NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Tarixin gözətçisi – Əlincəqala

...

Havanın buludlu və solğun olmasına baxmayaraq, günəş yenə də buludlar arxasından boylanmağa can atır, sanki yeni günə şölələri ilə rəng qatmağa çalışırdı. Ətraf sarı-qızılı rəngli dona bürünüb həvəslə yeni libasını gözləyir. “Ən gözəl rəssam Allahdır”, – deyirlər. Doğrudan da, İlahi qələmlə çəkilmiş təbiət məzərələrinə heyran olmamaq mümkün deyil. Qarşıdan Haçadağın buludlar arxasında gizlənmiş silueti görünür gözlərimizə. Necə əzəmətli, necə vüqarlıdır. Azca yaxınlaşsaq, yanına yetəcəkmişik kimi hiss edirik. Amma sanki biz getdikcə dağ da bizimlə bərabər gedir. Çata bilmirik. Yolumuz əsrlərin yadigarı Əlincəqalayadır. Əslində, uzun müddətdir, bura getmək istəsəm də, müəyyən səbəblərdən qismət olmurdu. Qismət bu günəymiş, – deyib düşdüyümüz yolun son mənzilinə – dağlar qoynunda məskən salan Əlincəqalaya çatırıq.
Ətrafa baxarkən diqqətimi ilk çəkən bir az aralıdakı kiçik təpədə böyük hərflərlə yazılmış “Qarabağ Azərbaycandır!” sözləri olur. Bu iki kəlmə məni o qədər xoşbəxt edir ki. Qarabağımızı yenidən bizə bəxş edən igidlərimizlə bir daha qürur duyuram. Buraya ayaq basdığımız anda bizi ilk qarşılayan balaca istirahət guşəsi olur. Bu guşədə ən sevdiyim şey isə soyuq günlərdə cana istilik gətirən çayın ən gözəl dad aldığı samovarlar idi. 
Ətrafa boylanıram. Gördüyüm mənzərə məni heyrətə gətirir. “Bura necə qalxacağam?” – deyə düşünmürəm desəm, yalan olar. Axı bu qədər pilləni qalxmaq elə də asan olmasa gərək. “Ya Allah”, – deyib düzəlirik yola. Səliqə ilə döşənmiş daşlar yolları həm insanlar üçün daha rahat edir, həm də buranın görünüşünə xüsusi bir ahəng qatır. Bir az aralıda qızılı rəngdə günbəzi olan bir bina diqqətimi çəkir. Yaxınlaşdıqda buranın “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi olduğunu görürəm. 2 iş otağı və ekspozisiya zalından ibarət olan muzeyin ekspozisiya zalında Ümummilli Lider Heydər Əliyevin “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdıqlarını göstərir” fikri öz əksini tapıb. Burada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan nümunələr Əlincəqalanın qədimliyindən xəbər verir. 
Naxçıvanın və Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitablar, məqalələr, qalanın bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri də nümayiş etdirilən eksponatlar sırasındadır. Buradakı saxsı qab və çıraqlar, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları Azərbaycanda sənətkarlıq ənənələrinin də qədim dövrlərdən formalaşdığını sübuta yetirir. Muzeydən ayrılıb yolumuza davam edirik. Pillələri bir-bir qalxdıqca bayaqdan əlçatan olan hər şeyi geridə qoyuruq. 
Sıldırım qayaların üzərində bir qaraltı gözümə dəyir. Diqqətlə baxdıqda bunun iki dağ keçisi olduğunu görürəm. Yaşamaq üçün özünə buraları məskən seçmiş bu heyvanlar bir andaca gözlərimiz önündə yox olur. Yolumuza davam edirik. Arabir nəfəslənsək də, yenidən ayağa qalxır, tarixi məkana çatmağa tələsirik... 
Sanki külək vıyıltısında top səsləri eşidilir, qayalar dil açıb qalanın yenilməzliyindən danışır: Uzun illər mühasirədə qaldı, yeri gəldi uçuruldu, yeri gəldi dağıdıldı, amma hər zaman dimdik dayandı. Neçə igid sığdırdı köksünə, neçə insana sığınacaq oldu. Hər çətinliyə dözərək əsrləri yola saldı bu qala. 
Pillələrlə irəlilədikcə daş lövhə ilə rastlaşırıq. Burada Əlincəqalanın I-V əsrlərə aid olduğu qeyd olunub. İlkin forması saxlanılmaqla təmir olunmuş qala divarları, bürc və giriş qapıları bu qədim məkanın ruhunu daha aydın əks etdirir. Ən qədim dastanımız Kitabi-Dədə Qorqudda belə adıçəkilən və möhkəm istehkam kimi təsvir olunan bu qala tarixin bizə əmanətidir. Xalqımızın əyilməzlik simvolu olan qala 14 il ərzində Əmir Teymurun hücumlarına məruz qalmış, hər dəfəsində qəhrəmanlıqla müqavimət göstərmişdir. Hələ də mübarizənin izlərini özündə daşıyan qalanın zirvəsinə çatmağımıza az qalıb. 
Bu qayaların üzərində əsrlər əvvəl zülmün qarşısında diz çökməyən bir insan dolaşıb. Bu insan həqiqət carçısı Fəzlullah Nəimidir. Burada onun cahana sığmayan mübarizəsi canlanır gözlərimiz önündə. İsti nəfəsi hopub sanki qala divarlarına. İnsana və onun qüdrətinə dəyər verən, onu xüsusi qiymətləndirən Nəimi sanki hələ də hayqırır:    …Bizdən alır əmri cümlə aləm,
 Bizdən doğulub sevinc ilə qəm. 
 Sellər yaranıbdı qətrəmizdən, 
 Min məna olundu bir sözə cəm…

Miranşahın əmri ilə bu qalada həyatına son verilən Nəimi Əlincə Xanəgahı deyilən yerdə dəfn edilmişdir. Bu yer bu gün Culfa rayonundakı Xanəgah kəndidir.
Qalaya çatırıq. Zirvədə ucaldılmış, qürurla dalğanan üçrəngli bayrağımız min illərin küləyi ilə rəqs edərkən Vətənimin keçdiyi ağır günləri xatırlayıram və bu ağır sınaqlardan necə üzüağ, alnıaçıq çıxdığımızı.
Qalada qazıntılar zamanı yaşayış və ictimai məkanlar, tövlə, anbar, təndir, ovdan, yeraltı su xətləri və sair aşkar edilmişdir. 
Yüksəkdə bir daş üstündə əyləşib bu gözəl mənzərəyə tamaşa edirəm. Bu mənzərə sanki bir rəssamın böyük səbir və sevgi ilə çəkdiyi tabloya bənzəyir: mavi səma, nazik bir örtük kimi təpələri saran buludlar, göy üzündə qanad çalan quşların nəğməsi… İnsan belə gözəllikləri görməkdən doyarmı heç?!
Artıq yorulsaq da, bu yerə gəlib çatmağın, bu gözəlliklərə şahid olmağın haqlı qürurunu yaşayırıq. Amma hələ oturmaq vaxtı deyil, daha bizi gözləyən pillələr var. Bir müddət sonra sayını itirdiyim bu pillələr bizi zirvəyə aparır. Buradan qalanın möhtəşəm mənzərəsini, yaxınlıqda yerləşən kəndləri seyr edirik. Bu anda iki qartal başımız üstündə pərvazlanır. Nəyi sübut etmək istəyir bizə bu qartallar? Zirvələrin onlara məxsusluğunumu, yoxsa qartal görünümlü Vətənimin daim azadlığa qanad açdığınımı? 
Tarixi məkandan ayrılmağın vaxtıdır artıq. Burada keçmişin qoxusunu, bu günün nəfəsini, gələcəyin səsini duyduq. Həvəslə qalxdığımız pillələrlə geriyə qayıdarkən bütün bunları arxada qoysaq da, bir şeyi yenidən dərk edirik ki, bu qala daha neçə əsrlər Vətənimin qədimliyini, mübarizliyini, toxunulmazlığını sübut edən abidə kimi dağlara nəzarət edəcək.  

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 20.12.2025 15:48