və dostlardan uzaqlaşma kimi fəsadlarla müşayiət olunur. Nəticədə, gənc özünü yalnız və çıxılmaz vəziyyətdə hiss edir.

Mərc və kazino oyunlarına uduzulan pullar gəncləri yalnız maddi deyil, həm də sosial baxımdan çətinliklərə salır. Kreditlər götürmək, ailə üzvlərindən gizli borclanmaq, ailə münaqişələrinin yaranması bu hələ faciənin bir hissəsidir. Ailənin etibarını itirmək və dəstək görməmək nəfsinin qurbanına çevrilənlərin özünəqapanmasına və həyatdan ümidini üzməsinə səbəb olur.

Bütün bu problemlər bir nöqtədə qaynayıb, insanın təkcə maddi deyil, eyni zamanda mənəvi çöküşünə, məğlubiyyətinə gətirib çıxarır. Bağlılıq, stress, ümidsizlik və məğlubiyyət hissi, təəssüf ki, intiharla nəticələnir. Bu, artıq statistikaya çevrilən acı reallıqdır.

Azərbaycan qanunvericiliyində onlayn kazinolar və mərc oyunları qadağandır. Lakin qanunsuz olmasına baxmayaraq, bu oyunların reklamları internetdə geniş yayılır. Qarşımıza tez-tez çıxan “Qazan, zəngin ol” kimi şüarlarla istifadəçiləri cəlb edən bu reklamlardakı oyunlar bir neçə uğurlu mərclə başlayıb, sonra daha böyük məbləğlər yatırmağı istifadəçilərdən tələb edir. Bu oyunların ən təhlükəli tərəfi, insanların maddi itkilərlə yanaşı, şəxsi məlumatlarının da təhlükə altına düşməsidir. Onlayn kazinolar istifadəçilərin bank hesabı və digər şəxsi məlumatlarını ələ keçirərək, onları qara bazarda satırlar. Beləliklə, kazinolar yalnız pul oğurlamır, həm də insanların gizli məlumatlarına əl qoyurlar.

Onlayn kazinoların serverləri xarici ölkələrdə yerləşir, beləliklə, onların fəaliyyətini izləmək və dayandırmaq çətinləşir. Həmçinin bu saytlar daim domenlərini dəyişir və buna görə də bloklanmaları bir neçə gün ərzində qeyri-mümkün olur. Bu vəziyyət istifadəçiləri daha da zəif vəziyyətə salır. Pul yatırdıqları platformada qazandıqlarını görən istifadəçilər, daha çox pul yatırmağa başladıqda bir anda qazandıqlarını itirir və nəticədə, heç bir dövlət təminatı olmadan qalırlar.

Onlayn mərc və kazino oyunları yalnız maliyyə deyil, həm də cəmiyyətin sosial və mənəvi sağlamlığını təhdid edir. Bu oyunlar, sadəcə, asan qazanc deyil, bir çox insanın həyatına son qoyan bir fəlakətə çevrilir. Hər kəsin qarşısını alacağı bu aldatmacaların gələcəyimizə vurduğu ziyanı görməmək mümkünsüzdür.

Əgər bu təhlükəyə qarşı mübarizə aparmaq istəyiriksə, yalnız dövlət qurumlarının deyil, cəmiyyətin hər bir fərdinin birgə səyi lazımdır. Qanunsuz onlayn kazinoların qarşısını almaq, yalnız müvafiq qurumların deyil, hər bir vicdanlı vətəndaşın məsuliyyətidir. Ailələr, təhsil işçiləri və media əməkdaşları bu məsələdə həmrəylik göstərməli və bu aldatmacalardan asılılığa tez düşən, zəif psixologiyada olan insanları, xüsusilə gəncləri qorumağa çalışmalıdırlar. Cəmiyyət olaraq bu mübarizədə həmrəy ola bilsək, ümid edirik ki,  bu təhlükənin qarşısını almağı da bacararıq.

 Gülcamal TAHİROVA

Nəşr edilib : 24.05.2025 10:30