NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

Ərlərin yurd yeri – Ərəfsə

...

Kəndə gedən asfalt yolda bizi Tərlan xanım qarşılayır. Kəndin girişində gəlişimizi gözləyən bu qadın ömrünü uşaqların təhsil almasına həsr edib. Qarşıdakı dağa baxırıq, üzərində parlayan Günəş sanki qonağın gəlişinə sevinən uşağa bənzəyir. Baxdığımızı hiss edərək “Hərami dağı deyirlər ora. Yanındakı dağla onun arasında kənd olub, rəvayəti dillər əzbəridir”, – deyir Tərlan xanım. İlahi, bu dağın cazibəsi nədir belə? İnsana bir anda rahatlıq verir, duyğulandırır, sanki zirvəsinə çağırır insanı, bəzən xəyali söhbət etmək keçir içindən: Ərəfsədə igidlərin o dağlarda qaçaq-quldurları necə qovmasını soruşmaq istəyirsən...

İllərdir, dəyişilməyən ənənə

Hər tərəfi dağlarla əhatə olunan Ərəfsədə qapının qonaqlı-qaralı olması bu kəndin adətidir. Buranı görməyə gələnlər mütləq bir evin çayını içməlidir, mətbəxindən isə dadmaq qaçınılmazdır. Qonağı olduğumuz ev kəndin yuxarı hissəsində – qayalığa yaxın yerdə yerləşir. Azərbaycan qadınına xas olan adəti – gülər­üzlülüyü ilə evində qonaqlayır bizi Tərlan xanım. Bizim üçün əriştə aşı bişirəcəyini deyir, süfrə açılır, kəndin bütün nemətləri önümüzə düzülür. “Ərəfsənin əriştə aşı tam fərqli olur”, – deyir Tərlan xanım. Sən demə, burada yeməyin içərisinə vurulan soğana şəkər tozu qatırlar, əlavə ədviyyatlar isə yeməyə ləziz dad verməklə yanaşı, həm də görünüşünü fərqli edir. Yeni kəsilən əriştə bu kəndin mətbəxini daha da zənginləşdirir, onu digər bölgələrdən fərqləndirir... 
...Süfrə başında yalnız otururuq, evdə təkik. Təəccüblüdür, ev yiyəsi ara qapını örtür və otağa bir anda səssizlik çökür, bir-birimizə baxıb sanki müqəssir kimi hiss edirik özümüzü. “Yeməyinizi rahat çəkib yeyin” səsini eşidirik. Adətidir buranın, bəzən qonağa hörmət əlaməti kimi izah edilir. İşin əsli isə qonağın çəkinmədən yeməyi yeməsidir. İnsanda fikir bulanıqlığı yaradan bu qeyri-adi adət kənd insanının yüksək mədəniyyətindən, düşüncəsindən xəbər verir.

Tanınmış tayfaların diyarı

Culfa rayonunun bu kəndi qədim tarixə malikdir. Əsrlər öncə bu diyarda Araqlı, Eminəli, Culuqlu kimi tanınmış tayfalar   yaşayıb. Kənd sakinlərinin dediyinə görə, bu tayfaların hamısı türkmənşəli olub. Hələ də kənddə bu tayfaların soyundan gələn insanlar yaşayır. Kəndin adının isə maraqlı tarixi var. Belə ki, 1590-cı ilə aid sənədlərdə kəndin adı “Ərəfsax” kimi işlədilib. Tədqiqatçıların, alimlərin fikrincə, bu, “sak ərlərinin eli, yurdu” mənasını verir, yəni seçilmiş ərlər diyarı. Onu da qeyd edək ki, sak tayfaları e.ə II minillikdə Culfa bölgəsinin yerli sakinlərindən olublar. Eyni zamanda kəndin adı “ərəfsəli” tayfasının adı ilə əlaqədardır. Bu adın həm də ərazisindəki pirlə bağlı olduğu, onun “3 ərəb” sözündən yarandığı fikri də irəli sürülür: “Ərəbsə”, sonradan bu “Ərəfsə” sözü ilə əvəzlənib.

Doqqaz ağzında əyləşən yaşlı insanlar

İlin bu fəslində Ərəfsədə qayalardan köpüklənib axan çayın səsini eşitmək olmasa da, bir düzüm kəhrəbanın sanki dağların boynuna dolandığını görmək mümkündür. Dağlar bu diyara canlı həyat bəxş edib, göylərdən süzülən qar dənəciklərini özünə hopduraraq yerin ruhunu sorub və özündə birləşdirib, insanını sanki qoynuna alıb. Yaylaqları ağ örpəyə bürünsə də, sanki kəndin hakimliyini kimsəyə ərməğan etməyib, qoparıb insanın köhnə vərdişlərini, ancaq tarixini almayıb, ruhunu sovurub dağların zirvəsinə, ancaq qonaqpərvərliyini, məğrurluğunu almayıb. Balaca dağ çayları, bulaqlar donsa da, yaylaqlarında, dağ yamaclarında heyvanları görmək mümkündür. Bəlkə, yazın gəlişini səbirsizliklə gözləyir bu kənd, bəlkə, isti havalarda səs-küylü olması üçün darıxıb, bəlkə də, çoşub-daşan çayından gələn həzin musiqini yenidən dağların zirvəsində eşitmək istəyir. Bu özəlliklər Ərəfsə kəndinin qədimliyini, adətini, simasını qonaqlara ilin bu fəslində aşılayır. 
Hər bir kəndin unudulmaz adətidir yol kənarında qonaqları salamlamaq. Doqqazın ağzında yaşlı insanları görmək mümkündür Ərəfsədə. Hər gələndən kef-əhval soruşub gedənə “Kəndimizi bəyəndin?” sualını vermək adət halını alıb. Adətən, bunu yaşlı nənə-babalarımızdan görürük, elə Ərəfsədə yaşayan   Heydər baba və Fizzə nənə kimi. Kəndi necə sevməkləri yanaqlarında yaranan qırmızı qan dənəciklərindən bilinir. Bir-birinə bağlılıqları 55 illik ailənin möhkəmliyindən xəbər verir. Burada doğulub böyüyən Heydər baba deyir ki, hər kəsə uzunömürlü ailə qismət olmur: “Ərəfsə uzun­ömürlü ailələr diyarıdır. Bu, bəzən kimlər üçünsə sirrdir. Bunun əsas səbəbi mehribanlıq, sadiq olmaq, xanımına hörmət etməkdir”. Eyni fikirdə olan Fizzə nənə isə deyir ki, tək qalsalar da, evləri hər zaman qonaqlı-qaralı olur: “Ərəfsəyə gələnlər buranı çox sevir. Bəziləri havasına, bəziləri isə burada bitən bitkilərə görə. Onu deyim ki, buranın yeməkləri çox dadlı və ləziz olur, həm də sağlam qidadır. Bəlkə, kənddə yaşayan yaşlı insanların uzunömürlü olmasının səbəbi buranın təbiəti ilə yanaşı, həm də sağlam qidalardır”.

Torpağına bağlı ərəfsəlilər

Ömürləri kənddə at belində keçən sakinlər daha çox heyvandarlıqla məşğul olurlar. Tarixən bu kəndin düzənliyinin dağa yaxın olan hissəsində yeraltı mağara şəklində kufullar qazılıb. Primitiv alətlərlə qazılan, düzəldilən bu yerlərdən bir vaxtlar yaşayış məskəni kimi istifadə olunub. Daha sonra isə bu kufullardan heyvanlar sağılan vaxt sərdan kimi istifadə edilib. Ərəfsə kəndinin yerləşdiyi coğrafi mövqeyə görə, kənd sakinlərinin yaşam tərzi heyvandarlıq və əkinçiliklə bağlıdır. Xüsusilə isti aylarda dağlardan toplanan pencərlər insanların qış azuqələrində mühüm yer tutur. Kəndin adətləri qədimdə burada məskunlaşan tayfaların adları, onların ənənələri ilə bağlıdır. Hər bir evin həyətində təndirin olması, onun qalanması buranın sanki ənənəvi işidir. Bəzən isti aylarda yeməklərin əksəriyyəti təndirəsərdə bişirilir. Ərəfsədə hamının həyətində dağlardan çəkilmiş bulaq suyu var. Göy dağı, İman dərəsi, Çürükdaş yaylağı, Gəvik kufulları, mənbəyini Ərəci dağlarından götürən kənd çayı ilə yanaşı, Qabaqlı, Şadara, Əlincə çayları bu diyara xüsusi gözəllik bəxş edir. 
Kəndi gəzdikcə insan dincəldiyi qədər yorulur, sakitləşdiyi qədər coşur. Tanrının bizə bəxş etdiyi bu diyar hələ də tam kəşf edilməyib. Səfərimizi yekunlaşdırıb şəhərə doğru yol almağa tələsmirik. Artıq gəldiyimizdə dağların ağ örpəkdə ağuşuna aldığı Günəş yoxdur, soyuğun təsiri yavaş-yavaş hiss edilir, işığında isindiyimiz Günəşin şəfəqləri dağların arasında itməyə başlayıb: indi bu işıq, sadəcə, dağların zirvəsində olan qar tağlarını al-əlvan rəngə boyayır. Yazın gəlişi buranı bir başqa gözəlliyə qərq edəcək, artıq bizi soyuq Günəş yox, istisində dağ çiçəklərinin açdığı Günəş qarşılayacaq. Haramı dağının zirvəsindəki duman sürünərək yerə dəyməyəcək, bəlkə də, rəvayəti dillər əzbəridir ona görə...

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 26.01.2025 10:50