FHN bayram günlərində gücləndirilmiş iş rejimində ...
09:55 05.06.2025
0
0
0
NAXÇIVAN :
05 Iyun 2025, Cümə axşamı
Azərbaycan çempionatında tarixi uğura imza atan Naxçıvanın voleybol komandasının üzvləri muxtar respublikaya qayıdıb. Komanda üzvləri Naxçıvan Beynəlxalq Hava Limanında böyük coşqu ilə qarşılanıblar.
Biz də “Şərq qapısı” komandası ilə birlikdə hava limanında olub onların yarışla bağlı təəssüratlarını dinlədik.
"Möminə xatun", U16 Qızlar komandasının kapitanı Həlimə Hüseynli qazandığı uğuru böyük qürur və sevinclə qeyd edərək deyir:
“Komandamızın ilk oyunu "İlkin VK" komandası ilə oldu. Səylə mübarizə apararaq bu oyunu 2:1 hesablı qələbə ilə başa vurduq. İkinci oyunumuzda isə Abşeron komandası ilə qarşılaşaraq yenə eyni hesabla – 2:1qalib gəldik. Bu uğurlar bizim üçün çox sevindirici və ruhlandırıcı oldu. Üçüncü qarşılaşmamız "Zəfər" komandası ilə idi. Bu oyunda daha üstün oyun sərgiləyərək 2:0 hesabı ilə rəqibə şans vermədik. Yarımfinalda güclü rəqiblərdən biri olan "Baku VK" komandası ilə qarşılaşdıq. Hər iki tərəf xal mübarizəsində ciddi şəkildə yarışsa da, biz bu oyunu 3:0 hesablı qələbə ilə tamamlayaraq finala yüksəldik. Finala çıxmağımız bizi son dərəcədə sevindirdi”. Müsahibimiz bildirdi ki, final görüşündə ölkənin güclü komandalarından biri olan "Azerrail" ilə qarşılaşdıq. Oyun olduqca gərgin və maraqlı keçdi. Dördüncü setdə 13:4 geridə olmağımıza baxmayaraq, ruhdan düşmədik və seti çevirərək oyunu 2:2 etdik. Beşinci və son setdə isə üstünlüyümüzü qoruyaraq 15:9 hesabı ilə qalib gəldik və finalı 3:2 hesabı ilə başa vuraraq çempion olduq. Bu qələbə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Medalları alarkən yaşadığımız sevinc, xüsusilə də kuboku qaldırdığımız an hiss etdiyimiz qürur unudulmazdır. Komandamızın bu uğurunda əməyi olan bütün məşqçilərimizə sonsuz təşəkkürümüzü bildiririk. Komandamızla fəxr edir, bu qələbənin davamlı olmasını arzulayırıq.
Qalib komandanın digər oyunçusu Kəmalə Mahmudlu deyir ki, birliyimiz gücümüz idi, çempionluq isə əzmkarlığımızın nəticəsidir. Bu gün qalib kimi Naxçıvana geri dönmək isə möhtəşəmdir.
İlk növbədə, komandamı təbrik edirəm Azərbaycan çempionu olmaq bizim üçün çox böyük bir qürurdur. İl ərzində biz çox çalışdıq, çətin vaxtlarımız oldu, amma biz bir-birimizə güvəndik və bu uğura imza atdıq. Bu qalibiyyət yalnız meydanda oynayanların deyil, bütün məşqçilərimizin, azarkeşlərimizin və bizi dəstəkləyən hər kəsin qələbəsidir. Gələcək hədəflərimiz daha böyükdür və biz dayanmayacağıq. Çox sevincliyik, bu anı çoxdandır ki, gözlüyürdük. Finalda isə rəqibimiz "Azerrail" komandası idi. Oyunda bir az çətinlik çəkdik, geridə idik. Amma komanda olaraq ruhdan düşmədik. Biz bir-birimizi ruhlandırdıq və komanda kimi vuruşduq. 2-1 geri düşəndən sonra toparlandıq və son setdə gücümüzü göstərdik. 3-2 qalib gəldik. Həqiqətən, bu, bizim üçün inanılmaz bir hissdir. Hamıya, məşqçilərimizə, komanda yoldaşlarıma və bizi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Bu qələbə bizim hamımızındır.
Biz də "Möminə xatun" komandasına yolunuz açıq, uğurlarınız bol olsun deyib təbrik edirik.
Bülbül Quliyeva
Digər xəbərlər