NAXÇIVAN :

18 May 2025, Bazar

Hər bir uşağın sevgiyə ehtiyacı var

...

Üzlərində təbəssüm olsa da, ürəklərində hansı hissləri keçirdiklərini təsəvvür belə etmirik. Düşünürük, bəlkə, körpədilər, həyatın acısını-şirinini dadmayıblar, böyüklərin əziyyəti onlar üçün asan gələr, səhv etsələr də, bunu düzəltmək üçün qarşıda kifayət qədər ömürləri, həyat yolları var. Amma düşünmürük ki, böyüklərə görə elə əziyyəti onlar çəkir, səhvlərini necə düzəldəcəklərini onlara başa salmağa çalışırlar. Təəssüf, bunu çox vaxt bacarmırlar, taleləri ilə barışmaq məcburiyyətindədirlər. Bunu özləri də dərk edir, dəyişilməyən yalnız üzlərindəki təbəssümdür, bəlkə, onları həyata bağlayan, valideynlərinin etdiyi səhvləri özləri etməsin deyə bir ümidli gələcəkdir. Kim bilə bilər onların hissini, duyğusunu, ən əsası nələr yaşadıqlarını...

Təsəvvür edin, orta məktəbin ilk günündə bu uşaqlara “ana, ata” sözləri yazdırılmır?! Onların təsəvvüründə bu sözlər, bəlkə də, ifadəyə sığmayacaq qədər böyükdür: dərs ilinin ilk zəngində belə onların gözləri yolda qalır, hər qapı açıldıqca onları dünyaya gətirən “ana”larını gözləri axtarır, “atalı, analı yetim”dirlər... Bu insanlar (oxu: valideynlər) analıq, atalıq hissindən məhrumdurlar, bəzən bunu Tanrının ən böyük cəzası kimi də qiymətləndirənlər var. Qadın dünyaya uşaq gətirib ona sahib çıxmırsa, bu onun insani duyğularının olmaması deməkdir, bir ata öz övladının çiyninə əlini qoymursa, bu onun arxasız, dayaqsız olması deməkdir. İnternat – bura uşaqlara təhsil müəssisəsi kimi yox, öz doğma evləri kimi təlqin edilir. 
“Uşaqların heç bir günahı yoxdur, onların bura yerləşdirilməsinə də bir səbəb yoxdur”, – deyir Məryəm Əliyeva. İlahi, bu qədər ağır cümlə olar? Bir cümlə, bir söz insanı bu qədərmi əzər?! Əslində, bu cümlə o uşağın yaşadığı həyatı nə qədər dərindən dərk etməsi deməkdir. Bəlkə, bu sualı hər gecə yatağa girərkən öz-özünə dəfələrlə verib, cavabı tapa bilməyib, bəlkə, yüzlərlə cavabsız sualı var, kimə deyəcəyini belə bilmir... Gözləri dolur, “Valideynlərim görüb narahat olar, elə bilərlər, onlara deyirəm”, – deyir. 13 yaşlı bir uşağın düşüncəsidir bu, İlahi! Hər vəchlə də yenə valideynini düşünür, onları incitmək istəmədiyini gözlərindən sezmək mümkündür. Danışa bilmir, gözlərini qaçırır, burada xoşbəxt olduğunu deyir, amma yalan dediyi aşkardır, bunu təsəvvüründə “şirin yalan” kimi canlandırır. Elə deyil, acı həqiqəti bir yalanın arxasında gizlətməyə çalışır, yalan olmuş həyatında daha onu nələr gözlədiyini, həyatının istiqamətini, bəlkə də, dərk edir. Deyir ki, evləri uzaq olduğu üçün burada yaşayır, hər həftə fürsət düşdükcə evə yollanır. Bu yolların hər addımında nələr düşünür, evə hansı hisslərlə gedir – bəzən bunu təsəvvür etmək belə çətindir. Onun üzünə açılacaq qapıda bir təbəssüm eşqidir, bəlkə, bu uzun yolları getməyi.
“Adamın axır günü gərək xoş olsun”, – deyirlər, bəli, bəlkə, onlar üçün ən böyük deyim də budur! Təhsil ocağının yataqxanasında Süleyman Qənbərovla söhbətləşirik. Məktəbdə onlara çox yaxşı baxdıqlarını, asudə vaxtlarını səmərəli keçirdiklərini, ən əsası, dərslərində bir axsama olmadığını deyir: “6 ildir, burada təhsil alıram, elə gördüyünüz bu yataqxanada qalıram. Dövlətimiz bizim təhsil almağımız üçün hər bir imkanı yaradıb. Məktəb kollektivi isə bizim hər zaman yanımızdadır. Hər an hər bir problemimizlə maraqlanırlar, dərslərimizdə çətinlik olduğu zaman köməklik göstərirlər. Burada evimizdə olduğu kimi rahatıq, evimizdir bura”. Bəli, evləridir bura, reallıq budur. “Sosial qayğıya ehtiyacı var”, “İmkanı yoxdur”, “Çox­uşaqlıdır”, “Orada daha yaxşı təhsil alır”, “Hər həftə görüşürük” – bunların hamısı valideyn cəfəngiyyatıdır, yalanıdır, deyilən, sadəcə, sözlərdir. Heç bir uşağın orada yaşamaq, qalmaq kimi məcburiyyəti olmamalıdır və heç bir valideynin uşağını bu bəhanələrlə həmin məktəbə göndərmək kimi haqqı da yoxdur! 
“Kiçik bir problemə görə uşaqları ortada qoymaq olmaz, böyük səhvdir, günahdır. Uşaqların heç bir günahı yoxdur”, – deyir Süleyman. Onu da əlavə edir ki, gələcəkdə valideyn olacağı təqdirdə heç vaxt övladının ayrı qalmasına razı olmaz. Bu cümlələrin, sözlərin, əslində, hansı yöndə olduğu aşkardır.
Əllərində kiçik oyuncaqlar görürük, hiss edir, amma hiss etdirməməyə çalışır gözlərinin dolduğunu, danışmır. Reallıq budur: tərk edilmiş, ailədən uzaqlaş(dırıl)an uşaqlar heç vaxt oyuncaqlarını atmır! 
Ordubad şəhər tam orta internat məktəbinin kollektivi hər zaman bu uşaqların arxasındadır – buna orada olduğumuz müddətdə bir daha canlı şahid olduq. Uzun illərdir, bu məktəbdə çalışan Şahzadə Əliyeva deyir ki, bu uşaqlar olduqca həssas, kövrək olur: “Onlara göstərilən hər hansı kiçik bir qayğı, diqqət biz müəllimləri də xoşbəxt edir. 1982-ci ildən bu məktəbdə pedaqoji fəaliyyətlə məşğulam, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla çalışırıq. Onların hər anında yanlarında oluruq: bəzən xəstələnirlər – yanlarında yatırıq, darıxırlar – öz sevgimizi verməyə çalışırıq, bir ailə kimi hər zaman bir oluruq. Çalışdığım müddətdə elə anlar olub ki, burada qalan uşaqlar bayram vaxtlarında öz doğmalarını gözləyiblər, amma gəlməyiblər, biz məktəb kollektivi olaraq yenə onların yanında olmuşuq. Onlar məktəbi doğma evləri, müəllimləri isə valideynləri hesab ediblər. Nə qədər olsa da, bir ana, ata qayğısı heç nəyi əvəz etməz. Hər səhər dərsə gələrkən onların gözlərindəki nisgilli baxışlar çox şeyi deyir”.
Məktəbdə olduğumuz müddətdə müəllimlərin uşaqlara necə qayğı ilə yanaşmalarının şahidi olduq. Əslində, bu məktəblilərə başqa cür davranmaq da mümkün deyil axı. Təranə İsmayılova deyir ki, məktəbdə onlar üçün hər bir şərait yaradılıb: “Müəllimlər hər zaman bu uşaqlara qayğı ilə yanaşır, onların bütün problemlərini öz problemi kimi qəbul edir. Bizim valideynlərə sözümüz odur ki, əgər dünyaya uşaq gətirirlərsə, onları sahiblənməyi də bacarsınlar. Onsuz da dövlətimiz bu uşaqlar üçün hər bir şərait yaradır, onları bağrına da basıb sahiblənir”.
Bu gün Ordubad şəhər tam orta internat məktəbində uşaqların yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün hər bir şərait yaradılıb: yeni tədris binası, yataqxana, onların asudə vaxtlarının səmərəli təşkili üçün oyun meydançası, uşaqlar üçün bütün zəruri avadanlıq və sair. Amma... Amma bunların heç biri ailə ocağını əvəz edə bilməz. İndi bu məktəbdə   500-dən çox şagird təhsil alır ki, onların 60 nəfəri valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuşdur. Məktəbi digər məktəblərdən fərqləndirən əsas nüanslardan biri də burada 13 sağlamlıq imkanları məhdud uşağın təhsil almasıdır. Demək olar ki, məktəb hər kəsə qucağını açıb. Nə yaxşı ki, bu uşaqlar dövlətin himayəsi altında böyüyür, təhsil alır, cəmiyyətə sağlam bir fərd kimi yetişirlər.
Heç bir uşaq valideynini seçmir, ona bağlılığı isə dəyişilməz hissdir. “Ana kimi yar olmaz, Vətən kimi diyar”, – deyirlər. Lakin bu uşaqlar diyar kimi Vətəni, ana kimi isə öz müəllimlərini seçiblər. Bir gün həmin müəllimlər bu uşaqların uğuruna ilk sevinən olacaqlar, yanlarında kimin olmasından asılı  olmayaraq...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 18.05.2025 15:45