NAXÇIVAN :

09 Yanvar 2025, Cümə axşamı

34 illik təcrübə: “Qadınlara məsləhətim kişi işləri ilə məşğul olsunlar”

...

“Aslanın erkəyi, dişisi olmaz”, – deyə söhbətə başlayır Bəturə Hüseynova. Az zaman deyil onun bu sahədə fəaliyyət göstərməsi və bununla fəxr edir. Əslində, fəxr ediləsi peşədir: təsəvvür edin, bir diyarı, bir məmləkəti işığa qərq edirsən. 34 ildir, hər anı ciddi məsuliyyət ilə üz-üzə qalan Bəturə xanım Culfa yarımstansiyasında çalışır. Dəyişilməz iş yerinin bura olduğunu deyir, danışdıqca gözündəki işığı görməmək mümkün deyil. Sanki illərdir, burada gözünün nuruna çevrilən cərəyan onun ruhuna hopub.

          Əslində, illərə sinə gərən Bəturə Hüseynovanın bu peşəni seçməsində, bilavasitə, rol oynayan onun babasıdır. Deyir ki, bu stansiya mənə təkcə işimə görə yox, həm də ailəmin burada çalışmasına görə doğmadır. Buna “ailə peşəsi” də deyə bilərik: illər öncə babası İsmayıl kişinin fəaliyyətə başladığı bu yarımstansiyada daha sonra atası çalışıb. Əmisi və qardaşı kimi Bəturə xanım da bu peşəni seçib: “Bura mənə daha doğmadır. Bəzən bu peşəni seçməkdə məni qınadılar, lakin mən bu işlə 3 qızımı oxutmuşam. Peşəni seçməyimdə əsas səbəb babamın buranı sevməsidir. Çünki onun işinə nə qədər canla-başla yanaşdığını görürdüm. Bu məni daha çox cəlb etdi”.

Bəturə Hüseynova nəinki Naxçıvanın, Azərbaycanın yeganə qadın dispetçeridir. Elektrik sahəsində, demək olar ki, hər şeyə bələddir. “Bəs evdə elektrik işlərini kim görür?” sualına gülərək “mən” cavabını verir. Deyir, cərəyandan qorxan adam heç vaxt burada çalışa bilməz: “Düşünürəm ki, bu işin çətin tərəfi yoxdur. Əsas məsələ işini sevməkdir, işini sevərək görsən, üstələyə bilməyəcəyin heç nə qalmayacaq. Xüsusilə bunu qadın olaraq edirsənsə, bu sənə əlavə stimul verəcək. Qadın böyük qüvvədir, öhdəsindən gələ bilməyəcəyi iş yoxdur. Asan tərəfi isə kollektivlə dil tapmağındır. Çalışdığın insanlar sənə ailədirsə, o zaman işin hər zaman asan olacaq”.

Bəturə xanım təəssüflə deyir ki, indi ailəsində bu işi davam etdirən yoxdur. Qızlarının hər üçü müəllim kimi fəaliyyət göstərir, oğlu isə böyüyəndə pilot olmaq arzusundadır. Deyir ki, çalışdığım dövr ərzində bir çox maraqlı hadisələr başıma gəlib: “34 il ərzində iş vaxtı başıma çox hadisələr gəlib. Unutmayacağım bir məqam var: bir gün nazir Culfa yarımstansiyasına gələcəkdi və burada görülən işləri yerində görmək istəyirdi. O bura çatana yaxın stansiyada transformatorlar partladı (gülür), sanki atəşfəşanlıq idi. Onun özü də gələndə təəccübləndi, amma iş əsnasında belə hallar baş verə bilər”.  

34 illik iş təcrübəsi ona həm də böyük uğurlar qazandırıb. Xanım dispetçer deyir ki, bu müddətdə çalışdığı peşə ev işlərinə heç vaxt mane olmayıb. Onun üçün ən uğurlu il isə ötən il olub. Belə ki, uzun müddət səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb: “Bu təkcə mənim işimə yox, qadınlara ölkə başçısı tərəfindən verilən qiymətdir”.

Sonda Bəturə Hüseynova qadınlara bir məsləhət verməyi də unutmadı: “Qadınlara məsləhətim, tövsiyəm kişi işləri ilə məşğul olsunlar. Bu həm qadının gücünü, həm qadının zəhmətini, həm də qadının böyük qüvvə olduğunun göstəricisidir”.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 09.01.2025 11:02