Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Karvan yolu üzərində yerləşən bir kənd təsəvvür edin: tarixi və coğrafi əhəmiyyəti ilə fərqlənən, çox vaxt ticarət yollarının kəsişdiyi, səyahətçilər və karvanlar üçün məskən və ya dinlənmə məntəqəsi olan bir məkan. Bu kənd qədim ticarət yollarının üzərində yerləşdiyi üçün tarixi əhəmiyyət daşıyıb. Buranın ətrafı təbiət gözəlliyi ilə zəngindir: uca dağlar, geniş çöllər, çaylar və qədim tikililər bu yaşayış məntəqəsinin mənzərəsini zənginləşdirir. Qarabağlar müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu bir məkandır, adətən, ənənəvi həyat tərzi ilə seçilir, insanlar bir-biri ilə yaxından əlaqə saxlayır və qonşuluq münasibətləri güclüdür. Təbiət gözəlliyi, təmiz hava və sadə həyat tərzi bu kəndin əsas xüsusiyyətlərindəndir. Əhali, əsasən, kənd təsərrüfatı, heyvandarlıqla məşğul olur. Kəndin atmosferi sakit və rahatdır, insanda təbiətə yaxınlıq hissi yaradır.
Bu yurd yeri həm də Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Bu kənddə hər daşına qədər tarixiliyini qoruyan ərazilərə, abidələrə də rast gəlmək mümkündür. Zəngəzur sıra dağlarının ətəyində inşa edilən Qarabağlar türbəsi də orta əsr memarlıq kompleksinin tərkib hissəsi hesab edilir. Bu kompleks türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqlarından ibarətdir və XIII-XIV əsrlər üçün xarakterikdir. Buranın qapısından içəri girdikdə insan özünü orta əsrlərə qayıtmış kimi hiss edir. Kənd sakini Dadaş Qasımov deyir ki, bu türbə bərpa edildikdən sonra Qarabağlara üz tutanların sayı daha çox artıb və bura mərkəz kimi formalaşıb. Kəndimizdə həm də “Qalacıq” adlı qədim yaşayış məskəni var. Bu, eradan əvvəl Tunc və Dəmir dövrlərinə aid olan böyük arxeoloji sahədir. Bura həm də Cənubi Qafqazda ən böyük arxeoloji sahəyə malik qədim yaşayış ərazisidir. Qazıntılar zamanı buradan saxsı qablar, qədim əşyaların qalıqları, qızıl, gümüş pullar tapıblar.
Qarabağların əsrlərdir, dəyişməyən adəti sakinlərdən kiminsə arasında narazılıq, söz-söhbət olarsa, bunun kənara sızmamasıdır. Bura gələn qonağa böyük hörmətlə yanaşarlar, ən əsası isə ağsaqqalların əyləşdiyi çayçıya apararlar, söhbətinə qulaq asarlar.
Günortadır. Bu vaxtlar, adətən, kəndin mərkəzi çox sakit olur, ara-sıra insanlara rast gəlmək mümkündür, elə bil, səhər çağında qaynayıb-qarışan yer bura deyil. Yalnız şütüyən avtomobilləri görmək olar, bir də illəri yol etmiş sarı avtobusu və növbəti günə odun qırmaqla hazırlaşan Əjdər dayını.
Kəndin bütün sakinləri artıq öz evlərinə qayıdırlar yarımçıq qalmış ev işlərini görmək üçün. Alışıblar artıq bu rejimə, onlar üçün həyatın axarı bu qaydada formalaşıb...
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər