NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Nehrəm qəsəbəsi uğurlu addımlarla sabaha irəliləyir

...

Fəslin sarımtıl-qızılı rənglərə boyadığı ağacların, topa-topa buludlarla əhatələnmiş mavi səmanın, artıq soyuq nəfəsini hiss etdiyimiz payızın küləkli günlərinin birində Babək rayonunun qədim tarixə malik olan Nehrəm qəsəbəsinə yola düşürük. Yolboyu gözəl təbiət mənzərələrini seyr edir, havasını udduğumuz, suyundan içdiyimiz doğma Naxçıvanımızın əsrarəngizliyinə bir daha şahid oluruq. Axı köksündə böyüdüyün Vətən torpağından əziz nə ola bilər? Günəşin dincələrək yorğunluğunu atdığı və yenidən öz vəzifəsinə qayıtdığı yeni bir günün sabahında yol aldığımız Araz çayının sol sahilində, Naxçıvan şəhərinə yaxın məsafədə yerləşən Nehrəm qəsəbəsinə çatmaq elə də çox vaxtımızı almır. 

Budur, artıq tarixi abidələri, ziyalıları, görkəmli şəxsiyyətləri və daha sadalamadığımız bir çox cəhətləri ilə ad qazanmış qəsəbədəyik. Yaşayış məntəqəsinə daxil olduğumuz andan bu yurd yerinin növrağı diqqətimizi cəlb edir. Burada gedən tikinti-quruculuq işləri isə Nehrəmin müasirliyindən – artıq qəsəbə deyil, şəhər görkəminə büründüyündən xəbər verir. Qədimliklə müasirliyin vəhdət yaratdığı bu qəsəbəni dolaşarkən insan keçmişlə bu gün arasında körpü qurur. Bir yandan tariximizi yaşayır, bir yandan da müasir dövrün nəbzini tuturuq. 
Yaşayış məntəqəsinin adı 1590-cı ildə Naxçıvan, 1728-ci ildə isə Qışlağat nahiyələrində qeydə alınıb. Filologiya elmləri doktoru, mərhum Adil Bağırov özündən əvvəlki tədqiqatlara əsaslanaraq təsdiq edir ki, Nuh Peyğəmbər ilk dəfə Naxçıvan ərazisində (Gəmiqayada) quruya çıxdığı zaman onun adamlarının məskən saldığı kəndlərdən biri də Nehrəm olub. Bu ad da Nuh Peyğəmbərin adı ilə bağlıdır. Digər tədqiqatçılara görə, “Nehrəm” adı “nəhr” sözündən götürülüb. Qəsəbənin belə adlandırılmasına səbəb isə Naxçıvançayla Əlincəçayın kəsişdiyi ərazidə, Araz çayının suyu bol olan hissəsində yerləşməsidir. 
Qeyd edək ki, dövlət başçısının imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” 2020-ci il 12 iyun tarixli Sərəncamına əsasən Nehrəm kəndi qəsəbə statusu almışdır. Qəsəbənin insanları da bu torpaq kimi doğma və səmimi olduğundan ilk görüşdən bizi mehriban qarşılayır, soraqlaşa-soraqlaşa Nehrəm bələdiyyəsinin də yerləşdiyi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasına yönəlirik. Gülər üzü, şirin ləhcəsi ilə bizi Nehrəm bələdiyyəsi sədrinin müavini, Babək rayon Ağsaqqallar Şurasının sədri Tofiq Abutalıbov qarşılayır. Onunla hal-əlval tutduqdan sonra bu gözəl yurd yeri haqqında suallarımızı 83 yaşlı Tofiq müəllimə yönəldirik. Ömrünü-gününü bu torpağa həsr edən Tofiq Abutalıbov deyir: “Nehrəm ən böyük yaşayış məntəqələrindən biridir. Hazırda qəsəbənin əhalisinin sayı 17 min 136 nəfərdir. Dövlətin diqqət və qayğısı sayəsində bu ilin ilk aylarında Nehrəm qəsəbəsində 3 min evə içməli su və kanalizasiya xətləri çəkilmişdir. Bu gün qəsəbədə 3 orta məktəb, 1 muzey, 1 musiqi məktəbi fəaliyyət göstərir. Məktəblərdən birində təmir işləri aparılır. Burada, həmçinin minifutbol meydançası da yaradılıb. Sakinlərin sağlamlıq problemlərinin uzağa getmədən, yerində həll edilməsi üçün hər cür şəraitlə təmin olunmuş xəstəxana və doğum şöbəsi də fəaliyyətdədir. Bu il Nehrəm qəsəbəsində 3 nömrəli məktəbin yanında 30 yerlik uşaq bağçasının tikintisi üçün yer ayrılıb”. 
Müsahibim deyir ki, Nehrəmin problemlərindən biri suvarma suyudur. Belə ki, Nehrəm Naxçıvan çayı və Əlincə çayından qidalanır, lakin məlum səbəbdən hər iki çayda su azaldığından insanlar yalnız Araz çayı üzərindən suvarma suyundan istifadə edir. Ölkə Prezidentinin qayğısı sayəsində bu gün Araz çay nasos stansiyasında yenidənqurma işləri həyata keçilir və artıq 9 kilometrədək məsafədə yeni su boruları çəkilmişdir. 
Əhalinin əsas məşğuliyyətinin aqrar sahə ilə bağlı olduğunu bildirən Tofiq müəllim deyir ki, burada insanlar daha çox bitkiçilik və heyvandarlıqla məşğul olurlar. Son illərdə 120 sahibkar yeni iş yerləri açmışdır. Bunlar arasında ictimai iaşə, ticarət, məşğulluq və sair üstünlük təşkil edir. Yaxşı haldır ki, artıq qadınları da ticarətin müxtəlif sahələrində fəaliyyət göstərirlər. 
Tofiq müəllimin sözlərinə görə, muxtar respublikada sahibkarlığın inkişafına hərtərəfli dəstək göstərilir. Burada yaşayan fermerlər güzəştli şərtlərlə kredit götürərək traktor, kotan, yedək, səpin, şum aqreqatları və sair alırlar. Bu gün Nehrəm bazarında bolluqdur. Buraya, hətta başqa yaşayış məntəqələrindən də məhsul gətirilir.
Nehrəmin keçmişindən söhbət açan müsahibim deyir ki, qəsəbə ərazisində bir çox qədim abidələrin olması buranın zəngin keçmişindən xəbər verir. Ermənilərin Naxçıvana hücumu zamanı Andronikin qoşunları  Nehrəmə hücum etmək istərkən hazırlıqlı olan nehrəmlilər onları topla, tüfənglə qarşılayır və bu hücumun qarşısını alırlar. Bu əsnada bir qadının dediyi şeirin iki misrasını  xatırlayır Tofiq müəllim:

     Yeri ha, yeri, a köpəy Andrey,
     Nehrəmlilər göydən quşu yendirey. 

Söhbətinə davam edərək bildirir: “O vaxt ağsaqqallar deyirdilər ki, qadınları, uşaqları məscidlərə yığan Nehrəm kişiləri onları gizlədiblər ki, özləri ölsələr də, onlar ələ keçməsin. Tofiq müəllimin bu sözlərini dinlədikcə Ulu Öndərin Nehrəm haqqındakı dəyərli fikirləri yadıma düşür. 1999-cu ildə Cəlil Məmmədquluzadənin ev-muzeyinin açılışı zamanı görkəmli dövlət xadimi Heydər Əliyev Nehrəm və onun insanlarına böyük rəğbətini bildirərək demişdir: “…Nehrəm qeyrətli insanlar kəndidir…Mən o kəndi həmişə sevmişəm... Elə bir C.Məmmədquluzadə kimi şəxsiyyəti dünyaya gətirdiyinə görə bu Nehrəm kəndi xüsusi hörmətə malikdir. Amma  tək bunlara görə yox.  Orada çox qəhrəmanlar yaşayıbdır həmişə. Oranın xüsusi  mühiti var”. 
Söhbət Cəlil Məmmədquluzadədən düşmüşkən dahi yazıçı və dramaturqun xatirə muzeyinə getməyə tələsirik. Cəlil Məmmədquluzadənin ömrünün müxtəlif illərində müəllimlik fəaliyyəti ilə məşğul olduğu Nehrəmdə onun və ailə üzvlərinin xatirələrini daşıyan muzeydə yazıçının çətinliklərlə dolu həyatı ilə tanış oluruq. 3 ekspozisiya zalından ibarət olan muzeydə 1126 eksponat qorunub saxlanır. Yazıçının dərs dediyi dövrlərdə istifadə etdiyi lövhə isə bu gün muzeyin ən gözəl guşəsində sərgilənir. 
Qəsəbəni gəzərkən dahi rəhbərin adını daşıyan park diqqətimizi cəlb edir. Qəsəbənin görkəminə xüsusi gözəllik qatan bu park 1 hektardan ibarətdir. Parkda insanların istirahəti üçün şərait yaradılıb. Parkın ortasında isə üçrəngli bayrağımız qürurla dalğalanır. 
Nehrəm görkəmli şəxsiyyətləri ilə yanaşı, igidləri ilə də ad qazanmış, Birinci və İkinci Qarabağ müharibələrində 15 şəhid vermişdir. Burada 1941-1945-ci illər müharibəsində həlak olanların ruhuna ehtiram əlaməti olaraq abidə yaradılmışdır. 
Nehrəm əhalisi dini etiqada sıx bağlı olduğundan qəsəbənin hər tərəfində bir məscidin yerləşdiyinə şahid oluruq. Öyrənirik ki, Nehrəmdə 13 məscid var və bunlardan bir neçəsi qədim tarixə malikdir. Güllü, Xəndək, Çaylaq, Hacı Mehdi kimi məscidlər dövrünün izlərini hələ də üzərində daşıyır. Burada yerləşən maraqlı, eyni zamanda qədim tikililərdən biri İmam Hüseynin nəvəsi Seyid Əqil ağanın məzarı yerləşən XVIII əsrə aid İmamzadədir. Tavanı müxtəlif formalı və rəngli ornamentlərlə bəzədilmiş bina bu gün də əhalinin ziyarət etdiyi müqəddəs məkanlardandır. Qəsəbədə həm də yas mərasimlərini keçirmək üçün mərasim evləri tikilib. 
Nehrəm savadlı həkimləri ilə də tanınır. Bu qədim yurd yerində yetişən həkimlər bu gün muxtar respublikamızda insanların sağlamlığı yönündə əllərindən gələni əsirgəmirlər. Belə həkimlərimizdən bir də uzun illərdir, öz sahəsində qüsursuz fəaliyyəti ilə seçilən Nehrəm Qəsəbə Ailə Sağlamlıq Mərkəzinin direktoru, Azərbaycan Respublikasının Əməkdar həkimi Hüseyn Niftəliyevdir: “Burada doğulmuş, burada boya-başa çatmışam. Nehrəmin dünəni ilə bu günü arasında yerlə göy qədər fərq var. Tozlu- torpaqlı, palçıqlı küçələr, təhsil tələblərinə cavab verməyən məktəb, burada fəaliyyət göstərən idarə və təşkilat binaları və digər çatışmayan cəhətləri görmüş, o günləri mən də yaşamışam. Bu, dünənin mənzərəsidir. Bu gün necədir bəs? Yəqin ki, Nehrəmdə olduğunuz bir neçə saat ərzində özünüz gördünüz. Onu da deyim ki, Nehrəmin inkişaf yolunun təməli Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə qoyulub. 1969-cu ildən ikinci dəfə hakimiyyətə gələndə bu qayğı daha yüksək səviyyədə davam etdirildi. İnsanlar da göstərilən belə diqqət və qayğı  hesabına doğma yurd yerinə daha möhkəm bağlandılar. 
Qeyd etdiyimiz kimi, qəsəbədə heyvandarlıq, əkinçilik, bostançılıq, bağçılıq xüsusi yerə sahibdir. Heyvandarlıq sahəsində uzun illər əmək sərf edən Cəfərqulu Babayevlə həmsöhbət oluruq. Öyrənirik ki, Cəfərqulu dayı və ailəsi heyvandarlıqla məşğul olur. Dədə-babadan bununla məşğul olduqlarını bildirən müsahibim çətin olmasına baxmayaraq, bu işi görməkdən zövq aldığını söyləyir. 10 hektara yaxın pay torpağının 8 hektarında taxıl, 2 hektarında yonca əkini həyata keçirən Cəfərqulu dayının ərik və göycə ağaclarından ibarət meyvə bağı da var. 
Dövlətin qayğısı ilə əhatə olunan təsərrüfatçı güzəştli şərtlərlə 15 illik kredit götürmüş, işini daha da böyütməyə müvəffəq olmuşdur. Min bir zəhmətlə saxladığı mal-qaranı satmaqla gəlir qazanan ailə, həmçinin pendir, qovurma kimi məhsulları həm də Bakıdakı ticarət obyektlərinə göndərməklə qazanc əldə edirlər. Necə deyərlər, zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir. Hər nə qədər əziyyətə qatlaşsalar da, bu gün əməyinin qarşılığını misli ilə görür Cəfərqulu dayı. Biz də, öz növbəmizdə, qonaqpərvərliyinə və səmimi söhbətinə görə Cəfərqulu dayıya və ailəsinə işlərində uğurlar arzulayırıq. 
Nehrəmdən xoş təəssüratlarla ayrılırıq. Qəsəbədə aparılan tikintilərə baxanda görürük ki, bu yaşayış məntəqəsi durmadan dəyişir, gözəlləşir, inkişaf edir. Hər tikilən ev, hər abadlaşdırılan küçə bu gözəl yurd yerinin sabaha daha uğurlu addımlarla irəlilədiyini göstərir. Əminik ki, neçə-neçə dahi şəxsiyyətlərin yurdu olan bu məkanda böyüyən gənclər özlərindən əvvəlkilərin yolunu davam etdirəcək, Nehrəmin şöhrətini daha da yüksəldəcəklər. Bura ilə vidalaşarkən bir duyğu bürüyür qəlbimizi – Bu Nehrəmin uğurlu gələcəyinə sonsuz inamdır. İnanırıq ki, bu yurd yeri gələn görüşlərdə daha fərqli bir görkəmdə bizi qarşılayacaq. O günədək isə hələlik.   

Türkanə ƏSƏDOVA 
 

Nəşr edilib : 06.12.2025 18:30