İsti yay günlərinin əvəzolunmaz qidası – dondurma

Yay aylarında sərinləmək üçün ən çox aldığımız məhsullardan biri məhz dondurmalardır. Növbənöv, çeşidbəçeşid, rəngarəng qablaşmalardakı ləzzətli dondurmalar hansı yaşda olmasından asılı olmayaraq, hər kəsin sevərək qəbul etdiyi qidalardandır. Süddən hazırlandığı üçün bu məhsulun insan sağlamlığına bir çox faydaları var. Həmçinin insan əhvalının yaxşılaşmasında da dondurmanın rolu böyükdür.
Tarixi olduqca qədim olan dondurmanın 50-dən çox çeşidi var ki, bunlardan südlü, qaymaqlı, vanilli, qozlu, qəhvəli, meyvəli, giləmeyvəli və digərlərinin adını çəkmək olar. Xarici ölkələrdə ənənəvi şirin dondurma ilə yanaşı, həmçinin duzlu, istiotlu, qızarmış kartof, pendir, soğan, göbələk və fərqli dada malik dondurmalar da satılır.
Dondurmanın daha hansı faydaları var? Bəs bu ləziz təam hansı hallarda sağlamlığımıza zərər vura bilər? Suallarımızı Naxçıvan Muxtar Respublikası İctimai Səhiyyə Xidmətinin əməkdaşı həkim-dietoloq Büşranur Göktaş cavablandırdı. Əvvəlcə, dondurmanın faydalarından söhbət açan müsahibim deyir ki, dondurma yay aylarında sevilərək istehlak edilən, bir çox insan üçün həm zövq, həm də uşaq yaşlarından gələn nostalji ilə bağlı bir qidadır. Xüsusilə təbii süddən və keyfiyyətli inqrediyentlərdən hazırlanmış dondurma qida dəyəri baxımından faydalıdır. Kalsium, protein, A, D və B qrupu vitaminləri ilə bədəni təmin edə bilər. Az miqdarda qəbul edildikdə enerji verir, sinir sistemini sakitləşdirə bilir və xüsusilə uşaqlarda sümük inkişafı üçün faydalıdır. Eyni zamanda dondurma bəzən emosional rahatlıq da yaradır, çünki serotonin hormonunun ifrazını artıra bilir. Bu xüsusiyyətləri səbəbilə uşaqlarda düzgün miqdarda istifadə edildikdə həm psixoloji, həm də fiziki baxımdan faydalı ola bilər.
Dondurmanın sağlamlığa mənfi təsirlərindən bəhs edən müsahibim bildirdi ki, əgər dondurma çox miqdarda və ya tərkibi süni qatqılarla zəngin olan məhsullardan hazırlanıbsa, orqanizmə mənfi təsir göstərə bilər. Şəkərli diabeti olanlar, piylənmə ilə mübarizə aparan şəxslər, laktoza intoleransı olan insanlar, insulini düzgün tənzimlənməyən şəxslər üçün çox da məsləhət deyil. Eyni zamanda çox soyuq halda qəbul edilməsi boğaz iltihabına, anginaya və hətta mədə-bağırsaq spazmına səbəb ola bilər. Dondurma -18°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Əgər dondurma əridilib yenidən dondurulursa, mikroorqanizmlərin artması üçün şərait yaranır və bu, sağlamlıq üçün təhlükəlidir. Dondurma qablaşdırılmasında dəqiq göstərilən son istifadə tarixindən əvvəl istifadə olunmalıdır və açıldıqdan sonra mümkün qədər tez bitirilməlidir.
Bildiyimiz kimi, bu sərin desert uşaqların da ən sevdiyi məhsullardandır. Müsahibim qeyd edir ki, uşaqlara təmiz və keyfiyyətli məhsul seçilməlidir. Tərkibində əlavə boya, dadlandırıcı və konservantlar olmayan, süddən hazırlanmış dondurmalar uyğun sayılır. 2 yaşından yuxarı uşaqlara az miqdarda və gündəlik rasiona uyğun şəkildə verilə bilər. Ən uyğun vaxt günorta və ya nahardan sonra qəbul edilməsidir. Heç vaxt acqarına yeyilməməlidir, çünki bu, mədə-bağırsaq narahatlıqlarına səbəb ola bilər.
Müəyyən hallarda dondurma həm də müalicə məqsədilə də istifadə edilə bilər. Belə ki, boğaz əməliyyatı (tonsillektomiya) sonrası bəzi hallarda həkimlər dondurmanı təklif edirlər – bu, ağrını azaltmaq və qanaxmanı minimuma endirmək üçün edilə bilər. Lakin mədə və bağırsaq əməliyyatlarından sonra (xüsusilə mədəkiçiltmə, baypas və sair) bəzən tamamilə qadağan olunur, çünki şəkər tərkibi və soyuqluğu problem yarada bilər. Hər bir halda fərdi yanaşma vacibdir və əməliyyatdan sonra cərrah və dietoloqun tövsiyələri əsas götürülməlidir. Ev şəraitində hazırlanan dondurmalar, məsələn, qatıq və meyvə qarışığından hazırlanmış, şəkərsiz və banan əsaslı dondurmalar həm daha sağlam, həm də əlavə maddələrsiz olur. Dondurma düzgün və ölçülü istifadə edildikdə həm faydalı, həm də zövqlü bir qida ola bilər. Lakin hər bir fərdin sağlamlıq durumu nəzərə alınmalı, xroniki xəstəliklər, allergiyalar və həzm problemləri olan şəxslər üçün fərdi yanaşma tətbiq olunmalıdır. Unutmamalıyıq ki, miqdar və keyfiyyət – dondurma istehlakında əsas meyardır.
Qeyd edək ki, ilk dəfə dondurmanın kütləvi satışı 1786-cı il 10 iyun tarixdə başlanıldığından məhz bu gün “Beynəlxalq Dondurma Günü” kimi qeyd olunur.
Türkanə ƏSƏDOVA