NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

Naxçıvanda cəzaçəkmə müəssisəsindən azad olunan şəxslərin məşğulluğu necə təmin olunur?

...

Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, habelə müalicə və istirahətlərinin təşkili istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə qayğıya ehtiyacı olan şəxslər geniş bir qrupu əhatə edir. Bu qrupa əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, 1 və ya daha çox uşağını təkbaşına böyüdən, 5 və daha artıq uşağı olan, habelə əlilliyi olan uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, məcburi köçkünlər daxildir. Adətən, belə şəxslər işə düzəlməkdə çətinlik çəkirlər və sosial müdafiə tədbirlərindən faydalanırlar. Bu qrupa muxtar respublikada cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərin məşğulluğunun təmin olunması da daxildir.

“Cəzaçəkmə müəssisələrində cəza müddətini başa çatdırıb azad edilən şəxslərin cəmiyyətə adaptasiya olunması istiqamətində müvafiq işlər həyata keçirilməsi prosesi həm sosial ədalətin bərpası, həm də cinayətkarlığın təkrar yaranmasının qarşısının alınması məqsədi daşıyır”, – deyən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İşsiz şəxslər, sosial tərəfdaşlarla iş və birgə maliyyələşmə şöbəsinin müdiri Aqşin Kamilli “Şərq qapısı”na açıqlamasında bildirdi ki, cəzaçəkmədən azad olunan şəxslər çox zaman əmək bazarına daxil olmaqda ciddi çətinliklərlə üzləşirlər. İşəgötürənlərin etimadsız yanaşması, sosial adaptasiya problemləri və peşə bacarıqlarının olmaması onların işləmək imkanlarını məhdudlaşdırır. Bu da bəzən həmin şəxslərin yenidən cinayətə meyil etməsinə gətirib çıxarır.

Müsahibimizin sözlərinə görə, cinayət törədərək cəza almış və sonradan azadlığa çıxmış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, onların sosial adaptasiyası və xüsusilə də məşğulluğunun təmin edilməsi dövlətin sosial siyasətinin mühüm komponentlərindən birini təşkil edir. Müasir dövrdə insan hüquqlarına əsaslanan sosial inkişaf modelində bu kateqoriyadan olan şəxslərin əmək bazarına inteqrasiyası yalnız sosial ədalət baxımından deyil, həm də cəmiyyətin təhlükəsizliyinin təmin olunması və iqtisadi potensialın artırılması baxımından zəruri hesab edilir. Sağlam cəmiyyətin formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün cəzaçəkmə yerlərindən azad olunmuş şəxslərin sosial müdafiəsi və məşğulluğunun təmin olunması prioritet istiqamət kimi hər zaman aktual məsələ olmuşdur: – 30 avqust 2024-cü il tarixdə Penitensiar Xidmətin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarının iştirakı ilə məhkumlarla görüşlər keçirilmişdir. Görüş zamanı cəzaçəkmə müəssisələrində cəzaçəkən şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin təmin olunması üçün onların hüquqları barədə maarifləndirici məlumatlar verilmişdir. Daha sonra məhkumlarla fərdi görüşlər keçirilərək hüquqlarının qorunması və sosial müdafiələrinin təmin edilməsi istiqamətində müraciətləri dinlənilmiş və aidiyyəti üzrə iş aparılmışdır.

Dövlət Məşğulluq Agentliyi tərəfindən qeyd edilən kateqoriyadan olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, işaxtarışına və özünüməşğulluğuna kömək göstərilməsi, peşəyönümünün, peşə hazırlığının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinə çevrilməsi məqsədiilə onlara xüsusi proqramların tətbiqinə yönəldilən tədbirlər vasitəsilə daim dəstək göstərilir.

 Müsahibimiz əlavə edir ki, Dövlət Məşğulluq Agentliyinə 2023-2025-ci illər ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məşğulluqlarının təmin olunmasına köməklik göstərilməsi üçün cəzaçəkmə müəssisəsindən azad edilmiş və ya yaxın tarixdə azad olunacaq 77 nəfər vətəndaş barədə məlumat daxil olmuşdur. Məlumat əsasında hər bir vətəndaşla əlaqə saxlanılaraq məşğulluqlarının təmin edilmələrinə köməklik göstərilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyinə dəvət olunmuş və onlardan 42 nəfəri aidiyyəti üzrə müraciət etmişdir.

Aqşin Kamillinin sözlərinə görə, Dövlət Məşğulluq Agentliyinin karyera məsləhətçiləri tərəfindən agentliyə müraciət etmiş cəzaçəkmə yerlərindən azad olunmuş şəxslərin məşğulluq imkanları qiymətləndirildikdən sonra fərdi məşğulluq proqramı tərtib olunur, onların bilik və bacarıqlarına uyğun karyera planlamasına metodiki dəstək göstərilir. Onların təhsili, ixtisası, əvvəlki peşəsi üzrə təcrübəsi və səhhəti nəzərə alınaraq münasib vakansiyalar üzrə göndərişlər verilir, həmçinin digər aktiv məşğulluq tədbirlərinə cəlb edilərək məşğulluqlarının təmin edilməsi istiqamətində iş aparılır.

Agentlik tərəfindən işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə qısa müddət ərzində əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanması məqsədilə peşə hazırlığı kursları təşkil olunmaqdadır. Cəzaçəkmə müəssisələrində cəzaçəkən şəxslər müəyyən müddət öz peşə və ixtisaslarından kənar qaldıqları üçün peşələri üzrə bilik və bacarıqlarını itirirlər. Bu səbəbdən müasir əmək bazarına adaptasiya oluna bilmələri məqsədilə peşə hazırlığı kursları təşkil edilərkən cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər diqqətdə saxlanılır. Əlavə olaraq sosial cəhətdən həssas əhali qrupları üçün ailə təsərrüfatlarının yaradılması məqsədilə özünüməşğulluq proqramının təşkili də həyata keçirilməkdədir. Özünüməşğulluğun təşkili zamanı cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə qanunla nəzərdə tutulmuş qaydalarda xüsusi üstünlük verilir. Bu vasitə ilə cəzaçəkmədən azad olunan şəxslərin dövlətin dəstəyi ilə ilkin sahibkarlıq fəaliyyətlərinin təməli qoyularaq cəmiyyətə inteqrasiyaları sürətləndirilir.

2023-2025-ci illər ərzində cəzaçəkmə müəssisələrindən azad olunmuş 20-yə yaxın şəxsə özünüməşğulluq proqramı çərçivəsində təsdiqlənmiş zərflər üzrə əmlaklar verilərək məşğulluqları təmin edilmişdir.

Müsahibimiz bildirdi ki, agentlik tərəfindən sosial müdafiəyə ehtiyacı olan və aztəminatlı ailələrin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədiilə haqqı ödənilən ictimai işlərin təşkilinə də  ciddi önəm verilir. Digər aktiv məşğulluq tədbirlərində olduğu kimi, haqqı ödənilən ictimai işlərdə də cəzaçəkmə yerlərindən azad olunmuş şəxslər xüsusi üstünlük hüququna malikdirlər. Haqqı ödənilən ictimai işlər üzrə işlə təmin olunmuş şəxslərdən 2 nəfəri cəzaçəkmə yerlərindən azad edilmiş şəxsdir.

Aktiv məşğulluq tədbirləri ilə yanaşı, agentlik tərəfindən işəgötürənlər üçün digər təşviqedici proqramlar da həyata keçirilir ki, buna əməkhaqqının birgə maliyyələşdirilməsi proqramını nümunə göstərmək olar. Proqram vasitəsilə işəgötürənin işə qəbul etdiyi işçinin əməkhaqqının bir hissəsi qanunla nəzərdə tutulmuş qaydada və müddət ərzində agentlik tərəfindən ödənilir. Həyata keçirilən belə tədbirlər müntəzəm olaraq davam etdiriləcək.

Bülbül QULİYEVA

Nəşr edilib : 27.05.2025 16:30