NAXÇIVAN :

30 Iyun 2026, Çərşənbə axşamı

Naxçıvanlıları daha qızmar yay gözləyir?!

img

Hər bir diyarın öz xarakteri, insanı qarşılayan özünəməxsus bir ab-havası olur. Naxçıvanın kəskin kontinental iqlimi də elə onun ən böyük xarakteridir. Buranı bir cümlə ilə ifadə etsək, bəlkə də, ən doğru ifadəmiz “təzadların harmoniyası” olar. Çünki muxtar respublika təbiəti yarımçıqlığı sevmir: ya yayda Günəşin bütün istiliyi ilə torpağı qızdırır, ya da qışda şaxtanın ən təmiz, ən kəsici halı ilə dağları ağappaq bir sükuta qərq edir. Bu kəskin kontinental iqlim Naxçıvanın, sadəcə, coğrafiyası deyil, həm də onun ruhudur.

Naxçıvanda yağıntı az olduğu üçün quraqlıq tez-tez müşahidə olunur. Məhz bunun nəticəsidir ki, ötən il muxtar respublika ərazisində yay fəsli bir qədər isti keçmiş, maksimum isti isə Ordubad rayonunda qeydə alınmışdı. Belə ki, burada havanın temperaturu 41,8 dərəcəyə kimi yüksəlmişdi. Bu il isə naxçıvanlıları daha qızmar yay gözləyir. Daha dəqiq desək, muxtar respublika ərazisində yay aylarının daha isti olacağı proqnozlaşdırılır. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometologiya Mərkəzinin əməkdaşı Fidan Allahverdiyeva qəzetimizə açıqlamasında bildirib ki, 2026-cı ilin yay mövsümündə Naxçıvan şəhərində hava şəraitinin dəyişkən keçəcəyi proqnozlaşdırılır: “Ayrı-ayrı günlərdə qısamüddətli yağıntıların müşahidə olunması ehtimalı var. İyun-avqust aylarında gecə saatlarında havanın temperaturunun 19-24, gündüz saatlarında isə 32-39 dərəcə arasında dəyişəcəyi proqnozlaşdırılır”.

“Bəs ən çox isti hansı rayonlarda müşahidə olunacaq?” sualına isə qurumun rəsmi“ən yüksək temperatur göstəricilərinin Sədərək, Culfa, Ordubad rayonlarında qeydə alınacağı proqnozlaşdırılır. Muxtar respublika ərazisində bəzi günlərdə maksimum temperaturun 42 dərəcəyə çatacağı da gözlənilir”, – deyə cavab verib.

Naxçıvanda yay fəslində havaların sərinləşəcəyi tarix də məlum olub. Belə ki, avqust ayının ikinci ongünlüyündən etibarən temperatur göstəricilərinin tədricən azalacağı gözlənilir: “Ümumilikdə, yay mövsümündə havanın temperaturunun ötən illə müqayisədə iqlim normasından bir qədər yüksək olacağı ehtimal edilir. Külək rejimində isə şərq istiqamətli küləklərin üstünlük təşkil edəcəyi gözlənilir”.

Qeyd edək ki, yay fəslində muxtar respublika ərazisində yerləşən çaylarda daşqın və sellərin olacağı gözlənilmir. Buna səbəb dağlarda yağan qarın may və iyun aylarında əriməsidir.

 

Ceyhun MƏMMƏDOV

DAHA ƏTRAFLI