NAXÇIVAN :

20 Aprel 2025, Bazar

“Nazlı” da deyirlər Qarabağlara

...

“...Kəndin lap yuxarı başında yerləşən evin həyətindəki keçi evlərin damı ilə düz Araz çayının sahilinə – Poldəşt şəhərinə kimi gedib çıxırdı. Evlər bir-birinə o qədər yaxın olub ki, bir evin damı digərinin həyəti idi. Bu da kəndin ərazisinin nə qədər böyük olduğundan xəbər verir. Qarabağlar kənd yox, şəhər olub. Burada bəylər, xanlar yaşayıb”. Bu söhbəti bizə kənd sakini Samirə Məmmədova danışır. Deyir ki, kənddə o zamanlar varlı insanlar yaşayıb, yaşadıqları evlərin bəziləri sökülüb-dağılsa da, bəziləri yaşayış yeri kimi istifadə olunur, bəzilərinin isə yalnız uçuq divarları qalır.

Kəndin köhnə məhəllələri

...Kəndə yaxınlaşdıqca havanın soyuqluğunu əsən sərt küləyin üzündə hiss etdirdiyi ağrıdan duyursan. Naxçıvanın ən qocaman, ən böyük kəndindən danışım sizə... Bir zamanlar özündə şəhər ab-havası yaradan və karvan yolu üzərində yerləşən bu yaşayış məntəqəsi bizi səs-küylü aura ilə qarşılayır. Mərkəzdə dayanmış avtomobillərdə nələrsə satmağa çalışan insanların yaşlı olması diqqətdən yayınmır. Deyirlər ki, illərdir, bu işlə məşğuldurlar, kənd-kənd gəzir, əkib-biçdiklərini satmağa çalışırlar. Çoxunun bu kənddən olmaması ilk baxışdan bilinir, lakin uzun illər buraya gəlib-getmələri onları yerli sakinlərlə doğmalaşdırıb. Kənd meydanı yalnız günorta saatlarına kimi belə gedişli-gəlişli olur, sonra insanlar həyət-baca işlərinə vaxtlarını sərf edirlər. 
Məhəllələrin köhnə palçıq divarlarında Qarabağların qədimliyini sezmək mümkündür. Daş məhəllə, Bəydilli, Cığallı, Süleymanlı məhəllələri bu qədim yurd yerinin özəyini təşkil etməklə yanaşı, həm də tarixini özündə canlandırır. XX əsrin əvvəllərinədək kənddə yaşayan xanların, bəylərin evləri hər zaman müzakirə obyekti olub. Bu kəndin, bəlkə də, şəhər kimi formalaşmasında inşa edilən mülklərin rolu böyükdür. Belə ki, keçmiş sovet dövründə, daha dəqiq, ötən əsrin  20-ci illərində böyük evlərdən məktəb kimi istifadə olunub. Hazırda bu mülklərin uçuq-sökük töküntüsündən başqa bir şey olmayan divarlarında tarixin yaddaşı “sallanır”. Bura sanki əhalinin inam yeri olub. Evlərin hansı əsrə aid olduğunu tam bilməyən yerli sakinlərin dediyinə görə, kənddə yaranan ilk məhəllə elə bura olub, yəni Daş Məhəllə. Küçələr elə dardır ki... 
Digər kəndlərdə olduğu kimi, burada da yalnız çaydaşından inşa edilən evlərə rast gəlmək mümkündür, hündürmərtəbəli binalar yoxdur. Küçə yolları isə kəndin özünəməxsus daşlarından ovulan tozlarla örtülüdür: ağappaq. Buranın qədimliyi daş divarların ruhuna, kəndin şimal-şərq hissəsindən – Qalaçıq şəhərinin xarabalıqlarında əsən küləyin səsi uçuq evlərin cisminə çöküb sanki. Səslə ruhun harmoniyası kəndin qəddini əzəmətli saxlayıb, torpaqla yoğrulan insanları öz yurdlarını qurmaqla buranın başına sanki nazlı sığal çəkiblər. Ona görə “nazlı” da deyirlər Qarabağlara.

Buralarda bir zamanlar armud bağları olub

Bəzilərinə görə, Qarabağlar kəndinin adı Qarabağ tayfasının adından yaranıb və bura qədim türkmənşəli peçeneqlərin Qarabağ tayfasının adını əks etdirir. Bəzilərinə görə isə “qara” – böyük, əzəmətli, “bağ” isə insan məskəni mənasını verir. Yerli sakinlər deyir ki, Tanrının yaratdığı bu gözəl məkan tez-tez yadellilərin hücumlarına məruz qalıb, dağıdılıb, viran qoyulub. Hər zaman “əlləri” göylərə açıq qalan bu daş divarların harayını yalnız Tanrı duyub. Bu diyarın halından ən çox əziyyət çəkənlər isə başına qara kəlağayı bağlayan qadınlar olub. Məhz buna görə qadınlar müharibələr vaxtı başlarına qara bağladığı üçün bəzən kəndin adını “qara” “bağla” sözləri ilə də izah edirlər.
Hər iki ehtimal kənd camaatının inam yerinə çevrilib. Kəndlərini qədimliyi ilə yanaşı, ənənələrinə görə də tanıyırlar. Səriyyə xanım deyir: “Qarabağların həm meyvəsi, həm də mətbəxi zəngindir, əli ilə bir vaxtlar meyvə – armud bağlarının olduğu yerləri göstərir. “Kənddə yaşayan tayfalar bir-birinə çox yaxın olub. O vaxtlar buranın mətbəxi daha məşhur imiş. Qarabağların daş küftəsi adı ilə tanınır. Toxmaqla əti döyüb bişirirlər, hələ də bu adət kənd sakinləri tərəfindən qorunub saxlanılır”. Dağlıq ərazi olduğundan burada çöl bitkilərinə çox rast gəlmək mümkündür, xüsusilə kəklikotuna. Evlərin qarşısından keçdikdə limonlu kəklikotu çiçəyindən hazırlanan çayın ətri adamı bihuş edir.

İllərdir, dəyişilməyən adət və sarı avtobus

Karvan yolu üzərində yerləşən bir kənd təsəvvür edin: tarixi və coğrafi əhəmiyyəti ilə fərqlənən, çox vaxt ticarət yollarının kəsişdiyi, səyahətçilər və karvanlar üçün məskən və ya dinlənmə məntəqəsi olan bir məkan. Bu kənd qədim ticarət yollarının üzərində yerləşdiyi üçün tarixi əhəmiyyət daşıyıb. Buranın ətrafı təbiət gözəlliyi ilə zəngindir: uca dağlar, geniş çöllər, çaylar və qədim tikililər bu yaşayış məntəqəsinin mənzərəsini zənginləşdirir. Qarabağlar müxtəlif sivilizasiyaların, mədəniyyətlərin qovuşduğu bir məkandır, adətən, ənənəvi həyat tərzi ilə seçilir, insanlar bir-biri ilə yaxından əlaqə saxlayır və qonşuluq münasibətləri güclüdür. Təbiət gözəlliyi, təmiz hava və sadə həyat tərzi bu kəndin əsas xüsusiyyətlərindəndir. Əhali, əsasən, kənd təsərrüfatı, heyvandarlıqla məşğul olur. Kəndin atmosferi sakit və rahatdır, insanda təbiətə yaxınlıq hissi yaradır. 
Bu yurd yeri həm də Azərbaycanın ən qədim yaşayış məskənlərindəndir. Bu kənddə hər daşına qədər tarixiliyini qoruyan ərazilərə, abidələrə də rast gəlmək mümkündür. Zəngəzur sıra dağlarının ətəyində inşa edilən Qarabağlar türbəsi də orta əsr memarlıq kompleksinin tərkib hissəsi hesab edilir. Bu kompleks türbə, qoşa minarə və bu iki abidənin arasında yerləşən dini binanın qalıqlarından ibarətdir və XIII-XIV əsrlər üçün xarakterikdir. Buranın qapısından içəri girdikdə insan özünü orta əsrlərə qayıtmış kimi hiss edir. Kənd sakini Dadaş Qasımov deyir ki, bu türbə bərpa edildikdən sonra Qarabağlara üz tutanların sayı daha çox artıb və bura mərkəz  kimi formalaşıb. Kəndimizdə həm də “Qalacıq” adlı qədim yaşayış məskəni var. Bu, eradan əvvəl Tunc və Dəmir dövrlərinə aid olan böyük arxeoloji sahədir. Bura həm də Cənubi Qafqazda ən böyük arxeoloji sahəyə malik qədim yaşayış ərazisidir. Qazıntılar zamanı buradan saxsı qablar, qədim əşyaların qalıqları, qızıl, gümüş pullar tapıblar.
Qarabağların əsrlərdir, dəyişməyən adəti sakinlərdən kiminsə arasında narazılıq, söz-söhbət olarsa, bunun kənara sızmamasıdır. Bura gələn qonağa böyük hörmətlə yanaşarlar, ən əsası isə ağsaqqalların əyləşdiyi çayçıya apararlar, söhbətinə qulaq asarlar.
Günortadır. Bu vaxtlar, adətən, kəndin mərkəzi çox sakit olur, ara-sıra insanlara rast gəlmək mümkündür, elə bil, səhər çağında qaynayıb-qarışan yer bura deyil. Yalnız şütüyən avtomobilləri görmək olar, bir də illəri yol etmiş sarı avtobusu və növbəti günə odun qırmaqla hazırlaşan Əjdər dayını. 
Kəndin bütün sakinləri artıq öz evlərinə qayıdırlar yarımçıq qalmış ev işlərini görmək üçün. Alışıblar artıq bu rejimə, onlar üçün həyatın axarı bu qaydada formalaşıb...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 20.02.2025 21:15