İlham Əliyev Azərbaycanın minifutbol üzrə dünya çe...
20:34 02.06.2025
0
0
0
NAXÇIVAN :
03 Iyun 2025, Çərşənbə axşamı
Dünyada dəyişməyən tək həqiqət var ki, hər şey dəyişir. Zaman, texnologiya, yanaşmalar, dəyərlər və insanın özünü ifadə etmə tərzi. Bir zamanlar müdriklik dinlənilərdi, bu gün isə səssiz müdrikliyi görünən səslər kölgədə qoyur. Artıq bacarığın öz-özünə parlaması dövrü deyil. Əgər sən illərini bir sahəyə sərf etmisənsə, amma səssizsənsə, səni eşidən az olacaq. Əksinə, o sahəyə dünən gələn təcrübəsiz biri bu gün özünü daha yaxşı təqdim edirsə, o, daha çox tanınacaq. Bu, təkcə haqsızlıq deyil, zamanın öz oyun qaydasıdır. Bəli, biz tez-tez “Hər yerdə reklam var!”, “Süni uğurlar nümayiş etdirilir!” – deyə gileylənirik. Haqlıyıq. Çünki bir çox hallarda reklam mahiyyətin önünə keçir. İnsanlar daha çox “Kim necə görünür”ə baxır, “Kim nə bacarır”ı isə çox zaman arxa planda qoyurlar.
Bununla belə reklamı yalnız tənqid etmək də düzgün deyil. Düzgün təqdimat əgər bacarıqla birləşərsə, güclü nəticələr verir. Əks halda, illərlə zəhmət çəkmiş bir insan, sadəcə, görünmədiyi üçün tanınmır, qiymətləndirilmir, hətta imkanlardan məhrum qalır. Bugünkü dünya “Özünü tanıtmayan unudular” prinsipi ilə işləyir. Bu acı, amma reallıqdır. Ona görə də sual belədir: Sənin bacarığın varsa, niyə onu gizlədəsən? Niyə onu təqdim etməyəsən? Axı dəyər tanınmalıdır ki, dəyər olaraq yaşasın. Müasir dövrdə təkcə bacarıqlı olmaq azdır, o bacarığı tanıtmaq da lazımdır. Lakin unutmamalıyıq: reklam məqsəd yox, vasitədir. O, içi dolu olanın görünməsinə kömək etməlidir, içi boş olanı süni parıltı ilə təqdim etmək üçün yox. Ən güclü reklam hələ də real nəticə, məmnun insan və görülən işdir. Cəmiyyətimizdə reklam haqqında yanaşma birmənalı deyil. Bir qisim insan reklamı süni tanıtım, özünü tərifləmə, şişirdilmiş təqdimat kimi qəbul edir. Digərləri isə onu uğura gedən yolun qaçılmaz mərhələsi sayır. Əslində, hər iki tərəfin haqlı olduğu məqamlar var. Əvvəllər iş keyfiyyəti ilə tanınardı, indi isə sən özünü reklam etməlisən ki, görünəsən. Təəssüf ki, bu təqdimat da keyfiyyətlə deyil, rəqəmlərlə, görüntülərlə, izlənmə sayları ilə ölçülür. Nəticə olaraq ortaya belə bir mənzərə çıxır: istər bacarıqlı, savadlı, bilikli biri ol, istərsə də, sadəcə, təqdimatı yaxşı bacaran biri – tanıtımın yoxdursa, unudulmusan.
Sosial media bu gün bəziləri üçün şəxsi vitrin, bəziləri isə süni teatra çevrilib. Sosial şəbəkələr bu dəyişimin ən güclü vasitəsidir. Əvvəllər vitrinlər mağazaların idi, indi şəxslərin öz vitrinləri var, “Facebook” profilləri, “Instagram” səhifələri, “TikTok” videoları, “Youtube” kanalları. Hər bir fərd burada öz məhsulunu təqdim edir, bu məhsul ya onun gerçək biliyi, bacarığı, qabiliyyətidir, ya da sadəcə, insanların gözünü oxşayan yalanlardan ibarət bir vasitədir. Bəzən yüksək peşəkarlıqla təqdim olunan reklamlar həqiqəti əks etdirir, bu reklamlar reallıqdan uzaq bir dünya yaradır. Burada uğur zəhmətin, biliyin böyük olması ilə deyil, aldatma bacarığının yüksək olmasından qazanılır.
Təəssüf ki, gənclər də bu “uğur formulunu” nümunə götürür. Zəhmətlə, əziyyətlə, illərlə formalaşmalı olan dəyərlər bir videoya, bir paylaşımın bəyənilmə sayına qurban gedir. Burada əsas sual yaranır: reklamı tənqid etmək kifayətdirmi? Yoxsa onu düzgün formada istifadə etməyi öyrənməliyik? Reklam bir vasitədir. Ona istiqamət verən sənsən. Əgər sənin, həqiqətən, təklif edəcək bir dəyərin, bacarığın, məhsulun varsa, onu tanıtmaq səni uğura aparacaq. Yoxsa onu səndən zəif olan, amma daha yaxşı danışan biri əvəz edəcək. Tarixboyu özünü tanıda bilməyən dəyərli insanlar it-bat olub. Bugünkü imkanlar isə hər kəsə özünü göstərmək şansı verir. Bu şansdan istifadə etmək özünüreklam deyil – haqq olunan yerə çatmaq üçün vasitədir. Əgər bu gün bacarıqlı, çalışqan insanlar tanınmırsa səbəb onların səssizliyidir. Əsl uğuru tanıtmaqdan utanmamalıyıq. Əks halda görüntü səltənəti davam edəcək, zəhmət isə kölgədə qalacaq. Çünki zəhmətini, bacarığını, ideyanı tanıtmaq artıq günün tələbinə çevrilib. Əgər sən öz sahəndə, doğrudan da, iş görürsənsə, onu təqdim etmək də sənin haqqındır.
Gülcamal TAHİROVA
Digər xəbərlər