NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Naxçıvanın maarifçi qadını – Nazlı xanım Nəcəfova

...

Elm, təhsil hər bir dövrdə xüsusi önəm kəsb etmiş, bütün çətinliklərə baxmayaraq, insanlar maariflənməyə can atmışlar. Bu yolda ziyalılarımız əllərindən gələni əsirgəməmiş, xalqımızın, millətimizin hərtərəfli inkişafına dəstək olmuşlar. Belə şəxslərdən biri də Nazlı xanım Nəcəfova (Tahirova) idi. O, Naxçıvanın köklü maarifçilik ənənələrinin görkəmli nümayəndələrindən biri kimi tariximizdə xüsusi yer tutmuş, XX əsrdə muxtar respublikada qızların təhsil alması yönündə mühüm addımlar atmışdır. Nazlı xanımın həyat və fəaliyyətini geniş şəkildə tədqiq edən tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin araşdırmalarından da məlum olur ki, H.Z.Tağıyevin Bakıda açdırdığı müsəlman Şərqinin ilk Qızlar Seminariyasının ilk məzunlarından olan Nazlı xanım 1890-cı ildə Naxçıvanda dünyaya göz açıb. Naxçıvanın sayılıb-seçilən nəsillərindən biri olan Tahirovlar sülaləsinin üzvü idi Nazlı xanım.

Tarixi məlumatlara görə, onların ulu babası Naxçıvan xanlığının vəziri olmuşdur. Həmçinin aparılan tədqiqatlar təsdiq edir ki, Tahirovlar Kəngərli tayfasına mənsub idilər. Qardaşı Yusif bəyin onu Qızlar Seminariyasına aparması ilə Nazlı xanımın təhsil həyatı başlayır. Hər zaman oxumağa xüsusi marağı olan və dövrün görkəmli ziyalılarından dərs alan Nazlı Nəcəfova elmi biliklərə yiyələnərək seminariyanı 1907-ci ildə yüksək qiymətlərlə bitirmişdir. Qızların təhsilə cəlb olunmasında böyük fədakarlıqlar göstərən H.Z.Tağıyev məktəbin ilk məzunlarına hədiyyə olaraq Nikolayın bir ədəd qızıl onluğunu təqdim etmiş, Nazlı xanım bu onluğu medalyon halına gətirərək boynunda daşımışdır. M.Quliyevin Nazlı Nəcəfova haqqında qələmə aldığı “Unudulmaz maarif fədaisi – Nazlı xanım Tahirova” məqaləsində də qeyd etdiyi kimi: Cəlil Məmmədquluzadənin “Qızım, sən təhsil almısan, qadınların gözünü açmağa çalış, cəsarətli ol, heç nədən qorxma!..” sözlərindən ilham alaraq bu işi özünün həyat amalına çevirmişdir Nazlı xanım.

1909-cu ildə ilk dəfə İrəvanda müəllim kimi fəaliyyətə başlayan ziyalı şagirdlərə elmin sirlərini öyrətmiş, lakin ailəsinin Naxçıvana köçməsi səbəbindən buraya qayıtmış və çətinliklərə baxmayaraq, ilk qızlar məktəbinin açılmasına nail olmuşdur. Qızların məktəbə getməsinin hələ də qəbul edilmədiyi bir dövrdə məktəb açmaq böyük cəsarət tələb edirdi. Lakin bütün bunlar Nazlı xanımı qorxutmur, əksinə, daha bərk sarılırdı ümidlərinə. Cəhalət, gerilik qızların təhsil almasına mane olsa da, o bütün təhlükələrə rəğmən ev-ev gəzərək ailələri maarifləndirir, qızların gələcək həyatında təhsilin necə mühüm rola malik olduğunu izah edir, geniş söhbətlər aparırdı. Maarifçi diplomat Nəcəfqulu Nəcəfovla ailə qurduqdan sonra onsuz da həyatı mübarizələrlə dolu olan xanım 1937-ci ildə həyat yoldaşı güllələndikdən sonra daha qaranlıq günlər yaşayır. Müxtəlif illərdə Qazaxıstanda, Göyçayda sürgündə olan Nazlı xanım övladlarından ayrı düşməyin ağrı-acılarını yaşadığı o dövrlərdə belə əqidəsindən dönmür, biliyini gənclərdən əsirgəmir. Stalinin ölümündən sonra nəhayət doğma yurduna – Naxçıvana qayıtmağa müvəffəq olan Nazlı xanım burada müəllimlik fəaliyyətini davam etdirir.

Artıq yaşadığı çətin zamanların mükafatını almaq vaxtı idi. Uzun illərki zəhmətinin qarşılığı olaraq Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 13 noyabr tarixli Fərmanı ilə “Naxçıvan MSSR-in Əməkdar məktəb müəllimi” adına layiq görülür.

1977-ci ildə doğma Naxçıvanda gözlərini dünyaya əbədi yuman və elə doğulduğu Naxçıvan şəhərində dəfn edilən ziyalı xanım 87 illik ömür yolunda bir çox çətinliklərlə, itkilərlə, sürgünlərlə üzləşsə də, adını ölkəmizin maarifçilik tarixinə qızıl hərflərlə yazdırır. Onun dərs dediyi şagirdlər ölkəmizdə elm sahəsində xüsusi yerə və rola malik olan şəxsiyyətlər kimi formalaşaraq qürur mənbəyimizə çevrilmişlər.                                     

Bu gün Nazlı xanımın soyundan olan ailə üzvləri dövrün ziyalıları kimi yetişərək maarifçi xanımın yolunu uğurla davam etdirirlər. Nazlı xanımın nəticəsi, Prezident mükafatçısı Cabbar Hüseynli hazırda Naxçıvan Dövlət Universitetində magistr təhsili alır.

Bəli, insan gördüyü işlərlə yadda qalır. Nazlı xanımın qızların təhsili sahəsində gördüyü işlər əvəzolunmazdır. Onun həyatı bir insanın yox, bir dövrün, bir xalqın, cəsur Azərbaycan qadınının maarifçilik mübarizəsinin simvoludur. Yaşadığı dövrün hər bir çətinliyinə sinə gərərək çoxlarının yoluna işıq salan Nazlı xanım bu gün də qürurla anılır.

135 illik yubileyini qeyd etdiyimiz bu günlərdə onun mübarizələrlə dolu həyat yolunu gənclərə tanıtmaqdan şərəf duyur, uğruna ömrünü verdiyi qızlarımızın təhsil almaqla ziyalı şəxsiyyətlər kimi formalaşaraq Vətənə, millətə xeyirli övladlar kimi böyümələrini diləyirik.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 26.11.2025 14:56