Ermənistanın saxta profillərlə Azərbaycana qarşı hücumu: ifşa olunan hesablar nə deyir?
Ötən gün xəbər saytlarında qarşıma çıxan “Sosial şəbəkələrdə Azərbaycanı ləkələməyə yönələn Ermənistan vətəndaşlarına məxsus hesablar aşkarlanıb” başlıqlı xəbəri oxuyarkən təəccüblənmədim. Çünki bu cür fəaliyyətlər artıq illərdir ki, Ermənistanın informasiya siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Onlar silahlı qarşıdurmada əldə edə bilmədiklərini informasiya müstəvisində, yalan və təxribat yolu ilə Azərbaycanı dünya ictimaiyyətinin gözündən salmağa çalışırlar. Müasir dövrdə müharibələr təkcə səngərlərdə və döyüş meydanlarında aparılmır. Sosial şəbəkələr, virtual platformalar da artıq savaşın əsas cəbhələrindən birinə çevrilib. Ermənistan tərəfindən isə bu cəbhədə saxta profillər, bot şəbəkələri və məqsədli dezinformasiya vasitəsilə ölkəmiz haqqında qərəzli və əsassız iddialar yayılır.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu cür paylaşımlar, əsasən, müəyyən siyasi proseslər fonunda, yəni Azərbaycan beynəlxalq arenada mövqeyini gücləndirdiyi dövrlərdə fəallaşır. Azərbaycanın imici ilə bağlı səslənən böhtanlar göstərir ki, sözügedən fəaliyyətlər təsadüfi deyil, məqsədli şəkildə həyata keçirilir. Məlumatda qeyd olunur ki, Azərbaycan Respublikasının dövlət qurumları barədə "Facebook" sosial şəbəkəsində əsassız paylaşımlar edən "Palitra" hesabı və ona bağlı "TikTok"da "Palitranews1" adlı hesab Ermənistan vətəndaşlarına məxsusdur və qeydiyyat ünvanı kimi Ermənistan göstərilib. Əlbəttə ki, sosial şəbəkələrdə aparılan bu cür çirkin kampaniyalar Azərbaycan dövlətinin diqqətindən kənarda qalmır. Müvafiq qurumların operativ və prinsipial fəaliyyəti nəticəsində saxta profillər ifşa olunur, mənbələr dəqiqləşdirilir və ictimaiyyət vaxtında məlumatlandırılır.
Məlum olub ki, sözügedən hesablar İrəvan şəhəri, V.Sargsyan prospekti, ev 6 ünvanında yaşayan Edgar Gazaryan və Olga Smbatyan adlı şəxslərin istifadəsindədir. Sosial şəbəkələrdə aparılan araşdırmalar onu göstərir ki, “Palitra” hesabında hər hansı müstəqil araşdırma və ya faktlara əsaslanan material yoxdur. Burada yalnız Azərbaycanın dövlət siyasətini ləkələməyə yönələn, digər səhifələrdən kopyalanmış, dezinformasiya xarakterli paylaşımlar yer alıb. Bu isə həmin hesabların məqsədinin obyektiv informasiya yaymaq deyil, açıq-aşkar təbliğat və təxribat aparmaq olduğunu təsdiqləyir.
“Palitra” hesabında əksini tapan dezinformasiya xarakterli materialları dərc edən və Azərbaycana qarşı təbliğat aparan bloger və youtuberlərin fəaliyyəti araşdırılmalıdır. Bu təbəqənin arxasında Ermənistanın dayanması istisna deyil. Belə addımlar göstərir ki, Ermənistan sözdə sülhdən danışsa da, təəssüf ki, Azərbaycana qarşı yönələn əməliyyatlardan əl çəkməyib. Məqsəd isə aydındır... Lakin unudulan bir həqiqət var ki, informasiya müharibəsində qalib gəlmək üçün təkcə yalan kifayət etmir. Faktlar, sübutlar və reallıq hər zaman öz sözünü deyir. Azərbaycan bu gün güclü dövlət, formalaşmış informasiya təhlükəsizliyi sisteminə və ayıq-sayıq cəmiyyətə malikdir. Beləliklə, Ermənistan vətəndaşlarına məxsus saxta hesabların növbəti dəfə ifşa olunması bir daha sübut edir ki, informasiya müharibəsi davam edir. Bu mübarizədə hər bir vətəndaşın məsuliyyəti böyükdür.
Bəs biz nə etməliyik? Ən önəmlisi, bu prosesdə yalnız dövlət qurumlarından nəsə gözləməməliyik. Hər bir vətəndaş fəal olmalı, dövlətimizin və xalqımızın mənafelərini qorumağa hazır olmalıdır. Belə hallarda bizim həssaslığımızı artırmağımız, yalan və böhtanlara qarşı aktiv mövqe sərgiləməyimiz çox vacibdir. Dövlətimiz bu məsələdə kifayət qədər aktivdir. Lakin paylaşılan məlumatlara tənqidi yanaşmaq, mənbəni yoxlamaq və milli maraqlara zidd olan təxribatlara uymamaq bu gün hər birimizin vətəndaşlıq borcudur. Azərbaycana qarşı yönələn bu cür iftiralar informasiya təhlükəsizliyinin gücləndirilməsini, milli medianın daha da möhkəmləndirilməsini və cəmiyyətin media savadlılığının artırılmasını zəruri edir.
Müasir müharibələrin görünməyən, lakin ən təsirli cəbhəsi olan informasiya savaşı göstərir ki, həqiqəti qorumaq və yaymaq artıq milli təhlükəsizlik məsələsidir. Azərbaycan mediasının üzərinə düşən əsas vəzifə isə həqiqəti qorumaq və onu ardıcıl, peşəkar və məsuliyyətli şəkildə həm cəmiyyətə, həm də dünya ictimaiyyətinə çatdırmaqdır. Güclü dövlət yalnız hərbi və siyasi sahədə deyil, informasiya müstəvisində də öz sözünü deməyi bacaran dövlətdir. Azərbaycan da məhz bu dövlətlərdəndir.
Bülbül RÖVŞƏNQIZI